Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:27

ABŞ konqresmeni Azərbaycana səfər qalmaqalından qəzəblidir


Leonard Lance
Leonard Lance

ABŞ mətbuatı yazır ki, səfər zamanı konqresmenlərə qiyməti 10 min dollara çatan hədiyyələr - ipək şərflər, büllur çay dəstgahları və xalçalar bağışlanıb.

Nyu Cersi ştatının lehighvalleylive.com saytı yazır ki, 2013-cü ilin mayında Azərbaycana səfər etmiş 10 Konqres üzvündən biri olmuş Leonard Lance bu səfərin məxfi olaraq Azərbaycan hökuməti tərəfindən maliyyələşdirildiyi barədə xəbərdən qəzəblənib.

Ötən həftə “The Washington Post” qəzeti Konqresin Etika Ofisinin 70 səhifəlik məxfi hesabatını dərc edəndən sonra 10 konqresmeninin və 32 Konqres əməkdaşının Azərbaycana səfəri ilə bağlı ABŞ-ın siyasi dairələrində rüsvayçı qalmaqal yaranıb.

Bu hesabata görə, Azərbaycanın dövlət neft şirkəti SOCAR konqresmenlərin səfərini təşkil etmək üçün ABŞ-dakı qeyri-mənfəət qrupları vasitəsilə 750 min dollar ödəyibmiş.

Leonard Lance da daxil olmaqla 10 konqresmen Bakıda keçirilmiş konfransda iştirak ediblər.

“Mən qəzəbliyəm ki…”

Amma məsələ burasındadır ki, ABŞ qanunlarına görə xarici hökumətlər Amerikanın xarici siyasətinə təsir etmək cəhdi kimi Konqres üzvlərinin heç bir xərclərini ödəməməlidrlər.

Lance deyib ki, o və onun işçiləri səfərə qeyri-mənfəət Türk-Amerika Assosiasiyaları Şurasının dəvəti ilə gediblər, bu təşkilat isə Konqresin Etika Komitəsi tərəfindən “xeyir-dualanıbmış”.

“Mən çox hiddətli və qəzəbliyəm ki, bu təşkilat mənə və ya Konqresin Etika Komitəsinə səfərin əslində kim tərəfindən ödəndiyi barədə düzgün məlumat verməyib” – deyib Lance lehighvalleylive.com saytına.

Sayt yazır ki, adı çəkilən şura telefon zənglərinə cavab vermir. Sözü gedən hesabatda adları çəkilən daha iki təşkilat – Amerika və Avropalıların “Firizə” Şurası (Turquoise Council of Americans and Eurasians ) və Azərbaycan Dostları Assambleyasıdır (Assembly of the Friends of Azerbaijan).

Hədiyyələrdən əvvəl qaz borusu olub

“The Washington Post” yazmışdı ki, SOCAR bu tədbiri “dəstəklədiyi”nin məlum bir məsələ olduğunu və qeyri-mənfəət qrupunun bu barədə doğru olmayan məlumat verdiyini bildirib.

Qəzetin yazdığına görə, təhqiqat nəticəsində konresmenlərin bu səfər üçün pulu Azərbaycan höjkumətinin ödədiyindən xəbəri olmayıb.

Konqresmen Lance bildirib ki, səfər maarifçilik xaraktreri daşıyıb və nümayəndə heyətinə lobbi təsiri göstərilməyib.

Lakin “The Washington Post” qəzeti yazıb ki, SOCAR həmin tədbirdən bir il əvvəl Xəzər dənizindən qaz nəql etməli olan 28 milyard dollarlıq kəmərin İrana qarşı sanksiyaların təsirinə düşməməsi üçün lobbiçilik edib.

Konqres 2012 və 2013-cü illərdə, bu səfərdən əvvəl həmin layihənin sanksiyaların təsirindən istisna edilməsinə səs verib.

“Lazım gəlsə, cibimdən ödəyərəm”

“The Washington Post” bunu da yazmışdı ki, səfər zamanı konqresmenlərə qiyməti 10 min dollara çatan hədiyyələr - ipək şərflər, büllur çay dəstgahları və xalçalar bağışlanıb.

Konqresmen Lance deyib ki, o sırğa və xalça hədiyyələrini ev sahiblərinin xətrinə dəyməmək üçün qəbul edib. Lakin o əlavə edib ki, xalçanı tədbirin sponsorlarına qaytarıb, sırğaların pulunu isə səfərdən qayıdan kimi ödəyib.

Səfərin başqa iştirakçıları da hədiyyələri ya qaytardıqlarını, ya da etika qaydalarına uyğun olaraq bəyan etdiklərini bildiriblər.

Lance həmçinin bildirib ki, hazırda məsələni araşdıran Etika Komitəsinin təhqiqatı ilə əməkdaşlıq edir və lazım gələrsə, həmin səfərin xərcini cibindən ödəməyə hazırdır.

Azərbaycana səfərə gələn digər ABŞ millət vəkilləri Jim Bridenstine (R), Yvette D. Clarke (D), Danny K. Davis (D), Rubén Hinojosa (D), Sheila Jackson Lee (D), Michelle Lujan Grisham (D), Gregory W. Meeks (D) və Ted Poe (R), habelə o vaxt respublikaçı olan Steve Stockman olublar.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG