Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:18

- "Ərəbliniskinin üzüyünün məsələsini bilirsən də?.."

"Hər tamaşadan sonra teatra borcları olanda çıxardıb üzüyünü girov qoyar, pulu ödədikdən sonra üzüyünü geri alarmış."

Azad Qaradərəli

MƏNİM ÜZÜYÜM

Kaş insan bir on il əvvəli görə biləydi...

...2011-ci ilin soyuq payız günü idi. Rəhim Əliyev, Rafiq Tağı və mən Nərimanov metrosunun həndəvərindəki çayxanalardan birində əyləşmişdik.

Rafiq Tağı

Rafiq Tağı

Rəhimlə mən pivə, Rafiq çay içirdi. Ordan-burdan danışıb gəlib çıxdıq artıq sözdən reallığa çevrilməkdə olan “Yazı” dərgisinin üzərinə.

Rəhim bir il sıxıntı çəkəcəyimizi dedi. Əlbəttə, söhbət maliyyə sıxıntısından gedirdi.

Rafiq isə həmişəki kimi ümidverici sözlər söylədi: hərəmizinbir-iki imkanlı dost-tanışı var, çətin də olsa, ağız aşmaq olar bu iş üçün, dedi. Rəhim kəsə danışdı: adama əllidən-yüzdən qoyub yola verərik...

Rəhim Əliyev

Rəhim Əliyev

Və qəfil üzünü mənə tutdu:

- Ərəbliniskinin üzüyünün məsələsini bilirsən də?..

- Bilirəm, - deyib fikrə getdim. Düzü, o anda dostlarımın barmaqlarına baxdımmı, baxmadımmı, yadımda deyil. Amma özümün on barmağımın onunu da qabağa uzadıb gülümsündüm: onu da boş idi. Zatən mənim üzüyüm olmadı ki heç...

Ərəblinski

Ərəblinski

...Deyilənə görə, böyük səhnə fədaisinin barmağında bahalı bir üzük varmış. Hər tamaşadan sonra teatra borcları olanda çıxardıb üzüyünü girov qoyar, pulu ödədikdən sonra üzüyünü geri alarmış. Rəhim buna işarə edirdi bayaq...

Mənim üzüyüm ona görə olmadı ki, bizim ailə qurduğumuz illərdə (1980) yaşadığımız kənd-kəsəkdə kişilərin üzük taxmasına yaxşı baxmırdılar.

O zamanın əyalət təfəkkürünə görə kişi ancaq ağır işlərə qol qymalı, ot biçməli, odun doğramalı, tüfəng atmalı, at minməliydi. Üzük, sair daş-qaşlar qadına aid idi. Sizə qəribə görünər, amma mən bu gün də o fikri bölüşürəm.

Belə olmasaydı, sonrakı illərdə özümə üzük alardım, yaxud başqalarının mənə bu əşyanı bağışlamasına etiraz etməzdim. (Belə cəhdlər bir neçə dəfə olmuşdu. Hətta həyat yoldaşım özü belə, mənə qızıl üzük almaq istəmişdi müəllimlik maaşıyla...)

...- Yaxud adamın mülkü-zadı olardı, indi bu dərginin xatirinə satardı onu...

Bunu da Rafiq deyir. Və yadıma neçə il əvvəl rəhmətə getmiş anam düşür.

Əvvəllər yaşadığımız məhəllədə ikinci mərtəbədə çox kiçik, darısqal bir otağımız vardı.

Uzunluğu dörd metrəcən olsa da, eni az idi: iki metr ola, olmaya. Amma qabağında balkonu vardı. Hərdən axşam sərini çıxıb orda sərinləyər, çay içərdik.

Mənim bəzən o otaqcaya çəkilməyim olurdu. Orada saatlarla “gizlənərdim”: ya düşünər, ya da mütaliə edərdim. Amma təmiri yaxşı olmadığından quşum qonmurdu bura.

Düşünürdüm ki, təmir etdirən kimi buranı iş otağı edəcəm. Amma olmadı. Anam burda namaz qılmağa başladı və bir az sonra elə oradaca saatlarca dincələr, aşağı az düşərdi.

Tezliklə oranı təmir də etdirdim. Amma “anamın əlindən ala bilmədim.” Arvadın gözü tutmuşdu oranı... Hətta tezliklə uşaqlar ora “nənəmin otağı” deməyə başladılar...

...Çox keçmədi, ailəmizin bu məhəllədəki evini satdım (bura ümumi həyət idi) və torpaq sahəsi alıb ev tikdim. Anamın o kiçik balkonlu otaqcasını satmağa isə əlim gəlmədi. (Artıq anam rəhmətə getmişdi.)

Bu günə qədər həmin otaqca qalır o məhəllədə. Hərdən ora gedir, saatlarla anamın əlləri toxunan o divarları oxşayıram...

Bu dünyada mənim gümanım gələn yeganə “mülküm” oradır – anamın otağı. Nə kirayə verə bilirəm, nə satmağa cürətim çatır...

"Yazi" ədəbiyyat jurnalının ötən saylarının biri

"Yazi" ədəbiyyat jurnalının ötən saylarının biri

Bu il “Yazı”nın 15-ci sayını buraxmaqda zorlandım bir az.

Dostlarım Rəhimlə Rafiqin söhbəti yadıma düşdü. Biri üzükdən danışmışdı, o biri mülkdən...

İndi anam da, Rafiq də həyatda yoxdurlar. Rəhim isə...

Amma dərginin ətrafında bu gün geniş potensiala malik gənclər toplaşıb. Hər mənada “Yazı”ya dəstək olurlar...

Hə, dostlar! Zalım dostlar!

Bu il ilk dəfə o məhrəm guşəni – anamın xatirələri yaşayan balaca otaqcanı satmaq istədim... Axı heç mənim üzüyüm də yoxdur...

XS
SM
MD
LG