Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 02:20

-

"Qubada bir ev sahibi var, evində üçulduzlu şərait yaradıb, qonağa hamam xələtinə qədər verir”

Yay tətilində iki-üç gün havasını dəyişmək istəyənlər xaricə gedə bilmirlərsə, Azərbaycanın Bakıya nisbətən yaxın bölgələrinə üz tuturlar.

İndi Qəbələ, Qusar, Quba, Oğuz kimi cəlbedici turizm bölgələri otel sarıdan korluq çəkmir, ancaq heç də hər kəsin gecəsi azı 50-60 manata bu otellərdə qalmağa imkanı yetmir.

Bakıda orta məktəblərin birində müəllimə işləyən İlhamə Məmmədova kimi.

O, ailəsi ilə birgə Qubanın kəndlərindən birinə 2-3 günlük istirahətə gedib və ailəvi istirahət mərkəzində qalıb:

“Gecəsi 25 manata, görkəmsiz bir otaq idi. Hamam-tualetinin şəraiti də o qədər yüksək deyildi. Pərdələr çox pis gündəydi. Ancaq ən ucuz elə buranı tapdıq. Kimin imkanı vardı, bir az yaxşı yer axtarırdı. Biz də maraqlandıq, gecəsi 40 manata idi”.

İlhamə Məmmədova deyir ki, otağa yalnız gecədən-gecəyə girirdilər. Onun sözlərinə görə, manqal, mətbəxdən, samovardan istifadənin də hərəsinin öz qiyməti olub.

Müsahibimiz əlavə edir ki, kənddə onlara südün 1 litri 2 manata, xamanın 200 qramı 4 manata təklif olunub: “Yemək-icməyi də nəzərə alsaq, gün 100 manata başa gəlirdi. Çox bahadı, adamın gücü çatmır”. (Ardı aşağıda)

“Kəndin yolu elə gündədir ki”

Yayı Göygöl rayonunun Toğana kəndində keçirən 4 nəfərlik Əliyevlər ailəsi də bir kənd evində 1 otaqda gecəsi 20 manatdan qalır. Otağı 20 günlük kirə ediblər, hamam-tualet həyətdədir.

Müsahibimiz əlavə edir ki, kənddə onlara südün 1 litri 2 manata, xamanın 200 qramı 4 manata təklif olunub.

Dilarə Əliyevanın sözlərinə görə, əslində şərait əl verməsə də, məcburiyyətdən burda qalmalı olublar ki, məktəbyaşlı uşaqları bir az havalarını dəyişsinlər:

“Uşaqların əylənməsi üçün də heç bir yer yoxdur. Bura da dağlıq olduğundan uşaqlar heç futbol da oynaya bilmirlər. Kəndin də yolu elə gündədir ki, bir maşın keçəndə bütün toz-torpaq içində olursan. Daha evdə demişəm, gələn il 10 gün qalaq, amma normal yerə gedək, məsələn, Gürcüstana”.

İnternetdə təkliflər

Azərbaycanda indi kirayə verilən kənd evlərini internet vasitəsilə də tapmaq olar. Bölgədən asılı olaraq qiymətlər dəyişir. (Ardı aşağıda)

“Səyyah.az” saytındakı elanları incələyəndə iki nəfərlik otağın aşağısı 15, yuxarısı 100 manata təklif edildiyini görmək olar. Çox nadir halda, günlük kirayəsi təxminən 50-60 manata təklif edilən evdə internet, paltaryuyan maşın, mətbəx ləvazimatı və s. əşyalar var. Əksər elanlarda otaqda iki çarpayı, peyk antenalı TV və həyətdə manqalın mövcudluğu, hamam-tualetin həyətdə yerləşməsi və kafelli olmağı vurğulanır.

Gürcüstanda 15 dollarlıq fərdi ev 3-4 ulduzlu otel səviyyəsində

Bir çox azərbaycanlının daimi istirahət yerinə çevrilən Gürcüstan bölgələrində də fərdi evlər təklif edilir. Bu təkliflərin hər birində evlərin yüksək komfortlu olması, kondisionerlə, paltaryuyan, qabyuyan maşınlarla, TV-internetlə təchiz edildiyi vurğulanır. Günlük kirayə qiyməti 15 dollardan 50-60 dollara qədər dəyişir.

Azərbaycanla müqayisədə xeyli imkansız olan, daha az maaş, pensiya ilə dolanan gürcü ailəsi turisti razı salmaq, müştərisiz qalmamaq naminə dəridən-qabıqdan çıxır.

Hətta Gürcüstanın kəndlərində belə komfortlu evlər təklif edilir. Azərbaycanla müqayisədə xeyli imkansız olan, daha az maaş, pensiya ilə dolanan gürcü ailəsi turisti razı salmaq, müştərisiz qalmamaq naminə dəridən-qabıqdan çıxır.

Bu günlərdə Gürcüstanın sərhədyanı bölgəsində dincəlmiş Kərimovlar ailəsi danışır ki, 3 nəfərlik ailəyə təxminən 20 manata (45 lari) kirayələdikləri evin şəraiti Tbilisidə 25-30 manata (50-70 lari) qaldıqları hostellərlə eyni imiş. Evin yaxşı təmirli hamam-tualeti, interneti də varmış.

“Bilirsiz, kənd yerinin şəraiti necə olur…”

Şəkinin Kiş kəndində evini gündəlik kirayə verən İlhamə Hüseynova AzadlıqRadiosuna müsahibəsində deyir ki, otaqlar yaxşıdır: “Amma bilirsiz də, rayon, kənd yerində şərait necə olur. Otaqlar pis deyil, amma hamam-tualet həyətdədir, həyətyanı sahə var”. (Ardı aşağıda)

İlhamə Hüseynova deyir ki, o, bu işlə ciddi məşğuldur və artıq içində hamam-tualeti olan ikimərtəbəli, 8 otaqlı ev tikib, amma mətbəx yoxdur. Onun sözlərinə görə, evin yaxınlığında yeməkxana və çayxana tikiblər, arzu edənlər orda nahar-şam edə bilər. Bir gecənin qiyməti isə 20-25 manatdan başlayır.

“Qiyməti otellər tənzimləyir”

Ev sahibi görür ki, yaxınlıqdakı otel gecəsini 100 manata verir, o da kirayəsini 40-50 manat müəyyənləşdirir.

“Səyyah.az” saytının redaktoru Əli Əhmədov deyir ki, hər gün onlarla kirayə elan alıb sayta yerləşdirirlər. Onun sözlərinə görə, bölgələrdə turizm obyektlərinin artması kənd evlərinin də kirayə verilməsi təklifini artırır:

“Məsələn, sizə bir şey deyim, Şahdağ turizm mərkəzi açılanda ora o qədər axın oldu ki, otellərdə yer olmadı, geri qayıtmaq istəməyən yerli turistlər ərtafdakı kəndlərdə yer axtardılar. Kənd camaatı da bunun sərfəli olduğunu gördü”.

Əli Əhmədov deyir ki, kənd evlərinin sahibləri kirayə haqqını bölgədəki otellərə nisbətdə tənzimləyirlər: “Ev sahibi görür ki, yaxınlıqdakı otel gecəsini 100 manata verir, o da kirayəsini 40-50 manat müəyyənləşdirir. İstirahətə gedən şəxs də düşünür ki, onsuz da oteldə bir səhər yeməyi yeyəcəkdim, günorta-axşam yeməyi öz cibimdən olacaq, ondansa, elə gecəsi 40-50 manata qalım. Belə müqayisə imkanı olmayan kəndlərdə qiymət nisbətən ucuz olur”. (Ardı aşağıda)

Müsahibimiz əlavə edir ki, bəzi yerlədə evini günlük kirayə verən ev sahiblərinə təlim də keçirlər, turistlə davranışdan tutmuş, evini müasir tələblərə uyğun təchiz etməyə qədər hər şey öyrədilir.

“Qubada bir ev sahibi var, evində üçulduzlu şərait yaradıb, qonağa hamam xələtinə qədər verir”, deyən Əli Əhmədov ona da diqqət çəkir ki, kəndlərdə sosial-mədəni infrastrukturla bağlı problemlər var:

“Bunun da səbəbi odur ki, koordinasiya yoxdur, yəni bələdiyyə, yerli icra hakimiyyəti görəndə ki, kəndə çoxlu turist gəlir, o zaman kənddə hansısa tədbirlər təşkil etməlidir. Elə ev sahibləri var ki, özləri çalışırlar ki, nəsə fikirləşib tapsınlar”.

Günün bütün mövzuları

XS
SM
MD
LG