Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 00:15

-

“Təxminən 10 gün qabaq su içəndən sonra özümü çox pis hiss etməyə başladım”.

Bunu Mingəçevirdə qaçqın və məcburi köçkünlər üçün şəhərcikdə yaşayan Əntiqə Zeynalova AzadlıqRadiosuna müsahibəsində deyir.

Onun sözlərinə görə, həmin gün qəsəbəyə 10-dan çox təcili yardım maşını gəlib: “Bir gecədə 10-dan çox təcili yardım gəldi, nəvəm də bizdəydi, onun da halı pisləşmişdi. Avropa Oyunları zamanı gələn bəzi turistlər qəsəbədə qalırdı, onların yaşadığı yerə yazıb yapışdırmışdılar ki, sudan içmək olmaz. Amma bizə belə xəbərdarlıq edən yox idi. Elə hamı içirdi. İlk gün çox adam belə vəziyyətə düşəndə hamı şübhələndi ki nə baş verir?”

Mingəçevirdəki şəhərcikdə 10 doqquzmərtəbəli bina var. Əntiqə Zeynalova qəsəbədə təxminən 500-ə qədər məcbur köçkün ailəsinin yaşadığını deyir.

“Elə qatıq içirdim, qaytarırdım”

Qəsəbədə yaşayan digər sakin Gültəkin Xudiyeva da bir neçə gün halsız vəziyyətdə qalıb:

“O qədər öyüyürdüm ki, deyirdim, az qala mədəm düşəcək. Çox pis günə düşdüm. Əvvəl fikirləşdim ki, qarpızdandı, amma sonra gördüm ki, mənimlə qarpız yeyənlərin heç birinə heç nə olmadı. İlk vaxt sudan olduğu ağlımıza da gəlmirdi. Elə qatıq içirdim, qaytarırdım”.

Onun sözlərinə görə, suyu heç qaynadıb içmək də məsləhət deyil, çünki suyu qaynadıb içənlərdə də eyni fəsadlar yaranıb.

Əntiqə Zeynalova deyir ki, bir gecədə təcili yardıma 28 zəng olandan sonra Səhiyyə Nazirliyinin qaynar xəttinə zəng ediblər: “Nazilrikdən gəldilər, sudan nümunə götürdülər. Bizə dedilər ki, suda mikrob var”.

“Hərə əlinə bir kanistr alıb evə su daşıyır”

Avropa Oyunları zamanı gələn bəzi turistlər qəsəbədə qalırdı, onların yaşadığı yerə yazıb yapışdırmışdılar ki, sudan içmək olmaz. Amma bizə belə xəbərdarlıq edən yox idi.

Camaat güman edir ki, qəsəbədəki içməli su anbarının suyunu dəyişəndən sonra ora texnki su qarışıb. Sakinlər də bilmədən bu suyu içiblər: “İndi hərə əlinə bir kanistr alıb gedir şəhərin özündən su gətirir. Qəsəbəyə gələn suyu içməyi dayandırandan sonra camaatda qusma halı dayanıb”, - Əntiqə Zeynalova deyir.

Qəsəbənin tibb məntəqəsinin həkimi Şərafət Mirzəyeva da təsdiqləyir ki, sakinlər arasında kütləvi halsızlıq, qusma halları müşahidə edilib. Onun sözlərinə görə, Mingəçevir şəhər Sanitariya və Epidemologiya Mərkəzindən gəlib sudan analiz götürüblər. Ancaq hələ ki nəticə ilə bağlı onlara bir məlumat verilməyib.

Şərafət Mirzəyeva deyir ki, olayla bağlı Mingəçevir səhiyyə idarəsini də məlumatlandırıb.

Hələ ki, qəsəbədəki su anbarından götürülən nümunədə nə aşkarlandığı barədə rəsmi məlumat verilməyib.

Sakinlər deyirlər ki, sudan analiz götürüləndən sonra yerli icra strukturlarından gəlib onlarla maraqlanan yoxdur.

«SU NORMADADIR»

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov AzadlıqRadiosuna deyir ki, hal-hazırda Mingəçevirin su-kanalizasiya sistemində yenidənqurma işləri aparılır:

«Həm Avropa Oyunları, həm də sonra şəhərin su anbarlarından götürülən su nümunələrinin analizi göstərib ki, içməli su normalara cavab verir».

Ziyəddin Kazımov məcburi köçkünlərin yaşadığı şəhərciyin su anbarından götürülən nümunədə hər hansı xoşagəlməz halın aşkarlanmadığını söyləyir.

Şəhərciyin sakinləri isə deyirlər ki, xəstələnmələrinə səbəb anbarından gələn su deyilsə, niyə o sudan içməyi dayandırandan sonra fəsadlar aradan qalxıb?

Günün bütün mövzuları

XS
SM
MD
LG