Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 12:00

Müstəqil Redaktorlar Birliyi təsis edildi…


Təsisçilər deyirlər ki, onların yaratdıqları qurum Redaktorlar Birliyinə alternativ deyil
Təsisçilər deyirlər ki, onların yaratdıqları qurum Redaktorlar Birliyinə alternativ deyil
Azərbaycanda hazırda Redaktorlar Birliyi adlı qurum fəaliyyət göstərir. Belə olan təqdirdə Müstəqil Redaktorlar Birliyinin yaradılması hansı zərurətdən irəli? Yeni yaradılan Müstəqil Redaktorlar Birliyinin təsisçilərindən «Yeni Çarx» qəzetinin redaktoru Aqil Ələsgərli deyir ki, onların məqsədləri jurnalistlərin hüquqlarını müdafiə etməkdir. Müstəqil Redaktorlar Birliyinin təsisçiləri hesab edirlər ki, Redaktorlar Birliyinə daxil olan qəzetlər daha çox öz problemlərinin həllinə çalışdıqlarından jurnalistikanın ümumi problemləri yaddan çıxıb. Yeni qurumun təsisçilərinin düşüncəsinə görə, Azərbaycan jurnalistikası siyasətçilərin nəzarəti altındadır. Yəni bəzi mətbu orqanları hakimiyyətin, bəziləri də müxalifətin maraqlarına xidmət edir. Aqil Ələsgərli deyir ki, bu yeni yaradılan təşkilat məhkəmə çəkişmələrində jurnalistlərin hüquqlarını qorumaqla yanaşı, onların mənzil və ya başqa maddi problemlərinin həllinə də çalışacaq. Ancaq, onların fikrincə, kütləvi aksiyalar keçirmək, siyasi tələblər səsləndirmək heç də düzgün mübarizə üsulu deyil.

Təsisçilərdən «Azad Yeni Fikir» qəzetinin redaktoru Aqil Mahmudov Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin «Azadlıq» qəzetini «Xəqani-33» ünvanındakı binadan çıxarmaq istəməsi ilə bağlı məhkəmə iddiasına da toxundu. Onun sözlərinə görə, Redaktorlar Birliyi «Azadlıq» qəzetini müdafiə etmək məqsədi ilə aclıq aksiyası keçirməkdənsə bu problemin hüquqi yolla həllinə çalışmalıdır: «Azad Yeni Fikir» qəzeti də Tərcümə Mərkəzində çıxırdı. İcarə haqqını qaldırdılar, biz oradan çıxdıq. İndi onları məhkəməyə vermişik, ancaq etiraz aksiyası keçirməyi düzgün saymırıq».


Redaktorlar Birliyinin üzvlərindən, «Azadlıq» qəzetinin redaktoru Qənimət Zahidov isə deyir ki, «Azad Yeni Fikir» qəzeti ilə onların problemini eyniləşdirmək düzgün deyil. Qənimət Zahidovun sözlərinə görə, «Azad Yeni Fikir» qəzeti icarə qiymətinin artırılmasından şikayətlənir, onları isə dövlət Komitəsi birmənalı olaraq 14 il fəaliyyət göstərdikləri binadan çıxarmaq istəyir. Baş redaktor hesab edir ki, bu problemləri eyniləşdirməkdə məqsəd ictimaiyyəti çaşdırmaqdır. Cənab Zahidov deyir ki, Müstəqil Redaktorlar Birliyinin bəzi təsisçiləri indiyə qədər olan fəaliyyətləri ilə azad mətbuatı yox məhz hakimiyyəti müdafiə ediblər.


«Azadlıq» qəzetinin redaktorunun fikrincə, jurnalistlərin hüquqlarının müdafiəsi ilə bağlı yeni bir təşkilatın yaradılması ancaq alqışlanmalıdır. Çünki təşkilatlanma cəmiyyətin başqa təbəqələri kimi jurnalistlərə də ancaq xeyir gətirə bilər. Ancaq, Qənimət Zahidov hesab edir ki, bu təşkilatlardan biri, o birinə heç də alternativ kimi yaradılmamalıdır. Müstəqil Redaktorlar Birliyinin təsisçilərindən Aqil Ələsgərli isə bildirir ki, onlara Redaktorlar Birliyinə alternativ kimi baxmaq düzgün deyil: «Biz müstəqil qəzetlərik, siyasi mənsubiyyətimiz yoxdur və heç kimə də alternativ deyilik».


Əslində Azərbaycanda bir təşkilata başqa bir təşkilatın alternativi kimi baxmaq hallarına əvvəllər də rast gəlinib. 2001-ci ildə Qarabağ Əlilləri Cəmiyyəti kütləvi aclıq aksiyasına başlamışdı. Onlar hökumətin Qarabağ əlillərinə biganə münasibətindən şikayətlənirdilər. Həmin aksiyalar vaxtı Qarabağ Əlilləri, Şəhid Ailəliləri və Müharibə Veteranları Birliyi adlı yeni bir təşkilat da yaradıldı. Həmin təşkilatın fəaliyyəti rəsmi KİV-lərdə geniş təbliğ olunmağa başladı. Onda da Qarabağ Əlilləri Cəmiyyətinin üzvləri iddia edirdilər ki, yeni təşkilat məhz hakimiyyətin himayəsiylə yaradılır. Məqsəd onların dayaqlarını zəif salmaqdır. Sonradan Qarabağ Əlilləri Cəmiyyətinin qeydiyyatı da ləğv edildi və aclıq aksiyasının 10-a yaxın təşkilatçısı həbs edildi. Belə bir münasibət Müasir Müsavat Partiyası yaradılarkən də özünü göstərdi. Bəzi mətbu orqanları, xüsusilə də müxalifət qəzetləri hesab edirdilər ki, «Müasir Müsavat» məhz Müsavat Partiyasına alternativ kimi yaradılıb.


«Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyir ki, indi Redaktorlar Birliyinə alternativ bir qurum yaratmaq çox çətin məsələdir. Çünki, həmin quruma daxil olan qəzetlərin əksəriyyəti gündəlik çıxır və beynəlxalq qurumlarla çox sıx əlaqələri var. Elxan Şahinoğlu deyir ki, indi yalnız ictimai fikri çaşdırmaq olar. Ancaq, bu da onun sözlərinə görə müvəqqəti xarakter daşıya bilər. Çünki cəmiyyət müxalif fikrə ehtiyac görürsə onu uzun müddət aldatmaq mümkün deyil.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG