Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:05

Mətbuat özü öz müdafiəsinə başladı?


Redaktorların aclıq aksiyası, 9 noyabr 2006

Redaktorların aclıq aksiyası, 9 noyabr 2006

10 gün davam edən aclıqdan sonra dörd müxalifət partiyasının birləşdiyi «Azadlıq» blokunun fəalları noyabrın 9-da bu aksiyanı dayandırdılır. Elə həmin gün də 6 qəzetin redaktoru aclıq aksiyasına başladı. Redaktorlar da siyasətçilər kimi mətbuata təzyiqlərə etiraz edirlər. Yəni onlar həm «Azadlıq» qəzetinin binasının əlindən alınması ilə bağlı məhkəmə iddiasının geri götürülməsini, həm bina problemi ilə üzləşən bütün mətbuat orqanları ilə sərfəli qaydada icarə müqavilələrinin bağlanılmasını, həm də məhkəmə cərimələrinin ləğv edilməsini istəyirlər.

Hələlik, son on gündə davam etmiş aclıq aksiyasının bir nəticəsi yoxdur. Aclığa başlayan «Yeni Müsavat» qəzetinin baş redaktoru Rauf Arifoğlu deyir ki, əksinə, onların vəziyyəti hər gün pisləşməkdədir. Rauf Arifoğlu deyir ki, «Azadlıq» qəzetinin təqribən 300 min, onların isə 100 min dollara qədər məhkəmə cərimələri var. Məhkəmənin qərarları birbaşa icraya yönəldiyindən onların qəzet satışından əldə etdikləri gəlirləri əllərindən alınır: «Qaya Mətbuat Yayımından, «Qasid»dən və «Səma» firmasından gələn gəlirlərimizin bəzilərində 100, bəzilərində də 70 faizi əlimizdən alınır».


«Bizi məhv etmək istəyirlər. Ona görə də canımızla buna müqavimət göstərmək məcburiyyətindəyik…»
Məhkəmə cərimələri ilə üzləşən və hər gün gəlirlərinin bir qismini cərimələrin ödənilməsinə verməli olan redaksiyalar qəzetlərini əsasən küçələrdə pərakəndə şəkildə satdırmağa üstünlük verirlər. Redaktorların sözlərinə görə, küçələrdə də qəzetlərin satılmasına yaradılan maneələr onların vəziyyətini ikiqat ağırlaşdırıb. Belə qəzetlərdən birinin redaktoru Rauf Arifoğlu: «Bizi məhv etmək istəyirlər. Ona görə də canımızla buna müqavimət göstərmək məcburiyyətindəyik…»


Aclıq edən redaktorları narahat edən başqa bir məsələ isə, bu aksiyaya arzuladıqları qədər yerli və beynəlxalq reaksiyanın verilməməsidir. Üstəlik onlar Mətbuat Şurasının da hadisələri kənardan izləməsindən narazı qalıblar. Mətbuat Şurasının sədri Əflatun Amaşov isə deyir ki, o heç də mətbuatın problemlərini kənardan izləmək niyyətində deyil. Əflatun Amaşov aclıq edən redaktorlara baş çəkəcəyini bildirsə də bu problemlərin daha geniş formada müzakirəsinə ehtiyac görür. Mətbuat Şurasının sədri deyir ki, onlar dekabrın 9-da jurnalistlərin qurultayını keçirmək niyyətindədirlər. Onun fikrincə, mətbuatın üzləşdiyi problemlərin bu qurultayda müzakirəsi daha səmərəli ola bilər.


«O vaxt mətbuata qəpik-quruşlar bağışlandı. Ancaq sağlam rəqabət mühiti yaradılmadı…»
Prezident Aparatında ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov isə deyir ki, mətbuatın problemlərini aclıq aksiyası ilə həll etmək mümkün deyil. Onun sözlərinə görə, hər bir məsələ məhkəmə və hüquq çərçivəsində həll edilməlidir.


Xatırladaq ki, 1999-cu ildə də 10-dan çox redaktor mətbuata təzyiqlərə etiraz olaraq «Yeni Müsavat» qəzetinin redaksiyasında aclıq aksiyası keçirmişdi. Həmin aksiyadan sonra o vaxtkı prezident Heydər Əliyev redaktorları qəbul edərək onların bir sıra tələblərini yerinə yetirdi. Söhbət həm qəzetlərin nəşriyyata olan borclarının dondurulmasından, həm də qəzetlərə kreditlərin verilməsindən gedirdi. «Yeni Müsavat» qəzetinin baş redaktoru Rauf Arifoğlu deyir ki, Heydər Əliyevin hakimiyyətdə olduğu dövrlə müqayisədə indi mətbuat daha ağır günlər yaşayır.


Ancaq mətbuatın vəziyyətinin belə dəyərləndirilməsi ilə razılaşmayanlar da var. Politoloq Zərdüşt Əlizadənin sözlərinə görə, əgər jurnalistlər düşünürlərsə ki, 7 il əvvəl problemləri yoluna qoyulmuşdu onlar yanılırlar: «O vaxt mətbuata qəpik-quruşlar bağışlandı. Ancaq sağlam rəqabət mühiti yaradılmadı…»


Belə bir fikir də var ki, jurnalistlər ancaq öz problemlərini gündəliyə gətirməklə bu vəziyyəti dəyişə bilməyəcəklər. Yəni bununla nə mətbuata təzyiqlər dayanacaq, nə də onun iqtisadi problemlərini həll ediləcək. Həmin fikrin müəlliflərindən Zərdüşt Əlizadə deyir ki, əgər redaktorlar hakimiyyət qarşısında ciddi islahatlara dair tələblər səsləndirsələr bu daha effektli olar. Yəni həm bu tələbləri daha çox insanlar müdafiə edər, həm də bütün sahələrdə sağlam rəqabətə imkanlar yaradılar…


Günün bütün mövzuları

XS
SM
MD
LG