Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:02

"İnsan taleləri ilə qumar oynayırlar"


Vəfa Cəfərova
Vəfa Cəfərova

-

Vəfa Cəfərova: “Qızlarıma oyuncaq yerinə kitab alıram”

"Uşaqlıqdan yemək yeməyi çox sevirəm"

Vəfa Cəfərova Azərbaycanda aktiv ictimai-siyasi fəaliyyətlə məşğul olan gənc qadın obrazının ən uğurlu nümayəndəsidir. İntellektual, fəal, enerjili Azərbaycan qadını deyəndə ilk yada düşən gənc xanımlardan biri idi Vəfa.

Dalğa Gənclər Hərəkatında sədr, bir çox dinc aksiyaların ideya müəllifi, bir çox kulturoloji layihələrin icraçısı, hüquq müdafiəçisi, köşə yazarı və daha nələr. Onun çoxşaxəli, geniş fəaliyyətini bir yazı girişində əhatə etmək mümkün deyil.

Amma Vəfa qəfildən siyasi-ictimai-sosial-kulturoloji fəaliyyətdən ev xanımlığına keçid elədi. Hazırda Niderlandda yaşayan, iki qız anası olan, yemək bloqu yazan Vəfa ilə bir çox suallara cavab gətirəcək söhbət etmək qərarına gəldik...

Günel Mövlud

- Vəfa, sizin təxminən 2010-cu ilə qədərki aktivist fəaliyyətiniz yadımdadı. Aksiyalar, tədbirlər, səfərlər, bir sözlə, o qədər dolu, zəngin bir həyat tərzi. O həyatdan ötrü darıxırsınızmı? Nələri xatırlayır, nələrə görə sevinir, nələrə görə peşmanlıq hiss edirsiniz. O həyatdan sizə nə qaldı?

- Darıxmıram. Yaşamaq üçün yaşamaq haqqında düşünmək lazım deyil, yaşamaq lazımdır. Eyni şeyi də keçmişlə yaşayanlara aid edirəm. Mən geriyə baxmağı sevmirəm. Nə oldusa oldu, xatirələrlə yaşamaq üçün hələ tezdir. O həyatdan isə təcrübə qaldı. Dostlar qaldı.

- Aktivistlikdən ev qadını, ailə anası obrazına keçid necə baş verdi?

- Spontan oldu. Hərdən mənə elə gəlir ki, bir neçə həyat yaşamışam. Bu cümləni Seymurun hansısa yazısında oxumuşam, çox xoşum gəlir bu ifadədən. Axır ki, istifadə edə bildim... Onlar arasında heç bir əlaqə görmürəm. Amma məni tanıyanlar bilir ki, mən nəsə bir iş görəndə özümü ona tam həsr edirəm. Bütün enerjimi və bacarığımı ortalığa qoyuram.

- Ümumiyyətlə, hansı sizin üçün rahatdır?

- Çətini beşinci nöqtəni divandan qaldırmaqdır. Qalan hər şey asandır. Yetər ki, istək olsun

- Bilmirəm, bəlkə də mənə elə gəlir, amma sərbəst yaşamağa alışmış, işgüzar qadınlar üçün qəfil ailə həyatına keçid etməyin stresslə, məyusluqla müşayiət olunduğunu düşünürəm. Hətta 100 faiz səni anlayan, ideal həyat yoldaşı olsa belə, ailədə bir gərginlik var.

Subay vaxtı sən tək qərar verirsən, evli olanda iki adam qərar verir, uşaqlar olandan sonra isə artıq geriyə yol yoxdur, sən heç vaxt subay vaxtı olduğun kimi tək və sərbəst insan olmayacaqsan. Şəxsən mən ciddi depressiya yaşayıram hərdən. Siz də öz hisslərinizi bölüşə bilərsiniz?

- Ailə - zəhmət tələb edir. Birgə yaşamaq heç vaxt asan deyil. “Mən qadınam, bunu eləməyəcəyəm, sən kişisən bunu etməlisən” söhbətlərini kökündən kəsib atmaq lazımdır. Biz artıq bir ailəyik və ailəni qorumaq üçün ikimiz də zəhmətə qatlanmalıyıq, formul budur. Bir də, gözləntilər çox yüksək olmamalıdır. İnsanlar Hollivud filmlərinə, seriallara baxıb real olmayan şeylərin arxasınca qaçırlar. İlluziyalardan və pəmbə gözlüklərdən qurtulanda hər şey daha asan olur.

- Biz yenilikçi, milli mentalitet əleyhinə yazılar yazanda oxucuların çoxu adətən deyir ki, qızınız olandan sonra tamam başqa cür düşünəcək, yazacaqsınız. Mənim hələ ki, qızım yoxdur deyə, dilim qısadır, amma siz artıq iki qız anasısınız. Nə düşünürsünüz onların gələcəyi, gələcəkdəki seçimləri, həyat tərzləri barədə? Hansısa qorxularınız, fobiyalarınız varmı? Məsələn Həvva 13 ildən sonra desə ki, ayrı evdə yaşamaq istəyirəm, reaksiyanız necə olacaq?

- Heç bir fobiyam yoxdur. Mən onlara qız kimi yox, insan kimi yanaşıram. İndidən hər seydə onlara sərbəstlik, azad seçim haqqı vermişəm. Təhlükəsizliklərini gözləmək şərti ilə, nə istəyirlərsə, edirlər. Mağazada istədikləri paltarları alırıq, səhər özləri seçir nə geyinəcək, nə yeyəcəklər.

Mən sadəcə nəyin yaxşı və yaxud nəyin pis olduğunu izah edirəm. Bir az cığallıq edirəm arada, məsələn, oyuncaq yerinə kitab alıram. İstəyirəm, uşaqlarım mütaliəli olsun, amma buna məcbur etmirəm, yönləndirirəm.

- Yemək bloqlarınızı izləyirəm. İdeya nə vaxtdan, necə yarandı?

- Həmişəki kimi spontan. Yeməklərin şəkillərini paylaşırdım, facebookda dostlarım reseptləri istədilər, mən də hamıya bir-bir yazmağa ərindim, bloq yaratdım. İndi siyasi mövzularda yazdığım bloqdan daha çox oxunur.

- Xatırladığım qədər, sizin yeməkdən-filandan uzaq, siyasi-ictimai-sosial mövzulu yazılarınız olurdu və kifayət qədər də uğurlu yazılar idi. Hamısını boş verib, yemək bloqu yazmaq üçün qadın ya həddən artıq yeməyi sevməlidir ya da o cür ciddi yazıları bacardığı halda, yemək bloqu yazacaq qədər özgüvənə sahib olmalıdır. Sizdə hansıdır?

- Hər ikisi və heç biri. Yemək bişirməyi və yeməyi sevirəm. Uşaqlıqda babam zarafatla hətta məni pendir motalına salmağı təklif eləmişdi. Uşaqlıq ləqəblərim də motal, küftə idi. Yəqin 31 yaşlı qadının bunu etiraf eləməsi ayıbdır, amma həqiqət budur ki, uşaqlıqdan yemək yeməyi çox sevirəm.

İşləyəndə vaxt azlığından, həm də ağız dadıma uyğun restoranlar əlimizin altında olduğundan yemək, demək olar ki, bişirmirdim. Bura gələndən sonra, vaxt bol idi, restoranda isə ancaq pizza və ya başqa fast-foodlar var idi. Məcburən başladım hər gün bişirməyə. Paylaşmağı da çox sevən insan kimi, bilgilərimi paylaşmağa başladım.

- Artıq neçə ildir qürbətdəsiniz. Azərbaycana daha soyuq, uzaq olduğu üçün daha obyektiv nəzərlərlə baxa bilirsiniz? Nə düşünürsünüz, ölkədəki ümumi vəziyyət barədə?

- Ürək ağrısı ilə izləyirəm. İnsan taleləri ilə qumar oynayırlar vətəndə, amma heç nə ilə kömək edə bilmədiyimə görə, susuram.

- Kimlərdən, nələrdən ötrü darıxırsınız? Samovar çayı kimi, məsələn?

- Ailəmiz, dostlarımız və bağımız ücün darıxıram. Samovar çayına olan həsrətimə Türkel son qoydu. Söhbət üçün darıxmışam. Yəqin sizə qəribə görünəcək, amma eyni dildə, eyni "qafada", yaxud "dalğa"da olduğun insanlarla söhbət eləmək üçün çox darıxmışam.

- Azərbaycanda elə dostunuz varmı ki, ondan ötrü samovar çayı kimi darıxasınız?

- Var. Heyif ki, onları Türkel istədiyim vaxt gətirə bilməz.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG