Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:22
EMİN MİLLİ VƏ ADNAN HACIZADƏ...

İyul ayında həbs edilməzdən əvvəl bu iki bloqqer «YouTube»da hökuməti tənqid edən satirik videosüjet yaymışdı: Videoda xarici ölkələrdən bahalı «eşşək» alınması bəhanəsi altında ölkədəki vəziyyət tənqid edilirdi. Eşşək qiyafətinə girən şəxs Azərbaycanda insan haqlarının vəziyyətindən, QHT-lərə təzyiqlər, özbaşınalıq və s.-dən danışırdı. Hazırda bu süjeti əks etdirən videonu 68 mindən çox adam izləyib.

Vəfa Cəfərova yazır ki, «milli sərvətimizə bizi dünyaya tanıdan yeni işverənlər tayfası yetişib»:

«Azərbaycan vətəndaşı olmaq nə deməkdir? Şərəfsizlik, günahsız insanları şərləyib hökumətin bütün dəliklərinə girmək yəqin bunlar üçün vətəndaşlıq borcudur. Bu insanları hakimiyyət əziyyət çəkib yetişdirib. Burada missiyalarını yerinə yetirən və ikinci istifadə üçün yararsız hala düşmüş, amma böyük potensiala malik Sevgiladələr, Strekalinlər, Vüsal Məmmədovlar var. Hökumət bu boyda investisiya və vaxt sərf edib bunlara. Heyifdir, göz görə-görə bu boyda potensial itir! Gəlin, onları eksport edək! Nə qədər dünyada bizim kimi rejimlər və bu rejimlərə qarşı vuruşan insanlar var! Göndərək bunları Belarusa, Nigeriyaya, canım sənə desin Urusyetə!».

«Uçan xalçalar və qırıq xətlər diyarı»ndan yazan bloqçu arzu edir ki, «hamı onlara bənzəsin. Güclü və cəsur! Və nə baş verməsindən asılı olmayaraq hər şey yaxşı olacaq!»

Şeytana simpatiyası olan yuzer də ümidlidir. Qeyd edir ki, hər zaman Emin və Adnan dostlarını görəndə sevinir, cəsarətli olurlar. «Onlar hətta həbsxana maşının barmaqlıları arxasında bizi ruhlandırırlar».

Journaleast yazır ki, ittiham kürsüsündə əyləşən Emin və Adnan xoşbəxt görünürdü:

«Həbsə getdikləri üçün yox. Azad olduqları üçün. Azadlıqda məhbus, kölə olmaqdansa, həbsxanada azad insan olmağı üstün tutduqları üçün. Demokratiyanı həbsxanalarda axtarın, çünki demokratiya Azərbaycanda həbsə məhkumdur. Azadlıqda olanların da yolu oradır. Estetik demokratiyamızın qaydalarına görə».

İlqar Məmmədov isə hesab edir ki, önəmli Adnanla Eminin azadlığa çıxması deyil, həm də onların necə çıxmasıdır:

«Hörmətli cənab prezident» sözlərini dilə gətirsələr, ay nə bilim, «siyasi məqsədimiz yox idi» desələr, heç... Çünki totalitarizmə yaxınlaşan Azərbaycanda artıq hər şey siyasətdir, cənab prezidentin isə demokrat kimi bir qram da hörməti yoxdur.

Eynulla Fətullayev «qələt elədim» demədiyinə, sınmadığına görə şəxsən mənim gözümdə yalnız böyüyür və bundan sonra lap Nelson Mandelaya da dönər. Adnan və Emindən də əminəm. Amma onlar çox gəncdirlər deyə, kənar təsirə məruz qalıb çaşa bilərlər. Birdən belə «qələt» məsələsi olsa, uşaqların həbsi ondan daha az kədərli hala çevriləcək.

Hələ indiyə qədər Elmar Hüseynovun atasının Elmarın öldürülməsindən bir neçə gün sonra İlham Əliyevin üzündən öpməsini unutmamışam... Bəlkə də o şok canımdan heç vaxt çıxmayacaq».

Elnur Məcidli yazır ki, Emin və Adnanın həbsi əslində, bir dönüm nöqtəsidir. Ağ və Qaranın ayrıldığı nöqtə…

«Əslində isə Emin və Adnan bizdən daha azaddır, əsl iş verilən bizlərik. Bugünkü reallıqlarla yaşamağa razılaşan insanlar özlərini heç vaxt azad hiss edə bilməzlər və onların həyatı bir məhbusun həyatından daha çətindir.

Bugünkü Azərbaycan reallığı həbsxana reallığından fərqli deyil, hətta həbsxanalardakı mühit Azərbaycandakı mühitdən daha azad mühitdir».

Pogledaj adlı bloqqer isə bloqqerlərin həbsini əks etdirən ən son görüntüləri yayıb:


NEFT AKADEMİYASINDA FACİƏ...

2009-cu ildə bloqqerlərin ən çox müzakirə etdiyi digər mövzu Azərbaycan Dövlət Neft Akademiyasında törədilən faciə oldu. Aprelin 30-da baş verən hadisədə 13 nəfər ölmüşdü.

Əli Novruzov yazır ki, tələbələr akademiyada baş verən qətliama görə Təhsil Nazirliyini suçlayır, təhsil müəssisələrinin təhlükəsizliyinin yaxşı təmin olunmadığını deyirlər.

Dejavu bloqqerin yazısı isə insanın içinə qədər işləyir:

«Dünən 1-ci dərsimiz 1 nömrəli xəstəxanada (köhnə «Semaşko»da) idi. Dərsimiz saat 10-da qurtarır adətən. 10-a haradasa 10 dəqiqə qalmış təcili yardım maşınlarının səslərini eşitdik. Hamımız pəncərəyə qaçdıq. Təcili tibbi yardım maşınlarının ardı kəsilmirdi. Düşündüm ki, yəqin hansısa avtobus qəza törədib. Hamımız ora düşdük. Qəzaların axır vaxtlar tez-tez baş verdiyini nəzərə alaraq bir qədər soyuqqanlı idim. Qarşıda gələn qızların üstünə qaçaraq nə baş verdiyini soruşdum.
Cavabda gəldi: – Neft Akademiyasında atışma var.

Dedim: - Nə atışma? Yəqin nəsə səhv var. Bir qədər sonra hər kəs bunu təsdiq etməyə başlayanda, artıq soyuqqanlığımdan əsər–əlamət qalmadı. Şokdan quruyub qalmışdım. Təcili yardımların gəlişi davam edirdi. Üzünü görə bildiyim xəstələrin hamısı baş və boyun nahiyəsindən yaralı idi. Sonradan məlum oldu ki, elə yaralı və ölənlərin hamısı kəllə, çənə, göz, boyun nahiyəsindən vurulub... Kimi tanışına görə orda idi, kimi ağlayırdı, kimi nəyin nə yerdə olduğunu, niyə olduğunu başa düşmək istəyirdi, kimisə balaca da olsa nəsə kömək olmaq istəyirdi.

Birdən bir qadının «Ayazım, Ayazım» ağlayıb qışqıraraq gəldiyini gördüm. Qadının üzünə tanış üz kimi baxa-baxa qalmışdım. Birdən qəflətən ayıldım ki, sinif yoldaşımın anası !!!!!».

Məxfilər adlı bloqqer qanlı hadisənin təsvirlərini öz bloqunda yerləşdirib.


TÜRKİYƏ-ERMƏNİSTAN VƏ AZƏRBAYCAN...

Türkiyə ilə Ermənistanın münasibətlərin normallaşmasına dair imzaladıqları protokollar Azərbaycan hökuməti ilə yanaşı, bloqqerlərin də hədəfinə tuş gəldi. Bu protokolların ardınca Bakıda türk bayraqları bir müddət endirildi də...

Tosif Həsənli yazır ki, Türkiyənin Ermənistanla sərhədlərini açması məsələsi ortaya çıxandan bəri «təpki» sözü böyük imanla folklorumuza daxil olub:

«Bu saat Azərbaycanda hamı təpki göstərir. Türkiyədə isə deyilənə görə, əhalinin cəmi 95 faizi təpki göstərir. Satqınlardan, soy-kökünü dananlardan və ermənipərəst qüvvələrdən ibarət olan qalan 5 faiz isə aydın məsələdir ki, təpki göstərmir. Elə buna görə də həmin 95 faiz Türkiyə türkünün və bütün azəri türklərinin böyük təpkisi ilə üzləşir.

Bu təpkilərin əsas hədəfi Türkiyə hökumətidir, dolayısı ilə Ərdoğan və Abdulla Güldür. Ərdoğan həssas və qəlbiyuxa adam olduğundan bu təpkilərə biganə qalmır, təpki göstərənləri sakitləşdirməyə çalışır. Gül isə daha öncə başqa istiqamətlərdən təpkilərə məruz qaldığına görə, həm də təbiəti etibarı ilə soyuq adam olduğundan Azərbaycandan gələn təpkiləri və yerli təpki göstərənləri heç vecinə də almır».

İlqar Məmmədov sual edir ki, prezident İlham Əliyevin Münhendən öncəki Yerevana savaş hədəsinin arxasında hansı hesablama durur?

«Məncə o, doğrudan da savaşa hazırlaşsaydı, dünya xəritəsində mövcudluğumuzun bir tək xarici dayağı olan Türkiyənin bayrağını ötən ay Bakıda endirməzdi.

Prezidentimizin Türkiyəyə qarşı məlum duyğuları təkcə «Susurluk»dan sonra yetişməyib.

Xatırlayırsınızsa, 2005-də Türkiyə detektivləri Bakıya gəlib Beynəlxalq Bankın başçısının həyat yoldaşını Hacı Məmmədovun dəstəsindən qurtarandan sonra onların təmsilçisi, bir polis generalı Türkiyəyə qayıdıb bəyan etdi ki, biz həm də Elmar Hüseynovun öldürülməsinin üstünü açdıq... Bakı bu bəyanata çox hirsli idi, onu tezliklə ört-basdır etdilər.

Bəs indi nə baş verir? Ankara Yerevana qarşı öz tələblərində çox ciddidir. Ermənistanla qapılarını Kəlbəcərdən sonra qapatmışdı, Kəlbəcərdən sonra da açmaq istəyir. Düşünürəm, Əliyev bunu bilə-bilə Münhendən öncə alovlu bəyanatı verib ki, sonra xalq deməsin «Türkiyənin sayəsində torpaqlarımız azad olunmağa başladı». Desin «prezidentimiz bir xox gələn kimi ermənilər qoyub qaçdılar».

Həddindən artıq optimist görünmək istəmirəm, amma son zamanların hərəkətliliyi məni çox ruhlandırır».

Natiq Cəfərli isə yazır ki, Türkiyə ilə Ermənistan arasında imzalanan protokollarda Azərbaycanı qıcıqlandıran ....

«Sərhədlərin açılması əsas deyil, əsas qorxu odur ki, qərar vermək zamanı yetişib. Yəni Qərb, Türkiyənin əli ilə və digər protokolların köməyi ilə proseslərin inkişafına təkan verib, daha çox isə regionda dəyişikliklərin sürətini artırıb. İndi hadisələri donmuş şəkildə saxlamaq olmaz, hökumətin istədiyi kimi, status-kvo saxlamaq mümkün deyil. Regionda, xüsusilə də Qarabağ məsələsində istənilən hərəkət hökumət üçün gözlənilməzlikləri gizlədir...

Qərbə Qarabağ maraqlı deyil, ya da maraqlı deyil ki, bu torpaqlar kimin nəzarəti altında qalacaq. Qərbin «baxışında» bizim ölkələr Avropa Birliyində və NATO-da olmalıdır, onda sərhəd məsələsi də formal olacaq. Onlar fikirləşir ki, ermənilər 7 rayonu güzəştə gedir, azərbaycanlılar isə Qarabağı. Vəssalam. İndi söhbət yalnız bu razılaşmanın həyata keçirilməsi müddətindən gedir. Bizimkilər təkid edir ki, bu, 10 ildən sonra baş versin; ermənilər isə qoşunların çıxarılması ilə eyni vaxtda Qarabağın statusunun paralel həll edilməsini...»


QARABAĞLA BAĞLI BLOQQERLƏRİN YAZDIQLARI

İlqar Məmmədov öz bloqunda prezidentlərin görüşündən praktiki heç nə gözləmədiyini deyir:

«Praktiki nəticə, yəni ordunun əks istiqamətdə hərəkətinə başlamasını gözləmirəm. Ola bilər, yenə hansısa sənədlər imzalansın, tərəflər daha bir addım atdıqlarını desin. Amma praktiki nəticəsi olmayacaq. Çünki Rusiya-Qərb birgə həmsədrliyi yaxın zamanlarda danışıqlar prosesində hər hansı bir uğura səbəb olmayacaq»...

Qarabağ bloqunda isə deyilir ki, ABŞ-da Şuşaya həsr olunan marka buraxılıb:

«Milad bayramı ərəfəsində ABŞ Poçt Xidməti tərəfindən buraxılmış bayram markalarından biri 1751-ci ildə Pənahəli xan Cavanşir tərəfindən Şuşanın əsasının qoyulmasına həsr edilib.

Bu, Azərbaycanın tarixi şəhəri olan Şuşaya həsr olunmuş ilk ABŞ poçt markasıdır.

Bayram günlərində markanın qiyməti 18.95 dollar olub, onun adi qiyməti isə 4.5 dollara yaxındır».


«DOLMA, KAMANÇA, «EUROVISION» MÜHARİBƏSİ DAVAM EDİR»

«Eurovision-2009» mahnı müsabiqəsində Azərbaycan təmsilçilərinin 3-cü yeri tutması, erməni ifaçılara səs verənlərin MTN-ə çağırılması da bloqqerlərin diqqətindən yayınmadı...

Doktor Ravik:

«Azərbaycanla Ermənistan da öz bildikləri kimi döyüşürlər. Dolma, kamança, «Eurovision» müharibəsi davam edir. Adətən Azərbaycan idmançıları xaricdən yarışdan qayıdanda televiziyada onlardan soruşurlar: «Ən çətin döyüş kiminlə oldu?» Ömründə ilk dəfə kostyum geyinmiş idmançı aparıcı xanımın yubkasına ötəri nəzər salaraq boynunun quluncunu qırıb deyir: «Əlbəttə, erməni idmançısıyla.
Ancaq axırda mən qalib gəldim!».

Escazeri isə yazır ki, Avropa Yayım Birliyi Azərbaycana yaşıl işıq verməklə, Ermənistana şoka salıb:

«Avropa Yayım Birliyi Azərbaycanda Ermənistana səs göndərənlərin dövlət tərəfindən təqib olunması barədə yayılan məlumatları araşdıraraq yekun qərarı bildirib. Qurumun direktoru Jan Revelyon «səsvermə zamanı sərbəst seçim hüququnun pozulmazı qəbuledilməzdir və bu qaydaları pozan iştirakçı ölkə sanksiya ilə üzləşəcək», - deyə vurğulayıb. AYB bu məsələdən sonra qaydalara dəyişiklik etmək məcburiyyətində olub. Belə ki, səs verənlərin anonimliyinin qorunması qanunu, «bəzi hallarda səs verənlərin adlarının açıqlanmasının (yalnız telekanala) mümkünlüyü və tamaşaçıların qərarına hörmət olunması» qeyd edilib.

Bu səbəbdən, Azərbaycan tərəfinin qaydaları pozması haqda kifayət qədər dəlilin olmaması əsas götürülərək Azərbaycana qarşı sanksiya qəbul edilməyib. Ermənistan isə AYB-nin bu qərarına etiraz etmək niyyətindədir».

ÖTƏN 12 AY 12 ŞƏKİLDƏ

Tommycus adlı bloqqer ilin ən mühüm hadisələrini şəkillərdə bir araya cəmləyib. Barak Obamanın prezident seçilməsindən tutmuş «donuz qripinə»dək 12 ən müxtəlif hadisəni bir yerdə buradan izləyə bilərsiniz.
XS
SM
MD
LG