Keçid linkləri

2024, 23 May, Cümə axşamı, Bakı vaxtı 08:27

«Polis bölməsində bizi çaya qonaq edirlər»


«Öz fəaliyyətimizlə sübut etmişik ki, kiminsə dekorasiyası deyilik…»
«Öz fəaliyyətimizlə sübut etmişik ki, kiminsə dekorasiyası deyilik…»

Azərbaycanda fəaliyyət göstərən çoxsaylı gənclər təşkilatları arasında «Dalğa» Gənclər Hərəkatının özünəməxsus yeri var. Hərəkat 2005-ci ildə yaranmasına baxmayaraq keçirdiyi orijinal aksiyalar sayəsində cəmiyyətdə tez bir zamanda tanınmağa başladı. Düzdür, «Dalğa»ya münasibət birmənalı deyil. Hərəkatın yeni sədri Vəfa Cəfərova da «525-ci qəzet»ə müsahibəsində bunu etiraf edir və bu səbəbdən də «Dalğa»nın imicini dəyişməyi qarşısına məqsəd qoyduğunu deyir.


- Hər dəfə aksiya keçirərkən polis müdaxiləsi ilə üzləşirsiniz. Sizə hansısa fiziki təzyiq olubmu?


- Aksiya keçirəndə bizi tutub aparırlar. Bu mərhələdə polis bizə qarşı çox aqressiv olur və təzyiqlərlə üzləşirik. Kobud şəkildə bizi maşına basırlar. Onlara məqsədimizi başa salmağa çalışsaq da, dinləmirlər. 20-30 nəfəri gətirirlər bölməyə. Birinci bizimlə çox kobud danışırlar. Deyirlər ki, nə istəyirsiz, niyə asayişi pozursunuz? Biz də onları başa salırıq, press-relizlərimizi göstəririk. Onda polislər deyirlər ki, uşaqlar haqlı tələblər irəli sürür - rüşvətsiz təhsil, təmiz hava istəyirlər. Bunun nəyi pisdir ki? Sonra oturub söhbət edirik, bəzən bizi çaya qonaq edirlər. Çox vaxt izahat da yazdırmırlar, koordinatlarımızı alıb buraxırlar. Mətbuata aksiyalar barədə əvvəlcədən məlumat vermirik ki, polislər bizdən əvvəl ora gəlməsinlər. Bu yaxınlarda işə gedəndə bağda polis mənə dedi ki, indi nə iş görmək istəyirsən? Cavab verdim ki, işə gedirəm. O da təəccüblə baxıb dedi ki, sən işə də gedirsən?...


- Azərbaycanda çoxsaylı gənclər təşkilatı var. Onların fəaliyyətini bəyənirsinizmi?


- Bizim qədər cəmiyyətdə fəal olan gənclər təşkilatı yoxdur. Adətən, seçkilər öncəsi radikal gənclər qurumları yaradılır ki, onlar gənclər hərəkatı rolunu oynasınlar. Biz isə 2005-ci ildə yaranmışıq və öz fəaliyyətimizlə sübut etmişik ki, kiminsə dekorasiyası deyilik, müstəqil gənclər hərəkatıyıq. Sabit kursumuz, ideyalarımız var...



«Müxalifət seçki müstəvisində müttəfiqsiz qalıb». «Ayna» qəzetinin noyabrın 17-dəki manşeti belə adlanır. Qəzet yazır:


Ötən həftə Venesiya Komissiyasının və IFES-in təşkilatçılığı ilə çoxdan bəri gözlənilən seçki komissiyalarının formalaşdırılması qaydaları ilə bağlı «dəyirmi masa» keçirildi...


Məlum oldu ki,... hökumət ümumiyyətlə, seçki komissiyalarının paritet prinsipi ilə formalaşdırılması təklifini ciddi müzakirə etməyib...


Venesiya Komissiyası və beynəlxalq təşkilatlarının reaksiyası da maraqla gözlənilirdi... Müxalifət partiyalarının gözləntilərinin əksinə olaraq, Venesiya Komissiyası rəsmiləri, Qərb təmsilçiləri yenə müşahidəçi mövqeyində qaldılar və yalnız səslənən təklifləri qeydə almaqla kifayətləndilər.


Beynəlxalq təşkilatların 5 aparıcı müxalifət partiyasının (AXCP, Müsavat, ADP, ALP, VİP) bu müzakirələri boykot etmək qərarına da münasibəti diqqətçəkən məsələlərdəndir. Gözlənildiyinin əksinə olaraq, bu partiyaların boykot qərarı böyük rezonans doğurmadı. Beynəlxalq təşkilatlar, Qərb diplomatları yalnız təəssüflərini ifadə etməklə kifayətləndilər... Bu, bir daha göstərdi ki, seçki komissiyasının formalaşdırılması məsələsi Qərb dairələri və beynəlxalq təşkilatlarının gündəliyində hələ ki ön plana çıxmayıb.


Digər tərəfdən, bu istiqamətdə hökumətə təzyiqlər sırf görüntü xarakteri daşıyır. İndiki mərhələdə beynəlxalq təşkilatlar sadəcə olaraq bu məsələni hökumətin qarşısında qaldırmaqla kifayətlənirlər.


Məqalə müəllifi Zaur İbrahimlinin fikrincə, beynəlxalq təşkilatların bu reaksiyası əslində, seçki prosesinə onların münasibəti barədə də proqnoz verməyə əsas verir:


«Belə görünür ki, beynəlxalq təşkilatlar mövcud status-kvonu dəyişmək üçün real səylər göstərmək niyyətindən uzaqdırlar. Hər halda onların belə planları olsaydı, Seçki Məcəlləsi ilə bağlı müzakirələrdə daha fəal mövqe nümayiş etdirərdilər...».




Naxçıvan Muxtar Respublikası (MR) rəhbərliyinin göstərişi ilə MR-dəki ticarət və iaşə obyektlərinin əksəriyyətinin sökülməsi yerli əhali arasında ciddi narazılıq yaradıb...

Qısası, Naxıçvandakı söküntünün «səsi» Bakıya da gəlib çıxdı, hətta yəqin ki, beynəlxalq təşkilatların da hesabatına düşdü, mətbuat bu barədə geniş yazdı. Amma çox qəribədir ki, müxalifət partiyalarının Naxçıvandakı yerli qurumları bir dəfə də olsun səsini çıxarmadı. Eləcə də əslən Naxçıvandan olan müxalifət fəallarının səsini eşitmədik. «Maraqlıdır, görəsən niyə?»


«Yeni Müsavat» qəzetinin sualını cavablandıran Cümhuriyyət Xalq Partiyasının sədri Bədrəddin Quliyev son vaxtlar Naxçıvanda baş verənlərin xüsusi məqsəd daşıdığını söyləyib: «Ümumiyyətlə, Naxçıvanda mağazaların, o cümlədən «57-ci bazar»ın sökülməsi xüsusi məqsəd daşıyır. Naxçıvan Muxtar Respublikasının büdcəsi artırılaraq 270 milyon manata çatdırılıb. Bu ilin büdcəsində isə bu rəqəmin 340 milyonu keçəcəyi söylənilir. Muxtar respublika rəhbərliyi bu məbləği xərcləmək üçün indidən belə addımlar atır».


«Yeni Müsavat» yazır ki, builki büdcədə vəsait əsasən yeni məktəblərin tikilməsinə və təmirinə xərclənib. Çox güman ki, MR rəhbərləri gələnilki büdcəni yeni ticarət obyektlərinin inşasına və nümunəvi qəsəbələrin salınmasına xərcləmək fikrindədir. Burada isə yeganə məqsəd bu sahəni nəzarətə götürməkdir.


O ki qaldı bu məsələyə müxalifətin münasibətinə, B. Quliyev etiraf edir ki, bölgədə müxalifət partiyalarının fəaliyyəti çox zəif qurulub. Faktiki olaraq bu gün bölgədə fəaliyyət göstərən müxalif düşərgə pərakəndə vəziyyətdədir:


«Bir vaxtlar Naxçıvan ziyalıları belə məsələlərdə nümunə olub. 1989-cu ildə milli-azadlıq hərəkatı, mərkəzdənqaçma meylləri öncə Naxçıvandan başlayıb. Milli-azadlıq hərəkatı liderlərinin əksəriyyəti bu bölgədə işləyib, sonradan Bakıya köçüblər. Amma son zamanlar hakimiyyətin yeritdiyi məqsədli siyasət üzündən bölgədəki fəal qüvvələrin bir qismi Bakıya, digər qismi isə Türkiyəyə köçməli olub. İndi Naxçıvanda rejimə qarşı mübarizə aparan insanlar yoxdur...» - deyə, B. Quliyev fikrini tamamlayır.


XS
SM
MD
LG