Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:28

Həbsxanalarda işgəncə - məhkumlar şikayət edir, komitə inkar


Arxiv fotosu

Arxiv fotosu

İyunun 9-da Ədliyyə naziri yanında penitensiar sahəyə ictimai nəzarəti həyata keçirən İctimai Komitənin illik hesabat görüşü keçirilib.

Komitənin üzvü, Ədliyyə Nazirliyinin İnsan hüquqları idarəsinin rəisi Faiq Qurbanov bildirib ki, il ərzində müxtəlif cəzaçəkmə müəssisələrinə 315 dəfədən artıq baş çəkiblər:

“Komitə məhkumların saxlanma şəraitinə və islah prosesinə xüsusi diqqət yetirib, tövsiyələr verib. Komitənin Ədliyyə Nazirliyinə təqdim etdiyi hesabatlar və tövsiyələr təhlil olunaraq zəruri tədbirlər görülüb. Bununla bağlı ictimaiyyətə müntəzəm açıqlamalar verilib”.

2006-cı ildə Ədliyyə Nazirliyinin yanında yaradılan Komitəyə qeyri-hökumət hüquq-müdafiə təşkilatlarının nümayəndələri də daxildir.

Göründüyü kimi Komitə bir illik dövründəki fəaliyyətinin müsbət olduğu qənaətindədir. Bəs, bu qurumun fəaliyyəti məhkumları necə, qane edirmi?

AzadlıqRadiosu bu sualla son bir neçə ayda azadlığa çıxan məhkumla müraciət edib.

Məhkumlardan bir neçəsi bu qurumun adını birinci dəfə eşitdiklərini bildirdilər. Digərləri isə, Komitədən xəbərdar olsa da cəza çəkdikləri həbsxanalarda baş verən qanunsuzluqlara qurum nümayəndələrinin reaksiyasının yetərli olmadığını deyirlər.

Orxan Eyyubzadə

Orxan Eyyubzadə

İŞGƏNCƏ METODLARI: ASMAQ, SUYA BASMAQ...

Keçmiş məhbus Orxan Eyyubzadə deyir ki, həbsdə olduğu müddətdə Komitəyə bir neçə dəfə şikayət məktubu göndərsə də gəlib onunla maraqlanan olmayıb:

“Şəxsən mən həbsdə olan müddətdə işgəncəyə məruz qalmağımla bağlı bir neçə dəfə bu quruma müraciət etsəm də maraqlanan olmadı. Bu işlə sırf həmin qurum məşğul olmalıdır.

Əgər, iddia edirlərsə ki, maraqlanırlar, Bakı İstintaq Təcridxanasına getsinlər. Burada çox ağır işgəncə metodlarından istifadə edilir. Qollarını qandallayıb havadan asılı saxlamaqdan tutmuş, başı suya salıb boğulana kimi saxlamağa qədər. Bütün bunlarla bağlı təkcə mən yox, bir çox məhkumlar şikayət edib. Nəticədə şikayətə baxılmaq yerinə, dustaq özü cəzalandırılıb”.

Sahib Məmmədov

Sahib Məmmədov

KOMİTƏ ÜZVÜ İŞGƏNCƏ GÖRMƏDİM DEYİR

Komitənin üzvü, Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının rəhbəri Sahib Məmmədov bildirir ki, həbsxanalarda işgəncə məsələsini aşkarlamaq çətindir:

“Komitənin ən böyük uğuru Vaxtından Əvvəl Şərti Azad olunma üzrə Komissiyanın yaradılmasıdır. Komissiyanın rəyi əsasında müraciət edən məhkumların 96 faizi vaxtından əvvəl azadlığa buraxılıb. Bununla yanaşı biz bəzi pozuntular haqda hesabat hazırlayıb ədliyyə nazirinə təqdim edirik.

İşgəncə məsələsi belədir ki, bunu sübut etmək çox çətindir. İndiyə kimi yalnız bircə dəfə Avropa Komissiyası Qobustan həbsxanasında belə bir halın olduğunu qeydə alıb. Bakı İstintaq təcridxanasında biz yalnız istintaq orqanı, yaxud məhkəmənin icazəsi olduqda yoxlama apara bilərik. Mən orada çox olmuşam. Bu təcridxana Avropa standartlarına tam cavab verir. Burada işgəncə halının olması mümkün deyil. Demirəm bəlkə hansısa fərdlə bağlı qayda pozuntusu olsun.

Orxan Eyyubzadənin işgəncəyə məruz qalması haqda nə mənfi, nə də müsbət bir fikir söyləyə bilmərəm. Çünki, mən ona olan işgəncə ilə bağlı heç bir məlumat almamışam”.

Ədliyyə Nazirliyindən Orxan Eyyubzadənin dediyi işgəncə iddiaları ilə bağlı hər hansı münasibət almaq mümkün olmadı. Bundan əvvəl də bu Nazirliyin tabeliyindəki müxtəlif müəssisələrdə işgəncə üsulları barədə iddialar səslənib. Bir qayda olaraq rəsmilər bu iddiaları inkar edir, məhkumların saxlanma şəraitinin Avropa standartlarına uyğunlaşdırıldığını deyirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG