Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 21:47

-

Xətai rayon Məhkəməsində Cəmşid Naxçıvanski adına hərbi liseyin işdən çıxarılmış müəllimləri Zenfira və Rauf Şəfiyevlərin iddiası üzrə məhkəmə prosesi başa çatıb. Mayın 27-də hakim Namidan Misirxanlı keçmiş müəllimlərin liseyə qarşı işə bərpaya dair iddiasını təmin etməyib.

«TƏDRİS BÖLMƏSİNİN RƏİSİNƏ ETİRAZ ETMİŞDİM»

Məhkəmə iclasında müəllimlər son çıxışlarında bəzi məsələlərə aydınlıq gətiriblər. Məsələn, işdən çıxarılma əmrində göstərilir ki, müəllimlər əmək funksiyalarını yerinə yetirməyiblər. Zenfira Şəfiyeva isə səbəblərin başqa olduğunu bildirib. Deyib ki, işdən çıxarılması yeni tədris rəisinə etirazı ilə əlaqəlidir:

«Mən liseydə hörmət göstərilən bir müəllimə olmuşam. Kadrların yetişməsində çoxlu nailiyyətlərim olub. Xarici qonaqlar gələndə hər zaman görüşlərdə məni qabağa verirdilər. İşdən çıxarılmağımın əsl səbəbkarı isə tədris bölməsinin rəisi Ələkbər Ələkbərovun qanunsuz əməllərlə bağlı işdən çıxarılmasından sonra onun yerinə təyin olunmuş Məhəmmədin mənimlə apardığı qərəzçilik olub. Bizim dərs saatlarımızı azaldıb iki qohumunu liseyə işə düzəldib. Mən ona bunu hər zaman irad tutmuşam».

Zenfira Şəfiyeva işdən çıxarılmalarını həmçinin liseydə kursantlardan imtahanlarda rüşvət yığılması və başqa qanunsuzluqlarla bağlı müxtəlif qurumlara məktublar yollamaları ilə əlaqələndirib.

Digər müəllim Rauf Şəfiyev də işdən çıxarılmasını «qərəzçilik» adlandırdı.

«ONLAR BAŞQA MÜƏLLİMLƏRƏ ŞƏR, BÖHTAN ATIBLAR»

Liseyin hüquqşünası Elvin Rəhimov çıxışında bildirdi ki, bir neçə müəllim lisey rəhbərliyinə şikayət edərək hər iki müəllim tərəfindən şər, böhtan xarakterli məlumatlar yayıldığını bildiriblər. Təhqiqat şöbəsi şikayətləri araşdırıb və təsdiqini tapıb.

Müəllimlərin vəkili Elman Osmanovsa dedi ki, şər, böhtan atmaq işdən çıxarılmağa səbəb ola bilməz:

«İşdən çıxarılmaq üçün çox ciddi səbəblər olmalıdır. Hüquqi əsas olmalıdır. Şərə, böhtana görə heç kəsi işdən çıxarmırlar. Buna görə işdən çıxarılmamışdan əvvəl hər hansı xəbərdarlıq da olmayıb».

İddiaçılar məhkəmədə son çıxışlarında hakimdən ədalətli qərar gözlədiklərini desələr də, qətnamə elan olunduqdan sonra AzadlıqRadiosuna təəssüfləndiklərini bildiriblər.

«PREZİDENT LİSEYİ NƏZARƏTƏ GÖTÜRSÜN»

Zenfira Şəfiyeva:

«Təəssüf ki, məhkəmələr də, hakimlər də müstəqil qərarlar verməkdə acızdirlər. Onlar da telefon zəngi ilə qərar qəbul edirlər. Bizim iddiamız tam əsaslı olduğuna görə, lisey tərəfindən bizə qarşı olan qərəzin açıq-aşkar olduğunu nəzərə alıb düşündük ki, «kor-kor, gör-gör, hər şey göz qabağındadır və hakim iddianı təmin etməyə bilməz». Ancaq göründüyü kimi, hakim də üzünü ədalətdən yana çevirdi».

Zenfira Şəfiyeva ölkə başçısından liseyi nəzarətdə saxlamasını istəyir:

«Bu lisey gələcəyin zabitlərini yetişdirir. Ona görə də belə bir mühüm təhsil ocağında baş verən özbaşınalıqların qarşısı alınmalıdır. Mən prezidentdən liseyi öz nəzarətinə götürməsini xahiş edirəm».

Müəllimlər AzadlıqRadiosuna bildiriblər ki, məhkəmə qətnaməsindən apellyasiya şikayəti verəcəklər.

Günün bütün mövzuları

XS
SM
MD
LG