Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 11:09

Vurğun Əyyub: Cəmiyyəti problemlər yox, müğənninin soyunması maraqlandırır


Vurğun Əyyub
Vurğun Əyyub

-

Müsavat Partiyasının Məclisi aprelin 4-də keçirdiyi iclasında sabiq başqan müavini Vurğun Əyyubun adını Məclis üzvləri siyahısından çıxarıb.

Müstəqillik illərində fəaliyyəti bərpa ediləndən bəri Müsavatın rəhbər orqanlarında təmsil olunmuş Vurğun Əyyub artıq sıravi müsavatçıdır.

O, AzadlıqRadiosuna müsahibəsində rəhbərlikdən sıraviliyə gedən səbəblərdən və ölkədaxili siyası mənzərədən söz açır.

- Vurğun bəy, Müsavat Məclisi üzvlüyündən adınız çıxarılıb. İclasda o da deyilib ki, Məclis iclasında 3 dəfə iştirak etməyən avtomatik xaric olunur. İclaslara niyə qatılmırdınız?

- Partiyanın qurultayından sonrakı həftədə Məclisin formalaşmasını və fəaliyyətini qeyri-legitim saymışam. Özümü də Məclis üzvü saymamışam, çünki Məclis üzvü kimi səlahiyyətlərimin təsdiqi nizamnamədə göstərilən proseduralara zidd şəkildə təsdiqlənmişdi. Məncə, Məclis mənim özümü bu qurumun üzvü saymadığımı əsas tutub çoxdan adımı Məclis üzvlərinin siyahısından çıxarmalı idi. Ancaq elə anlaşılmasın ki, mən bütün Məclis üzvlərinin hamısını qeyri-legitim sayıram. Müsavatın rayon təşkilatlarının sədrləri tam qanuni Məclis üzvləridir və mən onların legitimliyini tanıyıram. Mən qurultayda seçilən Məclis üzvlərinin təsdiqində baş verənləri prosedur qaydalarına zidd saymışam.

- Vurğun bəy, uzun illər başqan müavini olmusunuz, sonra fəaliyyətinizi partiyanın Divanı və Məclisində davam etdirmisiniz. İndi statusunuz nədir?

- İndiki halda Müsavatın sıravi üzvüyəm. Sıravi üzvü olmağımla da fəxr edirəm. Belə qələmə verməyə çalışırlar ki, mən Müsavatın rəhbər orqanlarını legitim sayıramsa, demək, partiyanın əleyhinəyəm. Qətiyyən belə deyil. Müsavat Partiyası prosedur pozuntuları ilə formalaşmış rəhbərlikdən ibarət deyil, Müsavat böyük təşkilatdır və burda illərlə birgə mübarizə apardığım, hörmət etdiyim insanlar var.

- Siyasətə başlayan biri üçün sıravi üzvlükdən partiyanın rəhbər orqanlarında təmsilçiliyə qədər məsafəni qət etmək uğurlu siyasi karyera da sayılır. Düzdür, siz Müsavatda siyasi fəaliyyətinizə sıravilikdən başlamamısınız. Ancaq indi sıravi üzvsünüz. Rəhbərlikdən sıraviliyə gedən yol enmədir, qalxmadır?

- Əslində buna başqaları qiymət versə, yaxşıdır. Mənsə onu deyim ki, siyasətçinin gücü onun partiyada sıravi, ya rəhbər postda olması ilə ölçülmür. Təcrübə də bunu göstərmir. Demək olmaz ki, mən ölkədəki siyasi-ictimai həyatdan uzaq durmuşam. Yenə də ictimai-siyasi məsələlərə mövqeyimi ortaya qoyuram.

- Vurğun bəy, partiyadaxili mübarizə hakimiyyət uğrunda mübarizəyə necə təsir edir?

- Təbii ki, müəyyən mənada mənfi təsir edir. Ancaq bu məsələləri ört-basdır etmək vəziyyətdən çıxış yolu deyil. Təcrübəmdən bu qənaətə gəlmişəm. Bu tip problemlərdən çıxış yolu siyasi qurumlar, ictimai birliklərdə demokratiyanın tətbiqi və təntənəsidir. Əks təqdirdə bizi gələcəkdə də oxşar problemlər gözləyir. Məsələn, Müsavat Partiyası zaman-zaman öz demokratik ənənələri ilə cəmiyyətdə nümunə olur. Ancaq ən fəlakətli amil odur ki, demokratik ənənələrin ideyalarını verən, onu tətbiq edən, böyük əziyyətlə yerinə yetirilməsinə nail olan adamları indi qeyri-demokratiklikdə suçlayırlar. Partiyadaşlara nə qədər belə münasibətlər göstərilsə, partiyadaxili münasibətlərdə də hər zaman çaxnaşmalar olacaq.

- Bəzi siyasi müşahidəçilər deyirlər ki, Azərbaycan müxalifəti son 20 ildə indiki kimi zəifləməmişdi. Siz necə düşünürsünüz?

- Bu müşahidələrdə böyük həqiqət var. Amma bunun günahini yalnız partiyaların üzərinə atmaq olmaz.Azərbaycanda avtoritar hakimiyyət var. Belə hakimiyyətlər neft gəlirlərini xalqı varlandırmağa yox, müxalifəti sıradan çıxarmağa, müxalifət sırasından özünə dəstək tapmağa yönəldir. Hakimiyyət sözdə müxalifətin vacibliyini vurğulayır, amma əməldə onların sözü ilə oturub-duran müxalifət arzusundadır. Əslində, bu müxalifəti də yaratmağa nail olub. Vəziyyətdən çıxış yolunu onda görürəm ki, istər partiyadaxili, istərsə də partiyalararası münasibətlərdə şəffaflıq, aşkarlıq, demokratiklik qaydaları əsas tutulmalıdır. Bu da daima cəmiyyətin nəzarəti altında baş verən proses olmalıdır.

- Bəs cəmiyyət özü dəyişiklik istəyirmi?

- Azərbaycan cəmiyyəti indiki məqamda hədsiz dərəcədə donuq görünür. Amma mənə elə gəlir ki, bu bir az aldadıcı görünüşdür. Cəmiyyət daxilində gedən prosesləri bəlkə də okeanın alt qatlarında gedən proseslərə bənzətmək mümkündür. Məmməd Araz dəniz haqqında deyir ki, içini çölünə bükən nəhəngdir. Cəmiyyət də belədir, zahiri görünüş aldadıcı ola bilər. Azərbaycan cəmiyyəti xeyli dərəcədə inamını itirib, inamsızlıq girdabında çapalayır. Bu inamı cəmiyyətə qaytarmaq lazımdır.

- Necə bilirsiniz, istər Müsavatin, istər Milli Şuranın keçirdiyi aksiyalarda meydanın dolmamasının səbəbi cəmiyyətin inamsızlığındadırmı?

- Yəqin ki, bir çox səbəbləri var. Məncə, ciddi araşdırma aparmalı, sosial sorğular keçirilməlidir. Yoxsa hər kəs ağlındakı səbəbi ortaya qoymaqla düzgün nəticəyə gələ bilmərik. Bunun üzərində beyin mərkəzləri işləməlidirlər ki, Azərbaycan cəmiyyəti niyə gəlib bu vəziyyətə düşüb. Sadə bir misal deyim ki, sadə azərbaycanlının daha çox qıcıqlandığı məsələlərdən biri iqtisadiyyatla bağlıdır, digəri torpaq itkisidir. Amma Azərbaycan cəmiyyəti bir müğənninin efirdə soyunmasına daha kəskin, aqressiv reaksiya verir, nəinki başımıza gələn bu fəlakətlərə. Azərbaycanda cəmiyyətin psixologiyasını öyrənən, araşdıran, onu yönəltməyə çalışan qurumlar olmadığından bu suala konkret cavab vermək məsuliyyət tələb edir.

XS
SM
MD
LG