Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 09:12

Qubad İbadoğu ADR hərəkatı yaradır


Qubad İbadoğlu
Qubad İbadoğlu

-

Müsavat Partiyasının qurultayında başlayan gərginlik iki aydır səngimək bilmir. Tərəflərin qarşılıqlı ittihamları bəzən yalnız siyasi mübarizə ilə yanaşı etik normaları da aşır. Partiyaiçi durumla bağlı partiya başqanlığına keçmiş namizəd Qubad İbadoğlu “Yeni Müsavat”a müsahibə verib. Qubad İbadoğlu deyir ki, artıq qurultaydan qabaqkı Müsavat yoxdur.

– Biz bu durumdan narahat olduğumuz üçün ictimai hərəkat yaradaraq Müsavatdan gedənləri yenidən eyni qurumda toplamaq qərarına gəlmişik.

- Hərəkatı nə zaman elan edəcəksiz?

- Ən qısa zamanda işlərimizi yekunlaşdırmağa çalışacağıq.

- Hərəkatın adı necə olacaq?

- “Azərbaycan Demokratiya və Rifah” hərəkatı - qısaca ADR.

- Bir simvolika da var... Siz hərəkatda yalnız Müsavatdan gedənləri birləşdirmək istəyirsiz?

- Yox, bu hərəkatın Müsavatla bağlılığı yoxdur. Əsasən ziyalılar və gənclərdən ibarət qurum olacaq. Hərəkata üzv olmaq üçün yetərincə müstəqil insanlar da müraciət ediblər. Mən Müsavat başqanı seçilsəydim, onlar Müsavata gələcəkdilər. Bizim məqsədimiz Azərbaycanın demokratikləşməsinə töhfə verməkdir. Hərəkatın iki əsas elementi var - biri demokratiya uğrunda mübarizə, ikincisi də rifah məsələsidir. Hərəkatın bəyannaməsini yekunlaşdırmaq üzrəyik. Yəqin ki, ən yaxın günlərdə hərəkat elan olunacaq.

BAKI KƏNDLƏRININ SAKINLƏRI NƏYƏ ETIRAZ EDIR?

“Bizim Yol” qəzeti Bakı kəndləri ilə bağlı dövlət proqramlarının icrasını araşdırıb.

Təkcə 2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramına ümumilikdə büdcədən üç milyard manat ayrılıb. İqtisadçı ekspert Natiq Cəfərli deyir ki, bəzi infrastruktur layihələri insanların həyatında köklü dəyişikliklərə, keyfiyyət dəyişikliklərinə gətirib çıxarmır:

"Misal üçün, Bakı ətrafı qəsəbələrdə indiyə qədər yüksək səviyyəli yüzlərlə orta məktəb inşa edilib. Hamımız bunun şahidiyik. Ancaq bununla yanaşı həmin ərazilərdə təhsilin səviyyəsi get-gedə daha da aşağı düşür, qəbul imtahanlarında keçid balı 150 bal səviyyəsinə enir. Bəzi ərazilərdə qız uşaqlarının orta məktəbə getməsində problemlər hələ də qalmaqdadır".

Ekspert onu da dedi ki, infrastruktur layihələri hər bir ölkədə insanların həyat səviyyəsinin yüksəldilməsi ilə nəticələnməyə hesablanmalıdır.

"Ancaq Azərbaycanda təəssüf ki, vəsait ayrılır, vəsaitin necə xərclənməsini, korrupsiya hallarını bir kənara qoysaq, keyfiyyət dəyişiklikləri ilə nəticələnmədiyinin şahidi olarıq. Mərmərlə döşənilmiş xəstəxanalar tikilir, lakin yerli əhali müalicə üçün xarici ölkələrə üz tutur. İnvestisiya xərcləri insanların həyatının keyfiyyət dəyişikliyinə gətirib çıxarmır".

Ekspert məhz bu məsələlərin ciddi problem olduğunu qeyd etdi.

"O, YOLDAŞLARIN QARAÇUXUR MƏSCİDİNƏ GƏLIB GETMƏSİNİN ŞAHİDİ OLMAMIŞIQ”​

“PKK” terror təşkilatının üzvü olduğu bildirilən və dekabrın 1-də həbsə alınan Namiq Nəsibov və Elnur Ələkbərov barəsində bəzi faktlar ortaya çıxır. Qaraçuxur məscidinə “Molotov kokteyli” atan bu insanları ölkədəki kürd icmasında da kifayət qədər yaxından tanıyırlar.

ANS TV-nin məlumatına görə, arxa qapıdan birbaşa məscidin içərisinə atılan “Molotov kokteyli” ərazidə güclü yanğın törətsə də, bu fəsadlar qısa bir zamanda aradan qaldırıldı. Və indi demək olar ki, məscid tam fəaliyyətini davam etdirir.

Hadisə baş verən günə qədər anti-terror əməliyyatları zamanı saxlanılan Namiq Nəsibov Elnur Ələkbərovu isə bundan əvvəl məscidin ətrafında görən də olmamışdı.

“İl boyu biz bütün günlər istər, cümə istərsə də adi günlərdə biz daimi məsciddəyik və məscidimizə diqqətimiz var. Biz o, yoldaşların Qaraçuxur məscidinə gəlib getməsinin şahidi olmamışıq” – deyə Qaraçuxur məscidinin axundu Mirfəttah Fəttayev bildirib.

ƏLİLLƏRƏ YÜKSƏK QAYĞI DƏYİŞMƏYƏN SOSİAL VƏ MƏNƏVİ VƏZİFƏDİR

Dekabr ayının 3-ü bütün dünyada Beynəlxalq Əlillər Günü kimi qeyd olunur. “Azərbaycan” qəzeti millət vəkili Hadı Rəcəblinin yazısını dərc edib. Yazıda qeyd olunur ki, Azərbaycanda əhalinin 5,6 faizi, yəni 530 min nəfər əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlardır. Azərbaycanda əlilliyin səviyyəsinin digər ölkələrə nisbətən aşağı olmasının səbəblərindən biri ölkə əhalisinin gənc olmasıdır. Ölkəmizdə əlilliyin artmasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin rolu olub. Respublikamızın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar döyüşlərdə 12 minə yaxın vətəndaşımız əlil olub. Digər tərəfdən, ayrı-ayrı xəstəliklərin müalicəsinin düzgün və ya vaxtında aparılmaması onların ağırlaşaraq əlillik vəziyyətinə çevrilməsinə şərait yaradıb. Anadangəlmə və müalicəsi mümkün olmayan xəstəliklər, yol qəzaları və texnogen qəzalar zamanı alınan zədələr, Çernobıl qəzasının nəticələrinin aradan qaldırılmasında və sovet qoşunlarının tərkibində Əfqanıstanda hərbi əməliyyatlarda iştirak etmək əlilliyə gətirib çıxaran səbəblərdir.

Xüsusən son bir ildə görülən işlər sayəsində əlilliyi olan şəxslərin tam reabilitasiya göstəricisi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,8 faizdən 3,8 faizə, hissəvi reabilitasiya göstəricisi 0,8 faizdən 2,6 faizə yüksəlib, təkrar əlilliyi müəyyən olunan şəxslərin və sağlamlıq imkanları məhdud hesab edilən uşaqların sayı ümumən 5 251 nəfər azalıb. Bu il ƏƏSMN-in bərpa-müalicə müəssisələrində 5882 nəfərə bərpa-müalicə xidməti göstərilib, əlilliyi olan şəxslərin 18 min 44 nəfəri reabilitasiya vasitəsi və protez-ortopedik məmulatla təmin olunub.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG