Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:34

İranla təməl sazişinin Azərbaycana təsirləri


Arxiv fotosu: Iran prezidenti Hassan Rohani həmkarı İlham Əliyevi Tehranda qarşılayır. 9 aprel 2014
Arxiv fotosu: Iran prezidenti Hassan Rohani həmkarı İlham Əliyevi Tehranda qarşılayır. 9 aprel 2014

-

“Qərbin İrana qarşı sanksiyaları aradan qaldırması regionda, o cümlədən də Azərbaycanın cənub bölgəsində stabilliyin olması üçün vacibdir. Nüvə silahına görə İrana təzyiqlərin edilməsində çox vaxt Azərbaycan bir vasitə kimi istifadə olunurdu, bu da İranla Azərbaycanın münasibətlərinə mənfi təsir edirdi. Sanksiyalar aradan qalxarsa, bu münasibətlərə də müsbət təsir edər.” - Azərbaycanın cənub bölgəsində yaşayan Lənkəran Müəllimlər Cəmiyyətinin sədri Rahim Nuriyev bu fikirdədir.

Rahim Nuriyev İran və dünyanın əsas gücləri sayılan 6 ölkə arasında nüvə proqramı ilə bağlı çərçivə sazişini şərh edir.

İranla ABŞ, Britaniya, Fransa, Rusiya, Çin və Almaniyanın əldə etdiyi bu razılaşma İranın nüvə silahı hazırlamaq imkanlarını əsaslı dərəcədə minimuma endirir.

Bunun əvəzində beynəlxalq ictimaiyyət İranın müəyyən sanksiyalardan azad edilməsi barədə razılığa gəlib. Söhbət Amerikanın və BMT-nin sanksiyalarından gedir. Bildirilib ki, sanksiyaların qaldırılması mərhələli olacaq.

“İNHİSARÇILIQ OLMASAYDI…”

Sözügedən sanksiyaların aradan qaldırılmasının Azərbaycana təsirindən danışan Rahim Nuriyev deyir ki, İran xüsusən də cənub bölgəsində yaşayan azərbaycanlıların güzəranında böyük rol oynayır. O, düşünür ki, sanksiyaların aradan qaldırılması bu bölgənin sakinlərinin həyatında da müəyyən qədər iz qoyacaq, amma:

“Azərbaycan vətəndaşları gündəlik tələbatlarını ödəmək üçün İrandan alış-veriş edirlər. Sanksiyalardan əvvəl İran tərəfi həmişə təkid edirdi ki, sərhəd açılsın, sərbəst gediş-gəliş olsun. Azərbaycan tərəfi isə inhisarçılığa görə buna imkan vermirdi. Sonradan sanksiyaların qoyulmasının Azərbaycana elə də ziyanı olmadı. Əksinə, qiymət məsələsində fərq yarandı.

Sanksiyadan əvvəl İranda pulun dəyəri aşağı idi, biz gedib pul dəyişəndə xeyli qazanc əldə edirdik. İndi sanksiyaların aradan qaldırılması adi vətəndaşın həyatında hiss olunardı, əgər Azərbaycanda inhisarçılıq bu həddə olmasaydı. Nə qədər ki, Azərbaycanda inhisarçılıq var, gömrük sisteminə dövlət nəzarət mexanizmi yoxdur, vətəndaşların müvafiq həcmdə mallar aparıb gətirməsi qanunla deyil, ayrı-ayrı inhisarçılar vasitəsilə tənzimlənirsə, baş verənlər iqtisadiyyatımıza da, əhalinin güzəranına da müsbət təsir göstərməyəcək”.

İqtisadçı ekspert Natiq Cəfərli isə İran kimi neft və qaz potensialına malik bir ölkənin bazara girməsinin Azərbaycan iqtisadiyyatı üçün yarada biləcəyi problemlərdən danışır:

“Potensialına görə İran dünyada ilk üçlükdə olan ölkələrdən biridir. İranda regionun neft ehtiyatlarının 9 faizi, qaz ehtiyatlarının 13 faizə yaxını cəmlənib. Bu da çox böyük bir həcmdir. Sanksiyaların götürülməsi İranın çox sürətlə neft-qaz bazarına yenidən daxil olmasına, bu isə qiymətlərin uzun müddət daha da aşağı səviyyədə qalmasına səbəb olacaq. Azərbaycanın iqtisadiyyatı çox primitiv bir model üzərində - ancaq neftin üzərində qurulduğundan artıq biz bunun fəsadlarını hiss edirik. Neftin qiymətinin düşməsi Azərbaycana çox ciddi təsir göstərir. Gəlirlərin azalmasına, manatın dəyərdən düşməsinə səbəb olur. İranın bazara girməsi qiymətlərə daha çox təsir edəcək və ölkədə iqtisadi problemlər artacaq. Azərbaycan hökumətinin də hələ ki, gözlə görüləcək heç bir böhran proqramı yoxdur”.

“QAZ İXRACATÇISI KİMİ DƏ AZƏRBAYCANIN ƏHƏMİYYƏTİ AZALIR”

Natiq Cəfərli deyir ki, dövlət büdcəsində neftin 2015-ci ilə nəzərdə tutulan 90 dollarlıq qiyməti ilə indiki real qiymət arasında təxmini 45 dollarlıq fərq ilin sonunadək davam etsə, ilin axırına Azərbaycan Neft Fonduna nəzərdə tutulduğundan 2 dəfə az vəsait daxil olacaq. Gələn il də bu tendensiya davam etsə, Azərbaycan Neft Fondunun ehtiyatları sürətlə əriməkdə davam edəcək.

Başqa bir önəmli məqam İranın həm də qaz ölkəsi olmasıdır. Azərbaycan hökuməti neft gəlirlərinin azalmasını qaz ixracı ilə kompensasiya etmək niyyətində idi. 2020-ci ildə Azərbaycan Avropa bazarına 10 milyard kub metr qaz çıxarmağı düşünürdü. İqtisadçının dediyinə görə, İranın sürətlə bazara daxil olması qazın da qiymətinin aşağı düşməsinə səbəb olacaq və Azərbaycanın qaz ixracatçısı kimi əhəmiyyətini də xeyli azaldacaq.

Natiq Cəfərli
Natiq Cəfərli

“ŞANS VAR”

Natiq Cəfərli deyir ki, Azərbaycan bu sanksiyaların yoxluğundan xeyir də götürə bilər, əgər:

“Azərbaycanda normal iqtisadi sistem qurulsaydı, Azərbaycan coğrafi yaxınlığından istifadə edərək dünya şirkətlərinin daha tez və sürətlə İran bazarına daxil olması üçün bir rol oynaya bilərdi. Artıq Azərbaycanda bunun üçün infrastruktur da var. Sadəcə, rəqabətli mühit olmadığından imkanlar məhdudlaşdırılıb.

Məsələn, Azərbaycan Rusiya, Orta Asiya ilə İran arasında ticarət əlaqələrində mühüm rol oynaya bilərdi. Təəssüf ki, indiki vəziyyətdə bu imkanlar yoxdur, amma şans var. Şansdan bundan sonra istifadə etmək olar”.

Baş verənlərin Azərbaycanın geosiyasi önəminə təsirinə gəlincə, ekspert bu baxımdan da geriləmənin olacağını deyir, amma bunun müsbət tərəfi də var:

“Azərbaycanın geosiyasi önəmi xeyli dərəcədə zəifləyir. Çünki İranla Qərb qarşıdurması Azərbaycanı geosiyasi anlamda xeyli yüksəltmişdi. Indi birbaşa danışıqlar və təmaslar olduğu halda Azərbaycanın bu anlamda da önəmi zəifləyəcək. Bu həm də müsbət haldır, çünki eyni zamanda təhlükələri də azaltmış olacaq”.

Natiq Cəfərlinin dediyinə görə, sanksiyaların ləğvindən Azərbaycanın xeyir götürə biləcəyi bir məqam da bank sektoru ilə bağlıdır:

“İranın sanksiyalarla bağlı dünya bank sisteminə girişi xeyli məhdudlaşdırılmışdı. Əgər bu məhdudiyyət aradan götürülsə və İran dünya bankına çıxış əldə etsə, Azərbaycan bu anlamda bir körpü rolunu oynaya bilər. Təbii ki, əgər qonşu ölkələr bizi qabaqlamasalar. Bunda da çox böyük şübhələrim var, ən azından Türkiyə üzərindən Qərbə açılmaq İran üçün daha cəlbedici olacaq”.

İranla Birləşmiş Ştatlar arasında münasibətlər 1979-ci il İslam İnqilabından sonra pisləşib. 20 ildən də çoxdur ki, İranın nüvə proqramı ilə bağlı tərəflər arasında gərginlik davam edir. İranla çərçivə sazişinin əldə olunması üçün qoyulmuş son tarix martın 31-də bitdi. Ancaq rəsmilər danışıqları daha 2 gün davam etdirə və aprelin 2-də təməl sazişi əldə edə bildilər.

XS
SM
MD
LG