Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:59

İran və dünya gücləri «tarixi» razılaşma əldə etdilər


BMT Təhlükəsizlik Şurasının beş üzvü və Almaniya (P5+1) ilə İran gələcək hərtərəfli sazişin “əsas parametrləri” barədə tam razılığa gəliblər

-

İran və dünyanın əsas gücləri sayılan altı ölkə arasında “marafon” tipli danışıqların nəticəsində uzaq perspektivli sazişin təməl çərçivəsi barədə razılaşma əldə olunub.

İranla ABŞ, Britaniya, Fransa, Rusiya, Çin və Almaniyanın əldə etdi bu razılaşma İranın nüvə silahı hazırlamaq imkanlarını əsaslı dərəcədə minimuma endirir və yekun sazişinin bütün əsas məqamlarını əhatə edir.

FORDOU TƏDQİQAT MƏRKƏZİNƏ ÇEVRİLİR

Avropa İttifaqının xarici işlər komissarı Federica Mogherini deyib ki, BMT Təhlükəsizlik Şurasının beş üzvü və Almaniya (P5+1) ilə İran gələcək hərtərəfli sazişin “əsas parametrləri” barədə tam razılığa gəliblər və əsas saziş iyun ayınadək hazır olacaq.

Lozannada mətbuat konfransında danışan Mogherini bildirib ki, İranın uran zənginləşdirmə gücü azaldılacaq və Fordou obyekti nüvə fizika tədqiqat mərkəzinə çevriləcək. Bu, gələcək razılaşmanın bir hissəsidir. Onun sözlərinə görə, anlaşmanın digər aspektləri artıq istehsal olunmuş zənginləşdirilmiş uranın İrandan çıxarılmasını nəzərdə tutur.

Mogherini-nin sözlərinə görə, Birləşmiş Ştatlar və AB İrana qarşı iqtisadi sanksiyaları o zaman qalqıracaq ki, BMT-nin nüvə agentliyi İranın yekun razılaşma öhdəliklərini yerinə yetirdiyini təsdiqləsin.

“TARİXİ” RAZILAŞMA

Prezident Barack Obama razılaşmanı “tarixi” adlandırıb.

ABŞ prezidenti deyib: “Bu sazişlə İran dünyada istənilən başqa ölkədən daha çox təftişə məruz qalacaq. Bu uzunmüddətli razılaşma olacaq və İranın potensial olaraq nüvə silahı hazırlamasının bütün cığırlarını kəsəcək. İranın nüvə proqramı üzərinə yaxın onillik üçün sərt limit qoyulacaq. Qurğuların tikilməsi və materialların anbarlanması üzərinə əlavə olaraq 15 illik məhdudiyyət qoyulur. Misli görünməmiş şəffaflıq tədbirləri 20 il və daha uzun müddətdə tətbiq olunacaq. Əlbəttə, bunlardan bəziləri daimi olacaq. Və Nüvə Silahının Yayılmamasına dair Müqavilənin üzvü kimi İrana nüvə silahı hazırlanması üçün heç vaxt icazə verilməyəcək”.

(Soldan) Britaniyanın xarici işlər naziri Philip Hammond, ABŞ Dövlət katibi John Kerry, AB-dən Federica Mogherini və İranın xarici işlər naziri Mohammad Javad Zarif
(Soldan) Britaniyanın xarici işlər naziri Philip Hammond, ABŞ Dövlət katibi John Kerry, AB-dən Federica Mogherini və İranın xarici işlər naziri Mohammad Javad Zarif

Obama deyib ki, bunun əvəzində beynəlxalq ictimaiyyət İranın müəyyən sanksiyalardan azad edilməsi barədə razılığa gəlib.

ABŞ prezidenti dəqiqləşdirib ki, söhbət Amerikanın və BMT-nin sanksiyalarından gedir.

Onun sözlərinə görə, sanksiyaların qaldırılması mərhələli olacaq.

OLMAQ İSTƏDİYİMİZ YER

İranın xarici işlər naziri Mohammad Javad Zarif deyib ki, İran və altı dövlət rəsmiləri “olmaq istədiyimiz yerə hələ də tam çatmayıblar”.

Onun sözlərinə görə, İrana qarşı sanksiya nəzərdə tutan BMT Təhlükəsizlik Şurasının bütün qətnamələri tam sazişlə qaldırılacaq.

Ancaq ABŞ rəsmilərinin yaydığı məlumatda deyilir ki, İran nüvə proqramına dair bir sıra problemləri həll edəcəyi halda BMT qətnamələri qaldırılacaq.

İranla çərçivə sazişinin əldə olunması üçün qoyulmuş son tarix martın 31-də bitdi. Ancaq rəsmilər danışıqları daha 2 gün davam etdirə və təməl sazişi əldə edə bildilər.

İranın nüvə proqramı üzrə 20 ildən artıq davam edən gərginliyə son qoya biləcək yekun saziş İranla Birləşmiş Ştatların yaxınlaşma imkanlarını artırır. İki ölkənin münasibətləri 1979-ci il İslam İnqilabından sonra pisləşib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG