Şərur rayonunun Düdəngə kənd sakini birinci qrup Qarabağ əlili Cəbrayıl Məmmədov deyir ki, 3 körpə uşağım var, kəndə qaz çəkməyiblər, həyətimdəki ağacları ötən qışda kəsib yandırmışam, neft almağa da pulum yoxdur. İndi mən nə etməliyəm? Bir ayağımı da döyüşdə itirdiyim üçün işləyə bilmirəm. Ayda da 50 manat təqaüd alıram. Onun da elə oradaca 14 manatını işıq puluna tuturlar. Qarabağ əlili deyir ki, evinə icazəsiz girmək istəyənlərə və həyat yoldaşına həddən artıq kobud davrananlara etirazını bildirdiyi üçün polis tərəfindən həm döyülüb həm də heç bir günahı olmadığı halda yaralı vəziyyətdə 8 saat Şərur rayon polis bölməsində saxlanılıb.
Belə narazılıqlar çoxdur. MR Daxili İşlər Nazirinin müavini Qaçay Məmmədov deyir ki, bəzi rayonlara keçirilən reydlərdə onun özü də iştirak edib. Hətta dövlət idarələrində də enerjidən israfçılıqla istifadə edildiyinin şahidi olub.
MR Energetika Agentliyinin rəhbəri Yasin Səfərovun sözlərinə görə standartlara uyğun olmayan qızdırıcı cihazlar biri gün ərzində 20 kilovata yaxın enerji istifadə edir ki, bu da enerji israfçılığı deməkdir.
İsrafçılığa yol verməmək üçün bazarlarda da reydlər keçirilir. Satılan qızdırıcı spirallar müsadirə edilir. Naxçıvan şəhər polis şöbəsinin bölmə rəisi Əşrəf İbrahimov deyir ki, təkcə Naxçıvan şəhərində keçirilən reydlərdə 1200-ə yaxın qeyri standart qızdırıcı cihaz yığılıb.
Muxtar Respublikada evində sayğacı olmayanlar hər evə 12-16 manat məbləğində işıq pulu ödəyirlər. Hazırda MR-da istifadə edilən enerjinin yalnız 30-40 faizi yerli imkanlar hesabına təmin edilir. Qalan elektrik enerjisi isə Türkiyə və İrandan alınır.