Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:09

Bakıda harada mitinq keçirmək olar?


Aksiya keçirmək istəyənlər ən azı 5 gün əvvəldən meriyaya müraciət etməlidirlər

Aksiya keçirmək istəyənlər ən azı 5 gün əvvəldən meriyaya müraciət etməlidirlər

Bakı Şəhər İcra Hakimiyyəti paytaxtda küçə yürüşləri və mitinqlərin keçirilməsi məqsədilə «Sərbəst Toplaşmaq azadlığı haqqında» qanunun 9-cu maddəsini əsas götürərək yerlər müəyyənləşdirib. Bakıda mitinqlərin keçirilməsi üçün aşağıdakı ünvanlar təklif olunur:

Səbail rayonunda «Neftçi» İdman-Sağlamlıq Mərkəzinin Bibiheybətdəki stadionu; Suraxanı rayonunda Tofiq İsmayılov adına stadion; Nizami rayonunda Rüstəm Rüstəmov küçəsindən Heydər Əliyev adına Bakı Neft Emalı Zavoduna doğru gedən yoldakı meydan və Xətai rayonunda Ukrayna meydanı.


Küçə yürüşlərinin keçirilməsi üçün də marşrutlar müəyyənləşdirilib. Metronun «Neftçilər» stansiyasının yanından başlayaraq Heydər Əliyev adına Bakı Neft Emalı zavodunun yaxınlığındakı meydana qədər; metronun Həzi Aslanov stansiyasının yanından başlayaraq Məhəmməd Hadi küçəsindən keçməklə Ukrayna meydanınadək; Suraxanı rayonundakı Səttar Bəhlulzadə adına meydandan Tofiq İsmayılov adına stadionadək küçə yürüşləri keçirilə bilər.


Paytaxt meriyasının məlumatında bildirilir ki, kütləvi aksiya keçirmək barədə azı beş gün öncə şəhər icra hakimiyyəti xəbərdar edilməlidir. Həmin xəbərdarlıq məktubunda kütləvi aksiyanın yeri, vaxtı, iştirakçıların təxmini sayı, yürüşün marşrutu haqda məlumat verilməlidir. Bu cür aksiyaların vaxtı və marşrutu Bakı Şəhər İcra Hakimiyyəti ilə müəyyənləşdirilməlidir.


Amma şəhər rəhbərliyinin bu qərarını müxalifət partiyalarının çoxu bəyənmir. «Azadlıq» blokuna daxil olan Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevə görə, hakimiyyət müxalifət partiyalarını şəhərin mərkəzindən sıxışdırmaq niyyətindədir. O, bunu hökumətin Avropa Şurası Venesiya Komissiyası ilə «Sərbəst toplaşmaq azadlığı haqqında» qanunu ilə bağlı aparılan danışıqların nəticəsi kimi qiymətləndirir: «Görünür ciddi təzyiqlər var və gələcəkdə kütləvi aksiyaların məhdudlaşdırılması mümkün olmayacaq. Ona görə kütləvi aksiyaların baş tutmaması üçün şəhərdən və nəqliyyatdan uzaq yerləri seçiblər».


Son bir neçə ildə Bakı Şəhər İcra Hakimiyyəti müxalifət partiyalarına şəhərin mərkəzi küçə və meydanlarında kütləvi aksiyalar keçirməyə icazə verməyib. Sərbəst toplaşmaq azadlığı ilə bağlı qanun AŞ Venesiya Komissiyasının ekspertləri tərəfindən dəyərləndirilib. ATƏT isə bununla bağlı tövsiyələrini təqdim edib. Yaxın günlərdə hökumətlə birgə yaradılmış işçi qrup həmin sənədi müzakirə edəcək.


Günün bütün mövzuları

XS
SM
MD
LG