Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 06:28

Kütləvi aksiya keçirmək problemi....


Müxalifətin etiraz aksiyası, iyun, 2005
Müxalifətin etiraz aksiyası, iyun, 2005
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat Partiyasının mitinq keçirməsini məqsədəuyğun bilmədi. Partiya Dağlıq Qarabağ münaqişəsi, sosial problemlər, insan haqları, söz azadlığı, korrupsiya və bu kimi məsələlərlə bağlı yürüş-mitinq keçirmək istəyirdi. BŞİH-in cavabında bildirilir ki, dövlət başçısı bütün bu sadalanan məsələlərlə, yəni Dağlıq Qarabağ münaqişəsindən tutmuş sosial problemlərədək məşğul olduğuna, ölkədə yoxsulluğun səviyyəsi azaldığına, əhalinin həyat tərzi yaxşılaşdığına görə, kütləvi aksiya keçirilməsinə zərurət yoxdur. Korrupsiya ilə bağlı etiraza səbəb ola biləcək halla üzləşənlərsə Baş prokurorun yanında yaradılmış Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə üz tuta bilər.

BŞİH-in əsaslandırmasını absurd sayan Müsavat Partiyasının başqanı İsa Qəmbərə görə, hakimiyyətin bir qolunun hər hansı bir problemlə məşğul olması o demək deyil ki, adamlar həmin problemlərlə maraqlanmamalıdırlar. Cənab Qəmbər 1980-ci illərdə rayonlardan birində Xalq Cəbhəsinin yerli təşkilatını yaratmaq istəyən bir neçə cəbhəçini rayonun birinci katibi qəbul edərkən onların arasında baş verən söhbəti xatırladır: «Birinci katib soruşur ki, bu təşkilatı niyə yaradırsız? Cəbhəçi dostumuz deyir ki, ölkədə Dağlıq Qarabağ problemi var. Bundan başqa, iqtisadi, ekoloji, mədəni problemlər mövcuddur. Həmin birinci katib də görünür, zarafatcıl addammış. Deyir ki, Dağlıq Qarabağ münaqişəsi ilə hakimiyyət məşğuldur, ekologiya məsələsi ilə Təbiəti Mühafizə İdarəsi, mədəniyyət məsələləri ilə nazirlik, rüşvəti də biz özümüz alırıq...Görünür, hakimiyyətin təfəkkürü 1988-dən bu yana dəyişməyib».


Ekspertlər isə meriyanın partiyaların mitinq keçirmək istəyinə verdiyi cavabı hakimiyyət orqanının siyasi təşkilatın işinə müdaxiləsi kimi dəyərləndirirlər. «Şərq-Qərb» Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu: «Mitinqin gündəliyinə korreksiya verilməsi o deməkdir ki, Hacıbala Abutalıbov siyasi missiyaları öz üzərinə götürüb. Meriyanın partiyaya yol göstərməsi yolverilməz haldır».



Ekspertlər meriyanın partiyaların mitinq keçirmək istəyinə verdiyi cavabı hakimiyyət orqanının siyasi təşkilatın işinə müdaxiləsi kimi dəyərləndirirlər
Elə bu müzakirə də təzə mövzu deyil. Son illər mitinq, yürüş və ya piket keçirmək istəyən siyasi qurumların aldığı cavab bir-birinə, yəni indi Müsavat Partiyasına göndərilən məktuba bənzəyir. Hərçənd partiya funksionerləri arasında azacıq da olsa fərqli cavab alacaqlarına inanalar varıydı. Çünki elə iki gün əvvəl hökumət ATƏT-lə «Sərbəst toplaşmaq azadlığı haqqında» qanunu müzakirə etmiş və Prezident Aparatı İctimai-Siyasi Şöbəsinin müdiri Əli Həsənov qanunun özündə və icrasında problemlər olduğunu etiraf etmişdi. Elə həmin müzakirələrin təşkilatçısı ATƏT-in Bakı Ofisinin rəhbəri Maurisio Pavesi də yerli icra qurumlarının müxalifətin mitinq keçirmək müraciətinə izahatını və ya müxtəlif səbəblər göstərərək onlara rədd cavabı verməsini siyasi müdaxilə kimi qiymətləndirmişdi: «Biz müzakirələrdə qeyd etmişdik ki, qanunun yazılışı tamamilə aydın deyil. Bu üzdən də onun icrası zamanı müxtəlif yozumlar meydana çıxır. Yerli icra hakimiyyətlərinin bəzi hallarda kütləvi aksiyaların keçirilməsi ilə bağlı müdaxiləsi həssas məsələdir. Buna görə də qanunun ekspertlərlə müzakirəsi zamanı bu məqam diqqət yetirilən başlıca məsələlərdən biri olacaq».

Prezident Aparatında insan haqlarının müdafiəsi üzrə sektor müdiri Çingiz Əsəgrova görəsə, kütləvi aksiya keçirmək üçün müraciət edən partiya və ya quruma veriləcək cavab aydın və əsaslandırılmış olmalıdır. Bundan başqa, aksiyaların məhdudlaşdırılması zamanı hökumət beynəlxalq sənədlərə istinad edir. Əgər bu izahat kimisə qane etmirsə, məhkəməyə müraciət etmək hüququ var.


Elə Müsavat Partiyası da bu hüququndan yararlanmaq niyyətindədir. Partiya başqanı İsa Qəmbər deyir ki, onlar yenidən kütləvi aksiya keçirmək tələbilə Bakı Şəhər İcra Hakimiyyətinə, bu tələb təmin olunmadığı halda, məhkəmələrə müraciət edəcəklər.


Amma bir neçə il əvvəl mitinqə icazə vermədiyi üçün AXCP də BŞİH-i məhkəməyə verməyə cəhd etmiş, amma ciddi nəticə əldə edə bilməmişdi.


Adətən Azərbaycanda müxalifətdə olan siyasi təşkilatların etiraz aksiyaları keçirməklə bağlı müraciətlərinə meriya yalnız seçki kampaniyaları dövründə icazə verir. Həm də «Sərbəst toplaşmaq azadlığı haqqında» qanuna istinad edərək. Amma seçki kampaniyası başa çatan kimi yenə də eyni qanuna istinadla etiraz aksiyasının keçirilməsi məqsədəuyğun hesab edilmir. Bu məqam müxalifət çevrələrində əslində, mitinqlərə qanundakı hansısa boşluğa görə deyil, siyasi mülahizələrə görə, icazə verilmədiyi barədə rəy yaradıb.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG