Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:02

Seymur Baycan. Kimdir dəli?


Seymur Baycan
Seymur Baycan

-

Ayıb deyilmi? Nə ad vermək olar buna? Onsuz da cəmiyyətimizdə elə bir vəziyyət yaranıb ki, bir balaca həssas, biraz abırlı adam dəli olmalıdı...

Seymur Baycan

KİMDİR DƏLİ?

Hərə bir şey üçün darıxır. Hərə bir şeyin xiffətini çəkir.

Biri keçmişin dondurmalarındakı dadı, biri keçmişin çörəklərindəki ətri axtarmaqdadı. Biri keçmişdəki arvadların zirəkliyindən, biri keçmişdəki kişilərin işgüzarlığından, zəhmindən ötrü darıxmaqdadı.

37-ci ilin repressiyaları üçün burnunun ucu göynəyənlər, "Ah nə kef çəkməli əyyam idi", - deyib sovet dövrünün senzurasını arzulayanlar da var.

Qərəz, hərə bir şey üçün darıxır.

Şota İataşvili də keçmişdəki ruhi xəstələr üçün darıxmaqdadı. Deyir: "Onlar daha maraqlı, daha kreativ, daha urbanistik idilər". Başlayır uşaqlıq, yeniyetməlik dövründə gördüyü ruhi xəstələrdən danışmağa.

Biri xüsusən yadında qalıb. Bu adam qoltuğuna radio vurub gedirmiş stadiona. Futbol oyununa baxmağa...

O zamanlar oyunlar həm də radio ilə canlı yayımlanırdı. Bunu indi təsəvvür etmək nə qədər çətin olsa da, belə bir şey olub. Aparıcı başdan ayağa oyunu danışırdı.

Məsələn, deyirdi ki, Maşallah Əhmədov topu götürüb meydanın sağ küncü ilə irəliləməkdədi... Zərbə, top qapının yanından, yaxud da üstündən keçdi. Sən də bu eşitdiklərini təsəvvür etməliydin. Bəli, bunu indi təsəvvür etmək çox çətindi. İndi oyunları həzz ala-ala seyr etmək üçün hər cür şərait var. Topu, oyunçunu, hakimi hər tərəfdən çəkib adamlara göstərirlər. Hakimlərin də səhvi o dəqiqə aşkar olur.

Yadımdadı, rəngli televizor almışdıq. Bir qohumum rəngli televizorda futbola baxandan sonra dedi: "Biz bu vaxta qədər futbola baxmamışıq". Düz deyirdi. Hərçənd həmin o rəngli "Raduqa" markalı televizoru da texniki imkanlar baxımından indinin inkişaf etmiş televizorları ilə heç cür müqayisə etmək olmaz. Ağ-qara televizorda isə oyunçuların kölgəsi də ekrana düşürdü. Oyunçuların sayı gəlib çatırdı qırx dördə. Üstəlik külək bir balaca əsən kimi ekran qarışırdı. Gərək bir adam qalxaydı damın üstünə. Daima antennanı ora-bura hərlədəydi...

Qərəz, Şotanın haqqında danışdığı adam qoltuğuna vururmuş radionu, gəlirmiş stadiona. Qulağını radioya dirəyib, yayıma qulaq asıb, şərhlə oyunu müqayisə edirmiş ki, görsün şərhçi adamları aldadır, ya yox.

Adamda azara bax. Şərhçi bir balaca yanlışlığa yol verəndə, götürüb radioyaya məktub yazırmış. Niyə adamları aldadırsınız? Filan dəqiqədə top qapının yanından iki metr aralı keçib. Sizin şərhçi isə dedi ki, top qapıdan bir metr aralı keçib.

Sonra Şota günlərin bir günü nəsə xəstələnir. Onu xəstəxanaya aparırlar və həmin bu ruhi xəstəylə bir palatada yatmalı olur. Təsəvvür edin, bu söhbət içki masasının arxasında gedir. O danışır və mən də qulaq asa-asa paralel olaraq uşaqlıqda gördüyüm dəliləri xatırlayıram.

Xatırladıqca bu qərara gəlirəm ki doğurdan da o dövrün ruhi xəstələri daha kreativ, daha maraqlı və urbanistik idilər. Nəyin əlamətidir bu? Nostalgiya, keçmiş üçün darıxmaq, yoxsa həqiqətən də belə idi? Bu onun göstəricisidir ki, cəmiyyət nə qədər geri gedib.

Cəhalət tüğyan etməkdədir. O vaxtın ruhi xəstələri nəsə icad etməyə çalışırdılar. Məişət avadanlıqlarını söküb nəsə özlərindən təzədən bir şey quraşdırmaq istəyirdilər. Biri vardı, həyətinə nə qədər dəmir-dümür yığmışdı. Təyyarə düzəltmək istəyirdi. Deyirdi düzəltməyinə düzəldəcəm, amma uçacaq- uçmayacaq onu bilmirəm.

Bir ruhi xəstə də yadımdadı. Parkda Lenin heykəlinin qarşısında bir yekə ağac vardı. Gövdəsində oyuq yaranmışdı. Bu da həmişə deyirdi: "Lenin ağaca o qədər baxıb ki, ağac deşilib".

Cəmiyyətin nə qədər geri getdiyini göstərən daha bir göstərici var. O vaxtlar dəli olmuş adamlar haqqında daha çox bu sözləri deyirdilər: "Oxumaqdan başı xarab olub". Bir nəfər tanıyırdım. Öz-özünə danışa-danışa küçədə gəzirdi. Hamı deyirdi ki, oxumaqdan başı xarab olub. Biz də uşaq idik. Bilmirdik doğurdan da oxumaqdan başı xarab olub, yoxsa camaat kitaba qarşı qorxu yaratmaq üçün belə şayiələr yayır. Yəni sən də oxusan onun gününə düşəcəksən.

Bir uzaq qohumum vardı. Xəstələnmişdi. Hamı deyirdi ki, uzanıb kitab oxumaqdan bədəni quruyub. Bir adamı da xatırlayıram. Onun haqqında “Körpüsalanlar”da yazmışam. Dirəşmişdi ki, sportlotoda beş rəqəmini tutacam. Anasıyla balaca bir evdə yaşayırdı. Çox az adamla ünsiyyətə girirdi. Özünə qapanmışdı.Ata tərəfdən yaxın qohumumuz idi. Nə qədər əziyyət çəkdi. Axırda doğurdan da beş rəqəmini tutdu. Özünə süd rəngində bir maşın aldı. Amma artıq başı pozulmuşdu. Dəli oldu. Neçə dəfə maşınla itdi. Hər dəfə axtarışa verib respublikanın bir tərəfindən tapıb evlərinə gətirirdilər. Sonra daha evdən bayıra çıxmadı. Maşının da təkərlərini gecəylə açıb apardılar. Belə bir faciəvi həyat yaşadı adam.

Bir başqa ruhi xəstəni də xatırlayıram. Heç kimlə işi olmazdı. Toyda, yasda peyda olub, bir qab çörəyini yeyib çıxıb gedirdi. Onun haqqında da deyirdilər ki, cavanlıqda çox güclü riyaziyyatçı olub...

İki cür dəlilik var. Cəhalətə xidmət edən dəlilik. Tərəqqiyə xidmət edən dəlilik. Gəlin indi də bu günümüzün dəlilərini xatırlayaq. Onlar nə edirlər? Cin çıxarırlar, qeybdən səslər eşidirlər, onlara vergi verildiyini iddia edirlər. Üstəlik bu dəlilər hər gün efirdədirlər. Tanınırlar. O vaxtın dəliləri haqqında deyirdilər: "Oxumaqdan başı xarab olub". İndinin dəliləri haqqında deyirlər: "Adama vergi verilib".

Ötənlərdə bir müsahibə oxudum. Müsahibədə adam ciddi-ciddi demişdi ki, cinlərimi küçədə gəzdirmirəm. Bir kadr isə heç yadımdan çıxmaz. Bir nəfəri uzatmışdılar yerə. Bir cinçıxardan isə onun başının üstündə dayanıb guya adamın qarnındakı cinlə danışırdı. Daha doğrusu cini danlayırdı: "Sən nə edirsən orda? Çıx ordan. Çıx. Çıx get Məkkəyə".

Cinçıxardan cini çox ərkyana danlayırdı. Lap “O olmasın, bu olsun” filmindən Məşədi İbadla Sərvərin deyişməsi yada düşdü. Sən orda neynirsən? Ən pisi də odur ki, millətin ataları, anaları, xalaları, bibiləri, bığlı-saqqallı kişilər bu dəlilərin qapılarında növbəyə düzülüblər. Fala baxdırırlar, cin çıxartdırırlar. Ətək-ətək pullar xərcləyirlər.

Ölkədə normal bir elmi jurnal olmayanda, efiri falçılarla, müğənnilərlə, idmançılarla dolduranda belə də olmalı idi.

Keçək məsələnin başqa tərəfinə. Haqverdiyevin “Uca dağ başında” adlı bir hekayəsi var. Hekayədə bir şəhərdən bəhs olunur. Bu şəhərin əhalisi bekarçılıqdan əziyyət çəkir. Ona görə də darıxmaqdan yaxa qurtarmaq üçün işləri-peşələri dəli oynatmaqdır. Dəli tapmayanda gedib başqa yerdən dəli gətirirlər. Bu da alınmayanda kimisə dəli edirlər. Gerçəkdən də bizim adamların dəlilərə qarşı çox qəddar münasibəti var. Bir də görürsən bazarda, küçədə bir topa bığlı-saqqallı bazburutlu kişi yığışıb dəli oynadırlar. İndi adamdı, əsəbləri dözməyib başı pozulub. Ya anadan belə doğulub. Bu o demək deyil ki, onu araya alıb dolamaq lazımdı. Ayıb deyilmi? Nə ad vermək olar buna? Onsuz da cəmiyyətimizdə elə bir vəziyyət yaranıb ki, bir balaca həssas, biraz abırlı adam dəli olmalıdı. Olmayıbsa, ya dəli edənlər təbəqəsinə mənsubdu, ya da qabırğaları standartlardan biraz qalındı.

Bir dəfə 8-ci kilometr bazarında gördüm. Bir ruhi xəstəni bir topa kişi araya alıb oynadırdı. Biri bir manat verib onu söydürürdü. Biri iki manat verib bunu söydürürdü. Baxırsan yekə-yekə kişilərdi. Atadırlar, ailə başçısıdırlar, əmidirlər, dayıdırlar... Oturandadünya siyasətindən, masonlardan,mərifətdən, qanacaqdan danışırlar, amma xəstə bir adamı ortaya salıb vəhşicəsinə əylənməkdədirlər. Nədir bunun adı. Dəli edib adamı salıblar çöllərə, hələ bir utanmadan da oynadıb guya özlüklərində əyləncəli vaxt keçirirlər.

Halbuki, xəbərləri yoxdur başqa dəlilər, efirdəki qalstuklu, kostyumlu dəlilərbunların özlərini bu və ya digər formada dolamaqda və oynatmaqdadırlar. Belə məqamda klassik sual çıxır ortaya: Kimdir dəli?

Kultura.az

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG