Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 11:07

-

Bəs bunların bir yaxını yoxdurmu desin ki, ay əmi, ay dayı, ay qonşu, axı belə olmaz?! Sən xalqın günahsız balaların niyə həbsxalarda çürüdürsən? Nə üçün? Niyə? Nə səbəbə? Nə ediblər? Hansı cinayəti törədiblər?

Seymur Baycan

BİZİM QIRMIZI XƏTTİMİZ

Eyni hərəkətə başqa-başqa adların qoyulduğu, başqa-başqa rənglərin və mənaların verildiyi bir cəmiyyətdə yaşayırıq.

Babat bir kostyum geyinib, babat bir maşına minib, cibdə babat pulla azərbaycanlıların dəyər adlandırdıqlarının üstündən asanlıqla o tərəfə, bu tərəfə keçmək olar.

Necə ki, bu dəyərlərin üstündən keçənlər var və həmin adamların hərəkətlərini qınamaq əvəzinə, onlara pərəstiş edirlər, həm də yaltaqlanırlar.

Kasıb geyinmiş adam içəndə alkoqolik olur, yaxşı geyinmiş adam içəndə kefqom. Kasıb geyinmiş adam zarafat edəndə təlxək olur, yaxşı geyinmiş adam zarafat edəndə olur zarafatcıl adam. Kasıb bir dəfə sağa-sola gedəndə olur sümsük it, yaxşı geyinmiş adam sağa-sola gədəndə olur baz kişi. İkincilərə "kişi baz olmalıdı",- deyib təriflər yağdırırlar.

Metroda kasıb geyinmiş cütlük görəndə bizdə ikrah oyadır (sanki kasıbların sevməyə haqqı yoxmuş), yaxşı geyinmiş cütlük görəndə biz onlara həsəd aparırıq. Kasıb geyinmişlər zarafat edəndə, şənlənəndə onlara "çuşka" adı qoyuruq (biri elə mən özüm), yaxşı geyinmiş gənclər zarafat edəndə "gəncdirlər, cavandırlar, şəndirlər", - deyirik.

Azərbaycan böyük bir teatra bənzəyir. Azərbaycan dünyanın ən böyük teatrıdı. Hər kəs bu teatrda öz rolunu məharətlə oynayır. Uşaqdan tutmuş böyüyə, məmə deyəndən pəpə yeyənə kimi...

Elə bir dəyər varmı ki, o dəyərə heç kim toxuna bilməsin? Kasıb da, varlı da, adi vətəndaş da, nazir də o dəyərə toxunanda cəmiyyətin kəskin qınağına tuş gəlsin. Elə bir dəyər varmı ki, hər bir adam o dəyərə hörmət etsin və hörmət etməyəcəyi təqdirdə cəmiyyətin gözündən düşəcəyindən, bütün nüfuzunu itirəcəyindən qorxsun? Qoy, hər kəs bu suala özü cavab verməyə çalışsın.

Anaya hörmət? Yalandı. Yoxdu belə hörmət. Sadəcə, adamlar rol oynayırlar. Hər kəs rol oynadığının fərqindədir, sadəcə, bir-birilərinin üzünə vurmurlar.

Əgər bu teatr olmasa, bir gündə minlərlə insan öz anasının qolundan tutub evdən bayıra atar. Ya da ən yaxşı halda qocalar evinə aparar. Guya adamların necə yaşadığından xəbərimiz yoxdu. Bəs niyə yazılara bu qədər kəskin reaksiya verirlər? Çünki yazılanlar doğrudu.

Kulisdə baş verənlər yazılanda adamlar dəli olur. Onlar deyirlər ki, biz onsuz da bunları bilirik, sadəcə, bunları dilə gətirib oyun qaydalarını pozmaq olmaz. İmkan verin tamaşamızı oynayaq. Su şırnağında bir soyuq axın, yaxud bir tikan adamı necə cinləndirirsə, yazılar da onları elə cinləndirir.

Bir nəfər vardı. Anası rəsmən dilənirdi. Gedirdi bazara, bazardakılar ona meyvədən-filandan verirdilər. Ya da qonşular arvada kömək edirdilər. Nə niyyətlə, Allah bilir. Birinin qızı nişanlıdı, birinin oğlu əsgərlikdədi, birinin övladı imtahana hazırlaşır. Təbii ki, bütün bunlar, nişan üzüyünün qayıdacağı qorxusu təmənnalı yardıma səbəb olmaqdadı.

Müəllifini unutduğum bir əla söz var. Deyirlər ki, insanlar ona görə dilənçilərə pul verirlər ki, nə vaxtsa dilənçi olacaqlarından qorxurlar. Belə bir təhlükə var. İnsanlar filosoflara ona görə pul vermirlər ki, filosof olmayacaqlarını dəqiq bilirlər. Söz yadımda təxminən belə qalıb.

Bəli, rəsmən dilənən qadın bir gün rəhmətə getdi, haqq dünyasına qovuşdu. Bundan sonra sizdən bir çoxunun şahidi və bir çoxunun iştirakçısı olduğunuz tamaşa başladı. Qadının oğlu xaricdən gəldi. Həyətə daxil olanda əvvəlcə bir neçə adam bu adamı bərk-bərk tutdu ki, özünə qəsd etməsin. O isə çırpınır, qışqırır və guya dərddən özünü öldürmək istəyirdi.

Elə hey bu sözləri təkrarlayırdı: "Belimi qırmısan e, belimi". Yəni, ananın ölümü onun belini qırıb. Azərbaycan dilindən tərcüməsi belədir. Əgər yalan deyirəmsə, elə cümlələri yazdığım yerdə barmaqlarım qurusun. Ağlaşan kim, üzünü cıran kim, ağı deyən kim. Elə bil mahir bir rejissor bütün istedadını ortaya qoyaraq mükəmməl bir səhnə yaratmışdı. Hər kəs öz rolunu əla, əla nədi superin superi oynayırdı. Qərəz, bu arvadın yasında elə bir qonaqlıq verdilər ki, əstəğfurullah, masada bir "Beluqa" arağı çatışmırdı.

Əgər çadırın başına məhrumənin qara haşiyəli portretini asmasaydılar və həmin portretin yerinə "Toyunuz mübarək!", ya da "Xoşbəxt olun!" yazılsaydı, bir balaca da musiqidən-zaddan olsaydı adama elə gələrdi ki, bura yas məclisi deyil, toy məclisidi.

Yazıq arvadın bu dünyada yeyə bilmədiyi təamları və nemətləri masanın üstünə düzmüşdülər. Bütün bu saxta haqq-hesablardan sonra arvadın qəbrinin üstünə bir heykəl də qoydular. Hamı da dedi ki, filankəs anasını çox urvatla o dünyaya yola saldı. Halbuki bu sözü deyən adamların hər biri əslində, real vəziyyətin necə olduğunu gözəl bilirdilər.

Bilirdilər, amma bununla belə, oğula öz övlad vəzifəsini yüksək yerinə yetirdiyinə görə təşəkkür edirdi.

Tanış mənzərdir, elə deyilmi? Deməyin ki, özümdən uydururam. Axı aşağı-yuxarı hər biriniz belə hadisələrin şahidisiniz.

Ataya hörmət? Yalandı. Əgər atanın pulu varsa, hörmət edəcəklər, yoxdursa, ataya çox az vətəndaşımız hörmət qoyacaq. Atalar haqda az sonra söz açacayıq.

Vətən sevgisi? Yalandı. Vətənə sevgidən danışanların vətəndə yaşayan adamlara necə zülm etmələrindən xəbərimiz var. Necə olur ki, sən vətəni sevirsən, amma vətəndə yaşayanlara nifrət edirsən? Vətəni sevirsən, amma vətəndə yaşayana zülm edirsən. Mülkünü əlindən alırsan, evini başına uçurursan. Övladını əsgərlikdə intihar həddinə çatdırırsan. Belə şey olmur. Vətəni sevən adam vətəndaşı da sevməlidi. Vətən sadəcə, onlar üçün bir firmadı.

Taqor deyirdi: "Vətən təkcə torpaq deyil, vətən həm də insanlardı".

Klassiklərə və mədəniyyətimizə hörmət? Yalandı. Üzeyir Hacıbəyovun adı Konservatoriyadan götürüləndə bir dəstə gəncdən savayı hamı ağzına su alıb durdu. Nə Üzeyir Hacıbəyov, nə Mirzə Cəlil, nə Haqverdiyev... İstəsələr, sabah Nəsiminin heykəlini sökərlər və adamlar da deyər ki, düz edib sökdülər, doğurdan da Nəsiminin heykəli gediş-gəlişə mane olurdu.

"28 May" metrostansiyasından çıxanda Cəfər Cabbarlının heykəlinə baxın. O boyda dramaturqun heykəli it günündədi. Adam baxanda xəcalət çəkir.

Əgər sabah Qız qalasını gözəllik salonuna, Filarmoniyanı kababxanaya çevirsələr, adamlar deyəcək ki, düz elədilər, ölkəmiz inkişaf edir, regionun lider dövlətiyik.

Bütün zorakılıqların zərurət kimi qəbul edildiyi ölkədə yaşayırıq. Çexov deyirdi: "Zorakılıqların zərurət kimi qəbul edildiyi yerdə ədalətdən danışmaq gülüncdür".

Bütün baş verən dəhşətlərə və vəhşətlərə baxmayaraq, bir çox adamlar özlərini ədalətli və qərəzsiz hesab etməkdədirlər. Çünki mövcud quruluş onların varlanması, başqalarını talaması üçün əlverişli şərait yaradıb. Üstəlik, ən pisi odur ki, bu adamlar hamıya bəlli olan bəşəri həqiqətin ziddinə özlərində etiqad yaradıb və bu saxta etiqadı başqalarının da beyninə yeridirlər? Bir az ağlı və dil qabiliyyəti olan adamdan ötrü özü-özünü aldatmaqdan asan iş olmaz.

Bir polis papağının yerə atılmasına görə nə qədər adamın vətənpərlik hissi qıcqırmışdı ki, dövlət atributu təhqir olunub. Düzdü, razıyam. Düzgün hərəkət deyildi. Qınayıram. Amma polis mitinqlərdə, piketlərdə Azərbaycan bayrağını ayağının altına atıb cıranda, Azərbaycan bayrağını təpikləyəndə, nədənsə bu vətənpərvərlərin səsi çıxmır.

Polisin papağının yerə atılmasına qəzəblənənlər məntiqlə gərək polisin mitinqdə bayrağı cırmasına da dözməsinlər. Necə olur, bir hərəkəti görmürlər, bir hərəkətə dözürlər, amma başqa hərəkətə reaksiya verirlər? Susursansa, hər iki hərəkətə sus. Dözmürsənsə, hər iki hərəkətə dözmə. Bayrağın təhqir olunmasına susub papağın yerə atılmasına dözməmək, guya əsəbləşmək artistliyin, hoqqabazlığın, hər bir əlverişli məqamda gücə yarınmağın göstəricisidi.

Bir sual daima məni düşündürür. Görəsən, elə bir qadın varmı ki, ərinin necə və hardan pul qazanması haqqında heç olmasa özü-özünə sual verir? Özünə belə bir sual verirmi: görəsən, evə gətirilən bu əşyalar, bu daş-qaş, bu bər-bəzək, bu parıltı, bu maşın, bu istirahət, bu villa hansı pullarla əldə olunub? Əri kimin evini yıxıb, kimin haqqını yeyib, hansı bədbəxtin övladını ac qoyub?

Belə bir suala cavab axtarmağım təbiidir. Çünki qadın mərhəmətə iddialıdı. O, anadır. Bir ana necə razı ola bilər ki, başqalarının övladları ac qalsın, onun övladları isə naz-nemət içində üzsünlər? Axı o bir ana kimi başqa anaların iztirablarını daha dərindən hiss etməlidir. Nə olsun ər çapıb-talayıb gətirir, bəs onun vicdanı? Bəs mərhəmət? Bəs Allah? Bəs Tanrı? Axı başqalarının balasını parçalayıb öz balalarına yedizdirmək şüursuz canlılara məxsus bir xasiyyətdir. İnsanla vəhşi heyvan arasında bir fərq olmalıdır, yoxsa yox?

Bəs o zaman bu qədər əsərlər niyə yazılıb, bu qədər filmlər niyə çəkilib, bəşəriyyətin rifahı naminə bu qədər adamlar niyə asılıb güllələnib, sürgün olunub? Ona görə ki, iyirminci birinci əsrdə yüksək dəyərlərdən danışan insan başqalarının balalarını parçalayıb vəhşi heyvan kimi öz balalarına yedizdirsin?

Ölkə vətəndaşlarının yarısı ziyarətlərə gedib. Ölkənin yarısı Məşədi, Kərbəlayi, Hacı titulu daşımaqdadı. Bəs onlar hardadı? Niyə görünmürlər? Yaxşı, sistemi başa düşdük, bəs onların əməlləri ilə sözləri niyə üst-üstə düşmür? Bütün ölkə bir bədbəxt yazarın yazıda balaca bir səhvini bağışlamadığı, balaca bir səhvə görə bir yazarı gülüş obyektinə çevirdiyi halda rəislərin, məhkəmə sədrlərinin, direktorların həccə getmələrini heç müzakirə mövzusuna çevirmirlər. Guya bilmirlər hansı pulla həccə gedirlər? Özlərinə təsəlli verirlər, guya rüşvətlə getmirlər, aldıqları maaşı yığıb ziyarətə gedirlər. Hanı bunların xeyriyyəçiliyi? Kasıba əl tutmaları? Haqqı nahaqqın ayağına verməməkləri?

Bizim ətimizi yeyib, qanımız içənlər, doymayıb sümüyümüzü də gəmirənlər məscid tikdirirlər, adamlar da - ağsaqqallı, böyüklü-kiçikli ona xeyriyyəçi deyirlər. Guya bilmirlər o məscid hansı pullarla tikilib? Əla bilirlər, sadəcə, bu haqda danışmaq sərf etmir.

Şərlənərək həbs olunanlar məhkəmədə çıxış edərkən hakimdə və onun ətrafında məhrəmət oyatmaq istəyirlər. Hətta Yadigar Sadıqov "Oyuncaq" adlı fransız filmindəki bir səhnəni xatırlatmışdı hakimə. Sözün açığı, pis çıxmasın, bu cür çıxışlar adamı bir az gülməyə vadar edir. Bu cür çıxışlar həm də vəziyyətin ağırlığını göstərir. Siz kimdə mərhəmət oyatmaq istəyirsiniz? Guya hakim kövrəldi, guya hakim ağladı. Buraxın, bu nağılları! Kim ağladı? Kim kövrəldi? Kövrələn adam bu cür sistemdə orda oturmaz. Oturubsa, deməli, hər cür sifarişi yerinə yetirməyə hazırdı. Onlar hökmü oxuyan gün gedib yeyib içirlər. Vicdanları isə təmizdi. Çexovun sözünü bir daha təkrar etmək məcburiyyətindəyik: "Bütün zorakılıqların zərurət kimi qəbul edildiyi ölkədə ədalət haqqında düşünmək gülüncdü".

Bəli, onlar özlərini inandırıblar ki, günahsız gənclər doğurdan da ölkə üçün təhlükə törədə bilərdilər. Hələ üstəlik, onlara "bu gənclərə az iş veriblər, gərək iyirmi il iş verəydilər. Hətta ölüm hökmünü də bərpa etmək lazımdı", - deyirlər. Bir rütbənin qalxması üçün onlar günahsız adamlara asanlıqla ölüm hökmünü oxuya bilərlər. Nə günahsız gənc, özündən yuxarı vəzifəlidən xoş bir söz eşitmək, bir təşəkkürnamə almaq üçün onlar İsa peyğəmbəri ikinci dəfə çarmıxa çəkməyə tam hazırdılar. Bunu da əsaslandıra bilərlər asanlıqla.

Onlar hətta Üzeyir Hacıbəyovu, Mirzə Cəlili, Hüseyn Cavidi, Cəfər Cabbarlını dirildib, onlara da "vətən xaini" damğası vurarlar. Sonra bu "uğuru" qeyd etmək üçün restoranda kababdan yeyib, vətənin, millətin, dövlətin şərəfinə badələr qaldırarlar.

Kövrələn adam o postda oturmaz. Gedib, zəhmət çəkib bir tikə halal çörəyini qazanar. Özünüz öz uydurduğunuz nağıllara inanmayın. Yaxşı, tutaq ki, bu adamlar vəzifə, pul, rütbə üçün hər şeyə hazırdılar. Bəs bunların bir yaxını yoxdurmu desin ki, ay əmi, ay dayı, ay qonşu, axı belə olmaz?! Sən xalqın günahsız balaların niyə həbsxalarda çürüdürsən? Nə üçün? Niyə? Nə səbəbə? Nə ediblər? Hansı cinayəti törədiblər? Ona görə ki, onlar başqaları kimi bu talana, bu vəhşətlərə göz yuma bilməyiblər? Ona görə ki, onlar da başqaları kimi yaltaqlanmayıblar.

Hər bir Azərbaycan gəncinə örnək ola biləcək bu günahsız gənclərə asanlıqla hökm oxuyanlarda lütfən mərhəmət axtarmayın. Çünki buna görə onları qınayan yoxdu. Toyda yuxarı başa keçirirlər. Söz verirlər. Yasda yuxarı başa keçirirlər. Elçiliyə aparırlar. Onlar danışanda hamı ağzını açıb qulaq asır. Qonşusu da belə adamla qonşu olmasıyla fəxr edir. Çünki işdi elə bir vəziyyətə düşə bilər ki, ona ehtiyacı yaranar. Onun övladları ilə bir qrupda oxuyanlar da onunla fəxr edirlər.

Filan rəisin oğlu, filan məhkəmə sədrinin oğlu mənimlə bir qrupda oxuyur deyərək, böyük bir lütfə sahib olmuş kimi özlərini aparırlar. Telefonundakı nömrələrlə fəxr edirlər. Hər yerdə gülümsəyən və yaltaq sifətlər görən bu adamlar niyə vicdan əzabı çəkməlidirlər? Beləliklə, onlar asanlıqla ciblərində saxta deputat mandatı gəzdirirlər. Sifarişli hökmü bir qram da vicdan əzabı çəkmədən yerinə yetirirlər.

Niyə?

Çünki qınaq yoxdu. Əməlimizlə nifrət etmək təpəmizə dəysin, heç gözümüzlə və ürəyimizlə də nifrət edə, qınaya bilmirik. Əksinə, ürəyimizlə və gözümüzlə də yaltaqlanmaqdayıq. Yaltaqlıq ölkəmizdə epidemiyaya çevrilib. Yaltaqlıq artıq ölkəmizdə sənətin bir növüdü. Adam var rəisiylə oyun oynayanda qəsdən uduzur ki, rəisin kefi kökəlsin. Hələ elələri var ki, qız övladı dünyaya gələndə dilxor olur. Ona görə yox ki, oğul sahibi olmaq istəyir. Yox, ona görə ki, övladına müdirinin, rəisin, şefin adını qoymaq istəyir.

Daha qəliz söhbətlər də var, yazıb dastan açmaq istəmirəm. Niyə qanımızı içən adamlar bu qədər rahatdırlar? Suala birmənalı və daha dəqiq cavab vermək üçün yazının əvvəlinə qayıtmaq gərəkdir. Eyni hərəkətə başqa-başqa adların, başqa-başqa rənglərin və mənaların verildiyi ölkədə yaşayırıq.

Reytinq qəzeti

Günün bütün mövzuları

XS
SM
MD
LG