Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:31

-

Qaranlıq düşür. Gecə ölülər qəbirlərdən qalxaraq başdaşlarına yazılmış sözləri silirlər və həqiqətdə kim və necə adam olduqlarını başdaşına yazırlar...

Seymur Baycan

Ölüm haqqında bədii-fəlsəfi esse

(uşaqlar üçün)

Bir dəfn mərasimində iştirak etdim. Yaxın tanışımın atası rəhmətə getmişdi. Hava bərk soyuq idi. Səhər çimmişdim. Qalın geyinməyimə baxmayaraq qorxdum soyuq dəyər. Üzr istəyirəm, xəstələnəndə baxıb eləyən olmur, əziyyət çəkirəm. Adamın zəhləsi tökülür. Subay adamın xəstələnməsi çox axmaq hadisədi.

İstəmədim bir yerdə dayanam. Hərəkət etmək, gəzmək lazım idi. Adamlardan aralandım. Dedim gəlmişkən bir az qəbristanlıqda dolaşım. Bir əhvalatı xatırladım. Kimisə dəfn edirmişlər. Hava da bərk soyuq imiş. Möhkəm Bakı küləyi əsirmiş. O vaxtlar Bakıda çox bərk külək əsirdi. Yaşlı adamlar xatırlayırlar. Köhnə filmlərdəki kadrlardan da bunu görə bilərsiniz.

Deyilənə görə toz-duman ətrafı bürüyürmüş. Balaca daşlar göydə uçurmuş. O qədər güclü külək əsirdi ki, evlərin zəngləri öz özünə çalınırdı. Balaca uşaq idim. Xalam gilə getmişdim. Bərk külək əsirdi. Həyət qapısının zəngi çalındı. Ayağa qalxdım ki, gedəm qapını açam, evdəkilər hamısı bir ağızdan gülə-gülə dedilər:

Otur yerində. Heç kim yoxdu. Küləkdi zəngi basan. ...

O vaxtlar külək əsəndə adamların yeriməyinə əməlli-başlı mane olurmuş, adamları ora-bura yıxırmış. Yıxmaq bir tərəfə yıxmaqla iş bitsəydi nə vardı ki... Külək adamları yerə yıxıb təpikləyirdi. Xüsusən cəbhə-müsavat hakimiyyəti dövründə külək adamlara olmazın zülmünü verirdi. İmkan vermirdi adamlar həyatlarını yaşasınlar.

Elə bərk külək əsirdi ki, adamın burnundan girib qulaqlarından çıxırdı. O vaxtkülək nə qədər adamın qulağını yararsız hala saldı. Yazıqlar hələ də düz əməlli eşidə bilmirlər. Getsin o günlər bir daha geri qayıtmasın. Küləyin əlindən adamlar nəinki gecələr heç gündüzlər də evdən bayıra çıxa bilmirdilər. Allaha şükür ölkəmizdə aparılan tikinti- quruculuq -abadlıq işləri, yeni binaların inşa edilməsi küləyin qarşısınıaldı. Külək ram edildi.

Xüsusən SOCAR-ın yeni ofisi və ALOV qüllələrinin tikilməsi küləyin belini qırdı.

Yeni stadionun tikintisi isə küləyə elə bir öldürücüzərbə vurdu ki, çətin bir də külək özünə gələ bilsin. Şükür ki, daha əvvəlki kimi külək adamlara əziyyət verə bilmir...

Aktyor Eldəniz Zeynalov da dəfn mərsimində iştirak edirmiş. Soyuq, bir tərəfdən də klassik yazıçıların dilində desəm ülgüc kimi kəsən Bakı küləyi dəfndə iştirak edən adamları çox bərk narahat edirmiş. Molla da elə hey söhbəti uzadırmış. Axırda Eldəniz Zeynalov dözmür mollaya deyir ki, molla, imkan varsa duanın zimni variantını oxu. Bu əhvalatı xatırladım. Sağa-sola, arxaya-qabağa baxıb yüngülvari gülümsədim. Daha sonra başqa bir əhvalatı xatırladım. Bir nəfərin papağını oğurlayırlar. Adam gəlir oturur qəbristanlıqda və deyir:

Hara getsə də axırda bura gələcək.

Bunu gülmək üçün yazmadım. Gülməli heç nə yoxdu bu əhvalatda. Sadə və qısa bir əhvalat olsa da özündə acı bir həqiqəti daşıyır. Qəbristanlıq sonuncu dayanacaqdı. Hara getsən də axırda bura gəlirsən. Bertan Rassel demişkən, adamlar ölümdən qorxaraq dinə və allaha inanmağa məcbur olurlar. Doğurdan da ölüm köhnə şey olsa da hər kəs üçün yenidi. Bu imtahandan üzüağ çıxmaq, özünü itirməmək, biabır olmamaqasan deyil.

Peyğəmbər olmasına baxmayaraq bu imtahan hətta İsa peyğəmbəri də qorxudurdu.

"Ey Atam, mümkündürsə, qoy bu kasa Məndən yan keçsin. Amma Mənim yox, Sənin iradən olsun" duası oxuyub imtahandan üzüağ çıxmaq üçün güc istəyirdi. Çarmıxa çəkiləndə yalvarsaydı, ağlayıb aman istəsəydi biabırçılıq olardı. Qınamalı deyil, ölüm adlı imtahandan üzüağ çıxmaq üçün nəyəsə sığınmağa məcbur olursan. O öz içində xilas olacağına inanırdı. Ona görə dilindən “ata niyə məni tərk etdin” kəlməsi çıxdı. Ola bilsin dini nöqteyi nəzərdən bu yanaşma kökündən səhvdir, lakin ədəbiyyat bizə belə ərkyana münasibət göstərməyə icazə verir.

Guy de Maupassant

Guy de Maupassant

Qəbiristanlıqda gəzə-gəzə qəbirlərin üstündəki yazıları, adları, sentimental şeirləri, bəlağətli cümlələri oxuyuram. Doğum və ölüm tarixini bildirən rəqəmlərə baxıram. Mopassanın “Ölü” adlı bir qəddar hekayəsi var. Bir nəfərin arvadı ölür.

Adam dərdə dözə bilmir. Gedir qəbiristanlığa. Orda, yəni qəbiristanlıqdada bir-iki hadisə baş verir. Yazıb söhbəti uzatmıram. Axtarıb tapıb oxusanız hekayədə yazılan əhvlatla daha əhatəli tanış olarsınız. Qaranlıq düşür. Gecə ölülər qəbirlərdən qalxaraq başdaşlarına yazılmış sözləri silirlər və həqiqətdə kim və necə adam olduqlarını başdaşına yazırlar. Məsələn, başdaşına yazılmışdı:

“Burada 51 yaşında ölən Jan Olivan dəfn edilib. O, yaxınlarını sevən, xeyirxah, təmiz adam idi. Hamının sevimlisi kimi dünyadan köçdü”. Ölü özü də qəbrinə yazılmış sözləri oxuyur. Sonra o, iti bir daş götürüb və inadla yazını qazıyıb təmizləyir və bu sözləri yazır : “Burada 51 yaşında ölən Jan Olivan dəfn edilib. O, qəddarlığı ilə atasını qəbrə sürüklədi, var-dövlətə sahib çıxmaq üçün arvadına əziyyət verdi, uşaqlarını incitdi, qonşularını aldatdı, hər fürsətdə oğurluq etdi və hamının nifrətini qazanaraq öldü”. Hekayənin qəhrəmanı bu mənzərəni görəndə onu maraq götürür. Görəsən bəs dünyalar qədər sevdiyi arvadının başdaşına nə yazılıb?! Görür ki, arvadının başdaşına bu sözlər yazılıb - “Bir dəfə sevgilisinə xəyanət etməkçün evdən çıxanda yağışa düşüb, sətəlcəm olub və ölüb”.

Doğurdan da belə bir hadisə baş versə aləm qarışar. Ölülər ayağa qalxıb başdaşlarına yazılan bəlağətli sözləri, sentimental şeirləri silələr və əslində necə adam olduqlarını yazalar ora. İndi gəl bunu həzm et görüm necə həzm edirsən...

Qəbiristanlıqda qəbirlərin arasında gəzə-gəzə başdaşlarındakı sözləri, şeirləri oxuyuram, rəsmlərə baxıram və düşünürəm:

Bu adamlar bir vaxtlar doğulanda valideynləri seviniblər. Çağa, bəbə, uşaq olublar. Ağlayıblar. Gülüblər. Acanda yemək yeyiblər. Yəqin ki, onlara təzə paltar alanda şadlanıblar.Məktəbə gediblər. Qorxublar. Seviblər. Əziyyət çəkiblər. Döyüblər. Döyülüblər. Rusdillilər demişkən mi bili, nas bili... Evləniblər. Ərə gediblər. Düzdü bütün bu proseslər bütün bu yazılanlar hamının başına gəlməyib. Bir ay. Üç ay, altı ay. Beş il, on il, on beş il yaşayıb evlənmədən, ərə getmədən ölənlər də olur. Biz ümumi həyatdan danışırıq. İndi isə bu adamlar çürüyərək bir ovuc torpağa çevriliblər. Torpağa qarışıblar. Onlardan qalan yalnız söhbətlərdir. Yaxşı və pis əməlləridir. Birini pis insan kimi xatırlayırıq. Birini yaxşı insan kimi.

Qəbiristanlıqda bəzi qəbirlərin başdaşısağa-sola əyilib. Bəzi qəbirlər o qədər köhnəlib ki, torpağa qarışıb. Bəzi qəbirlər təzədi. Qəbirlər də köhnələrə və təzələrə, kasıblara və varlılara bölünüb. Qəbiristanlıqda gəzə-gəzə düşünürəm:

Əgər hamı öləcəksə, əgər ölüm bizə şah damarından da yaxındırsa, əgər ölüm qaşla gözün arasındadırsa onda bu intriqalar, mal-mülk üstündə davalar, torpaq davaları nəyə gərəkdir? Niyə insanlar bir-birlərini didirlər? Kim özüylə o dünyaya nə aparacaq? Süleymana qalmayan dünya kimə qalacaq? Nə aparacayıq bu dünyadan? Uzağı iki metr kəfən. O da qismət ola ya olmaya. Bəs o zaman niyə bir-birimizi didirik? Niyə incidirik? Niyə adam kimi yaşaya bilmirik? Niyə bir insan soyuqdan donduğu halda başqası paltarının çoxluğundan əziyyət çəkir? Bilmir hansı paltarını geyinsin.

Bir insan çörəyə möhtac olduğu halda başqası qızılın, brilliantın çoxluğundan əziyyət çəkir? Yığır. Yığır. Yığır... Gözü doymur ki, doymur. Paylaşmaq olmazmı? Olar. Özün də rahat olarsan başqaları da rahat olar. Ümumiyyətlə niyə biz bu aydın suallardan qorxuruq? Bəyəm bu haqda yazanda danışanda mövzuya ciddilik, təmtəraq gətirmək üçün mütləq Kamyudan, Sartrdan sitat gətirməliyik? Mütləq bir hədis danışıb adamları cəhənnəmlə qorxudub, cənnətlə şirnikləşdirməliyik? Axı hər şey çox sadədi.

Adamlar ölürlər və dirilər, bir vaxtlar etdikləri pis hərəkətə görə onlara “bağışla, səhv etmişəm, bilməmişəm” deyə bilmirlər. Belə bir imkan yoxdu. Bu imkanın olmaması bizə əziyyət verir. Bəs nə etməli? Çıxış yolu varmı? Özümüzə necə təsəlli verək? Dərdimizi necə yüngülləşdirək? Çıxış yolu var. Demokratiyada çarə tükənməzdir.Onlara edə bilmədiklərimizi başqalarına etməliyik. Bəli, bəzən keçmişdə törədilən günahlar adamları müqəddəsliyə aparır. Çıxış yolu bacardıqca yaxşı adam olmaq, bacardıqca yaxşılıq etməyə çalışmaqdı. Hamımız öləcəyik. Hamımız çürüyüb bir ovuc torpağa çevriləcəyik.

Bəs əgər hamımız torpağa qayıdacağıqsa bu dava-dalaşlar, intriqalar nəyə lazımdı? İncitməsək, döyməsək, oğurlamasaq, aldatmasaq, xatirələrdə yaxşı bir insan kimi qalsaq daha yaxşı olmazmı? Üç ay qəbristanlıqda yaşamışam. Üç ayda bu kimi suallar məni çox düşündürüb. Ölüm haqqında çox yazılıb. Hədsiz dərəcədə çox yazılıb. Ölüm ədəbiyyatda ən çox işlənilən mövzulardan biridi.

Nekrasov da yazıb bu haqda. “Ah ilham pərisi, mən tabut qarşısındayam” misralarını yazıb. Şekspir də yazıb, Taqor da yazıb, Qorki də yazıb... Hərənin öz yanaşması var. Amma bir əsər var ki, ölüm haqqında yazılmış bütün əsərlərdən seçilir. Bu Tolstoyun “İvan İliçin ölümü" əsəridir. Söhbəti uzatmayaq. Şedevrdir. Ölüm haqqında ondan güclü əsər tanımıram. Əsəri oxuyanda adam istər-istəməz düşünür- görəsən Tolstoy bu əsəri yazanda neçə dəfə ölüb dirilib?!

... Başımda bu kimi suallar və düşüncələr dolaşdığım bir vaxtda qəflətən qəbirlərin arasından qarşıma uzunsaçlı bir qız çıxdı. Bu qəfil rastlaşmadan hər ikimiz duruxduq. Sözün açığı nə gizlədim, qız elə qəfil qarşıma çıxdı ki, bir az da qorxanfason oldum. Adamın ağlına min fikir gəlir. Sonra qız özünə gəlib uzaqlaşdı. Mən isə siqaret yandırdım. Tək-tənha nə işi var qız xeylağının qəbiristanlıqda? Bu qarda, bu soyuqda. İki variant ağlıma gəldi. Ola bilsin sevgilisi dünyadan nakam köçüb, qız da gəlib onun qəbri üstünə ağlamağa. Kimdi belə bir hörmətin yiyəsi?

Görəsən elə bir kişi varmı ki, onun ölümü sevgilsini bu dərəcədə yandırsın? Bu qarda, bu soyuqda qəbir üstünə gətirdib ahu-zar etməyə göz yaşı axıtmağa vadar etsin? Birinci variant ağlabatan variant deyil.Tutaq ki, lap belə bir kişi var, bəs ümumiyyətlə bu hörməti dəyərləndirən, başa düşən, el dilində desək, belə bir ponyatkalı qadın varmı? Camaat üçün, görüntü üçün ağlamasın. Həqiqətən ağlasın. Qəbiristanlıqda klipə çəkilməsin... Həm də qız ağlayan-sızlayan qıza oxşamırdı. Gözünə çəkdiyi qara yerində idi. Gözləri qızarıb eləməmişdi.

İkinci variant budur ki, bildiyiniz kimi falçılar və cadugərlər çox vaxt cadunu qəbiristanlıqda basdırmağı tapşırırlar. Yəqin qız ya ərə getmək istəyir, ya da başqa bu kimi bir niyyəti varmış. Deyib qarlı havadı, qəbiristanlıqda bu havada heç kim olmaz. Gedim imkan varkən cadunu sakitcə basdırım. Həqiqətən də çox həyəcanlı görünürdü. İkinci varinat daha ağlabatandı...

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

Günün bütün mövzuları

XS
SM
MD
LG