Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:01

Erdoğan «siyasi sülalə» yaradır


R.T.Erdoğan və ailəsi tərəfdarlarını salamlayırlar - 31 mart 2015
R.T.Erdoğan və ailəsi tərəfdarlarını salamlayırlar - 31 mart 2015

-

«Məlumatlara görə, Türkiyə prezidenti oğlunu və qızını siyasətə gətirir. Opponentləri qorxurlar ki, bu addım uzunmüddətli siyasi sülalənin yaradılmasını hədəfləyir».

Nick Squires «The Telegraph» qəzetində belə yazır.

Recep Tayyip Erdoğan özünü müasir sultan kimi aparmaqda ittiham olunur - diktatura siyasəti yeridir, min-otaqlı saray tikdirib. Ancaq indi üzə çıxır ki, 35 yaşlı oğlu Bilal və 30 yaşlı qızı Sümeyye üçün də böyük planları var.

Hər ikisinin iyunda keçiriləcək parlament seçkilərində atasının hakim Ədalət və İnkişaf Partiyasından (AKP) namizədliyini verəcəyi gözlənir. Parlamentə seçilmək onların toxunulmazlıq qazanması deməkdir. Erdoğan-ın hər iki övladının adı 2013-cü ilin dekabrında korrupsiya qalmaqalında çəkilirdi.

«Məncə, Erdoğan övladlarının toxunulmazlıq qazanması üçün deputat olmalarını istəyir», - bunu təhlükəsizlik məsələləri üzrə təhlilçi Mahmut Akpınar Türkiyənin «Today's Zaman» qəzetinə deyib.

Müxalifətdə olan Cümhuriyyət Xalq Partiyasının (CHP) aparıcı üzvü Bülent Tezcan da bu fikri bölüşür. Müxalifətdən olan parlamentarilərin fikrincə, Erdoğan-ın övladlarının ancaq toxunulmazlıq almaq üçün namizədliklərini irəli sürməsi düzgün deyil.

2013-cü ilin dekabrında yayılmış gizli telefon danışıqlarında o vaxt baş nazir olan Erdoğan oğluna böyük məbləğdə nağd pulu gizlətməyi tapşırırdı. Onun ailəsinin adı korrupsiya istintaqında hallandı. Prezident bu yazıların saxta olduğunu, korrupsiya qalmaqalını da opponentlərinin qurduğunu deyir.

Erdoğan ötən ay deyib ki, Osmanlı sultanlarına bənzəməyə çalışması barədə deyilənlər yalandır, o, Britaniyanın konstitusiyalı monarxiyasına, Kraliça Elizabeth modelinə üstünlük verir.

«The Telegraph» yazır ki, Erdoğan partiyası iyun seçkilərində yetərli güc topladıqdan sonra konstitusiyanı dəyişdirməyə və prezidentin səlahiyyətlərini genişləndirməyə ümid bəsləyir.

PUTIN-İN TİTRƏK HAKİMİYYƏTİ

«Rusiyanın çökən iqtisadiyyatı və Ukrayna müharibəsindən narazılıq rejimi sabitsizliyə sürükləyir». «The Wall Street Journal» qəzetində David Satter belə yazır.

«Ukraynada döyüşlərin yenidən qızışması, Rusiya əsgərləri və texnikasının sərhəd boyunca yığılması göstərir ki, Rusiya prezidenti Vladimir Putin Qərblə təhlükəli oyun oynamaq qərarına gəlib. Məqsəd ancaq onu göstərməkdir ki, Qərbin Rusiyaya təzyiqi yenilənmiş qətlə bərabərdir.

Vladimir Putin hərbi komandanlıqla görüşür - 2014
Vladimir Putin hərbi komandanlıqla görüşür - 2014

Döyüşlərin qızışması üçün qışın ortası, bir neçə həftə nisbi sakitlikdən sonrakı dövr seçilib. Bu, ümumi vəziyyəti əks etdirir. Putin rejimi sanksiyaların bitməsini istəyir. Ona görə yox ki, sanksiyalar onları məhv edir, ona görə ki, getdikcə artan iqtisadi böhran müharibənin görünməyən trayektoriyası ilə birlikdə Rusiyada sabitsizliyə gətirib çıxara bilər».

Müəllif yazır ki, əslində, Rusiya liderləri böhranı özləri hazırlayıblar. 2000-ci illərdə yaşayış standartları neft və qaz qiymətləri hesabına davamlı olaraq artdı. Korrupsiya isə normal inkişafı əngəllədi. İndi neftin qiymətləri düşür, Rusiyanın başqa gəlir yoxdur və Qərbin sanksiyaları da investisiyalara zərbə vurur:

«Bu şərtlər daxilində sosial gərginlik üçün ciddi təhlükə var. Bu gün Rusiyada, Putin-in yaxın dostları daxil olmaqla, 110 adam ölkənin sərvətinin 35 faizinə nəzarət edir. Əhalinin 50%-nin sərvəti isə 871 dollar və ya ondan da azdır. 2014-cü ildə ərzaq qiymətləri 15.4% artıb. Hökumətin arağın qiymətini salması da narahatlığını göstərir. Görünür, əhalini sakitləşdirmək istəyir.

Rusiyada iqtisadi durum getdikcə pisləşsə, rusiyalıların çoxu anlaya bilər ki, Ukraynadakı kimi korrupsioner rejimə qarşı dinc inqilabın onlara da dəxli var. Elə Putin-in Ukrayna müharibəsinin birinci səbəbi həmin modelin Rusiyaya potensial təsiri idi.

Müharibənin xərcləri rusiyalılardan gizlədilir. Ancaq əsgər ölümlərinin artması narazılıq yaratmaqdadır. Sankt-Peterburqda «Əsgər Anaları» təşkilatına anonim zənglər gəlir. Analar deyirlər ki, oğulları Ukraynaya göndərilmək üçün müqavilələr imzalamaq göstərişi verilir. Ordu qüvvələrin göndərildiyi yerləri gizlətməyə çalışır. Hərbi təyyarələr Pskov aeroportundan uçurdusa, indi daha kiçik şəhər olan Ostrovdan çıxır».

Müəllif yazır ki, Rusiya hələ Ukrayna ilə sərhədə topladığı 52 minlik qoşundan istifadə etməyib. İstənilən vaxt tammiqyaslı hücuma keçə bilər, baxmayaraq ki, bu addımın rusiyalılar üçün riskləri var. Üstəlik, Rusiyada hakimiyyət piramidası sabit deyil. Minlərlə rusiyalı pullarını götürüb Qərbə qaçmağı planlaşdırır.

Islam Karimov
Islam Karimov

«Cənab Putin və dostları hakimiyyətlərini itirməklə nəticələnəcək hücuma keçməzlər. Ona görə də Qərbin bu hücumun qarşısını almasının vaxtı məhz indidir», - müəllif vurğulayır.

OBAMA ADMİNİSTRASİYASI QATİL DİKTATORA HƏRBİ MAŞINLAR VERİR

Newrepublic.com Casey Michel-in məqaləsini dərc edib. Yazıda oxuyuruq:

«Özbəkistan əsasən 3 məsələ ilə tanınıb: dissidentləri qaynatması, uşaq əməyini yayması və hökumətinin keçmiş sovet məkanında ən böyük qətliamı həyata keçirməsi ilə. Bu ölkə «Freedom House» təşkilatının müəyyənləşdirdiyi 10 «Ən pisin pisi» rejimindən biridir. Müstəqillik dövründə onu 77 yaşlı İslam Karimov idarə edib və indi elan edib ki, yenə prezidentliyini verəcək.

Görünür, rejimin qəddarlığı tezliklə düzələn deyil. Daşkənd buna görə təzyiq də hiss etmir. Ötən ay açıqlanıb ki, Birləşmiş Ştatlar Orta Asiyada ilk dəfə olaraq Özbəkistana hərbi texnika ayırır, 300-dən çox mina və pusquya davamlı maşın (MRAP) verir».

Müəllif 2005-ci ilin mayında törədilmiş Əndican qırğınını xatırladır. Həmin qırğında 1500-dək dinc sakin öldürülüb. Karimov qonşu Qırğızıstandakı inqilabın ölkəsində təkrarlanmasından qorxmuşdu.

2012-ci ildə Vaşinqton Karimov-a hərbi yardıma qoyduğu qadağanı götürdü, çünki geosiyasi reallıqlar dəyişmişdi. Birləşmiş Ştatlar Əfqanıstana çıxış üçün Orta Asiyadan getdikcə daha asılı olurdu.

Ancaq indi 2012-ci il deyil. «Görünür, administrasiya regional həssaslığını itirib... Niyə bunu edirlər, anlamıram. Heç nə başa düşmürəm», - Qlazqo Universitetinin mühazirəçisi Luca Anceschi deyir.

«Bu addım Karimov-un qanlı əllərinə oynayır. Bu, nəinki regionda gərginliyi artırır, daha bir Əndican hadisəsi təkrarlana bilər».

XS
SM
MD
LG