Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:09

-

Həmin andan indiyə qədər düşünürəm: görəsən, mənim ölkəmdə hansı adam tanımadığı yazıçıdan 6 dənə kitab alıb 600 TL (yəni 210 manat) pul da ödəyər.

Siz bunu edərsiz?

Orxan Bahadırsoy

MƏN, KİRAYƏ DƏRDİ VƏ O ADAM

Yayın bitməsinə bir neçə gün qalmışdı. İstanbulda, Harbiyedəki apartlardan (hər otağı ayrıca kirayəyə verilən hündür binalardan) birində qalırdım.

Doğrusu artıq bir ayım tamam olurdu və növbəti ayın kirayəsini ödəməli idim. Mənimsə pulum tükənmişdi.

Bütün günü fikirləşirdim ki, mən bu kirayə pulunu hardan tapacağam, necə verəcəyəm?

Bakıdakı tanışlarla əlaqə saxlayırdım. Dostlarımı kitablarımın satıldığı ünvanlara göndərirdim. Bu ünvanların heç birindən müsbət nəticə əldə edə bilmədim.

Bəziləri deyirdi ki, “pullar mağazalardan götürülməyib”, bəziləri “hesabat aparılmayıb” deyirdi, bəziləri də mühasibatın işləmədiyini bəhanə gətirirdi. Beləcə Azərbaycandan bir qəpik də ala bilməyəcəyimi konkretləşdirib bütün axtarışlardan əl çəkdim.

Axı kimdən pul istəyə bilərdim? Qələm dostumdan? Bugünkü Azərbaycan yazıçısından? Hər kitabının pulu ancaq “çubuş” almağa çatan bu kasıb ziyalılardan? Yoxsa, aktyor, aktrisa dostlarımdan?

Taksilərə xərclədiyi pul aldığı maaşdan artıq olan bu sənət fədailərindən? Ümumiyyətlə, yazıçılarla, şairlərlə, aktyor və aktrisalarla puldan danışmağa xəcalət çəkirəm. Bilirəm ki, bu əl çirki həmin insanların ən böyük problemi, ən yaralı yeridir.

Beləliklə, evə qayıda da bilmədim. Taksimdə, “Gezi parkı”nda oturub siqaret çəkməyə başladım. Bilirdim ki, o onbeşmərtəbəli binanın girişinə çatan kimi ev sahibi deyəcək ki, “ya kirayəni ver, ya da çıx get!” Elə ordaca oturub pul tapanacan siqaret çəkəcəkdim.

Ən azından iki paket “Mavi Lark” (Türkiyədə ən ucuz siqaret) alacaq pulum var idi. Pul tapandan sonra da evə gedib doyunca yatacaqdım. Amma pul necə və hardan tapacaqdım? Elə bunu düşünürdüm ki, bir ortayaşlı kişi əyləşdiyim skamyada, mənim yanımda oturmaq üçün icazə istədi. İcazəmi alıb əyləşdi. Sonra cibindən “Malbro” paketini çıxarıb bir siqaret qoydu damağına. Sonra da məndən alışqan istədi. Alışqanı çıxarıb siqaretini özüm yandırdım.

Araya sükut çökdü. Park insanlarla dolu idi. Özü də hər millətin, hər cinsin nümayəndəsi vardı bu parkda. Fikirlərimə meydan oxuyan “pul tapmaq” dərdi içində siqaret çəkə-çəkə bu adamlara tamaşa edirdim. Birdən yanımdakı kişi Türkiyə türkcəsi ilə hardan olduğumu soruşdu.

Bu onlarda bir adətdir. Tanımadıqları insanın adından, yaşından əvvəl məmləkətini soruşurlar. Öyrəşmişdim bu suala. Azərbaycandan olduğumu dedim. Kişi mehribanlıqla gülümsədi. Sonra İstanbulda nə iş gördüyümü soruşdu. Mən də heç bir iş görmədiyimi, boş-bekar olduğumu dedim. O inadla mənim işimi-peşəmi öyrənmək istəyirmiş kimi:

-Bəs Azərbaycanda nə iş görürdün? – deyə soruşdu.

-Orda da bir iş görmürdüm. – dedim.

Kişi təəccüblənmişdi. Yarızarafat, yarıcidddi:

-Oğlum, sənin bir işin-gücün yoxmu? – deyə sual etdi.

Mən də yazıçı olduğumu dedim. Təəccübləndi və daha ciddi şəkildə maraqlanmağa başladı:

-Kitabların varmı?

-Bəli, var.

-Yanındamı?

-Yox, evdədir. – dedim.

-Evin hardadır? – deyə soruşanda elə bil söydü məni.

Bilmədim onun sualına nə cavab verim. Doğrusu xeyli düşündüm. O da yəqin cavab vermək istəmədiyimi fikirləşib üzünü başqa tərəfə çevirdi. Özünü elə apardı ki, sanki, bu sualı heç verməyib. Bir xeyli sükutdan sonra:

-Harbiyedə. Apartda qalıram. – dedim.

-Eee, bura yaxındır. Mən sənin kitablarını oxumaq istəyirəm. Xahiş edirəm ki, mənə öz kitablarını satasan.

Satım? Doğrudan da bu insan iki kitaba pul verib almaq və oxumaq istəyirdi? Özü də həmin kitablar Azərbaycan türkcəsində yazılmışdı və bəlkə də çətinliklə anlayacaqdı. Elə bu sualı ona ünvanladım:

-Axı siz anlamayacaqsız. O kitablar Azərbaycan türkcəsi ilə yazılıb.

-Anlamaq mənim işimdirsə, sən mənim işimə niyə qarışırsan? Dilinizə aşinayam. Mən Azərbaycan ədəbiyyatını onların öz dilində oxumuşam. Hə, de görüm, kitablarını mənə satırsan, ya yox?

“Bu adam mənimlə məzələnir” deyə düşündüm. Amma ona kitab sata bilməzdim. Çünki, o iki kitaba toplam maksimum 30 TL (10 manat, 50 qəpik) pul ödəyəcəkdi və mən həmin pulla uzaqbaşı 4 paket “Mavi Lark” alacaqdım. Evin pulu düzəlməyəcəkdi, amma ev yiyəsi məni əşyalarımla birlikdə küçəyə atacaqdı.

Özümə yer olmasa da, əşyalarımın yeri var idi. Evdən tamamilə çıxarılsaydım, əşyalarla küçələrdə qalmaq çətin olardı. Bunu da kişiyə izah edə bilmirdim. Aciz görünmək istəmirdim, doğrusu. Onu bu fikrindən daşındırmaq üçün bir bəhanə axtarırdım. Elə bu vaxt:

-Bir kitab üçün sənə 100 TL (35 manat) ödəyəcəyəm. – dedi.

Əməlli-başlı güldüm. Hətta, onun məzələndiyini qətiləşdirmişdim. Axı mən iki kitabı almaq üçün bu qədər dil tökən, yaxın da olsa, o məsafəni qət edib birinə 35 manat ödəmək istəyən bir adamı ilk dəfə görürdüm. Gülüşümü yığışdırıb ciddiyyətlə soruşdum:

-Zarafat edirsiz? Bir kitaba 100 TL kim ödəyər?

-Oğlum, mən bu kitabı mağazadan alsaydım, ordakı qiymətə alardım. Çünki, orda nə qədər pul ödəsəm, çoxu mağazanındır, yazıçının yox. Amma mən bu kitabı yazıçının özündən alıram. Bu əslində müəyyən bir məbləğlə ölçülməyəcək qədər böyük bir şeydir. Amma az da olsa, bu məbləğə almaq istəyirəm o kitabları. Bu mənim üçün bir tarix olacaq, mən bir yazıçının özündən kitab almışam. Ödədiyim 200 TL nədir ki, bunun müqabilində?

Kişinin ciddiyyətinə əmin oldum. O kitabların ikisini alıb 200 TL (70 manat) ödəməkdə qətiyyətli idi. Amma bu pul mənim ev sahibinə verəcəyim məbləği tamamlamırdı. Nə edəcəyimi bilmədim? 70 manatdan imtina edə bilməzdim. Nəticədə, bu pul mənim ev sahibinə verəcəyim 140 manatın (400 TL) yarısı idi. Fikirləşdim ki, iki kitabı bu adama sataram. Həmin pulu ev sahibinə verib qalan yarısını da ertəsi gün verməyə razı salaram. Ertəsi gün də bir kitab alan tapardım yəqin...

Bu kişi ilə birlikdə mənim yaşadığım evə yollandıq. Otağın qapısını açıb içəri girdim. Onu da dəvət etdim, amma içəri girmədi, qapıda gözlədi. Kitablarımın hərəsindən bir ədəd gətirib ona verdim. Hər iki kitabın üz qabığına baxdı, ikisini də bir az vərəqlədi. Sonra isə:

-Bu kitabların hərəsindən iki ədəd də gətir. – dedi.

Təəccübdən əməlli-başlı tərlədim. İçəri girib hərəsindən iki ədəd də gətirib ona verdim. Kitabları alandan sonra əlini cibinə atdı. Pullarını çıxarıb hesablayaraq danışdı:

-Mənim iki yaxın dostum var. Onlar da kitab pərəstişkarıdır. Hərəsindən bir ədəd onlar üçün hədiyyə alıram. Amma səndən bir xahişim var ki, bu kitabların hamısını imzalayasan.

Sözünü bitirən kimi 600 TL (210 manat) uzatdı mənə. Əlim titrəyə-titrəyə pulu aldım. Sonra da qələm götürüb kitabların hamısını imzaladım. O əlimi sıxıb təşəkkür etdi. Məni tanımağa sevindiyini də deyib sağollaşdı. O gedəndən sonra otağa keçib pulları diqqətlə saymağa başladım.

Tam 600 TL pul idi və mən bu pulu 6 ədəd kitabdan qazanmışdım. Azərbaycanda isə mən bu pulu ən az 100 kitabımın satışından qazana bilərdim. O hadisənin təəccübü hələ də məni tərk etməyib.

Sevincək aşağı düşüb ev sahibinə 400 TL verdim. Sonra bir kafedə yemək yedim. Sonra da bir mağazaya girib özümə ən çox sevdiyim yaşıl rəngdə köynək aldım. Həmin köynəyi uzun müddət idi geyinmirdim. Bu gün o köynəyi geyinəndə həmin adam düşdü yadıma və bu hadisəni olduğu kimi yazmağı qərara aldım.

Həmin andan indiyə qədər düşünürəm: görəsən, mənim ölkəmdə hansı adam tanımadığı yazıçıdan 6 dənə kitab alıb 600 TL (yəni 210 manat) pul da ödəyər. Siz bunu edərsiz?

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG