Keçid linkləri

2024, 24 May, Cümə, Bakı vaxtı 07:50

"Çuşka" sözünün əsl mənası haqda


Orxan Bahadırsoy
Orxan Bahadırsoy

-

Övladının rüşvətlə təhsil alması üçün qoyununu-malını, mağazasını, maşınını satıb pula çevirən, banklardan böyük kreditlər götürən insanlardır “çuşka”...

Orxan Bahadırsoy

"ÇUŞKA" SÖZÜNÜN ƏSL MƏNASI HAQDA

Bəlkə də çoxları bilmir ki, çuşka nə deməkdir. Cəmiyyətimizdə demək olar ki, hər kəsin eşitdiyi və işlətdiyi bir sözdür. Bu sözün mənası haqda fərziyyə çoxdur.

Bəziləri hesab edir ki, rus dilində “çoşka”, yəni donuz sözü bizim dildə “çuşka”laşıb.

Bir qism isə deyir ki, Rusiyada yaşayan qafqazlılara həqarətlə “çurka” deyənlər var. “Çurka” savadsız, mədəniyyətsiz mənasında işlənən təhqir kəlməsidir. Bu söz bizim dildə deformasiyaya uğrayıb və “çuşka” kimi istifadə olunur.

Əslində bunların hamısı yanlışdır. Ümumiyyətlə, bu sözü ruslara bağlamaq olmaz, heç dəxli də yoxdur.

Çuşka bolqar kökənli sözdür. Türkiyə türkləri acı bolqar bibərinə çuşka deyir. Bizim lüğətdə isə çuşka xammal mənasındadır. Bir şeyi hazırlamaq üçün əldə olan xammal çuşkadır. Məsələn, çuqun məmulatını hazırlamaq üçün əlimizdə olan çuqun külçəsi çuqun çuşkası adlanır.

Jorqon kimi isə bu söz avam, cahil, xam adam mənasında işlənir. Bu çuşka sözünün xammal mənasından qaynaqlanır. Yəni belə insan cəmiyyət üçün hazır deyil, cilalanmayıb, yararsızdır. O hələ ki xammaldır. Bişməli, düzəlməli, cilalanmalı, bəzədilməli və sonra cəmiyyətə təqdim olunmalıdır.

İndi mən sizə jorqonumuzdakı mənada “çuşka”lardan, xam insanlardan danışacağam. Bu çox uzun bir mövzudur. Cəmiyyətin “çuşka” hesab etdiyi insanları şərh etməli olsaq, “çuşkalıq” üçün təyin olunmuş meyarlardan danışsaq, onda bizim cəmiyyətdə elə hamı “çuşka” olar. Amma mən bu məsələyə bir başqa prizmadan yanaşmaq istəyirəm.

Cəmiyyət hesab edir ki, dəbsiz, zövqsüz geyinən, saç düzümündə və istifadə etdiyi ətirlərdə bayağılıq, şablonluq olan, bahalı restoranlara, dəbdəbəli məkanlara getməyən, ucuz kafelərdə əylənən, şəhərin məşhur barlarını tanımayan, xarici musiqiləri dinləməyən, diskoteka mahnılarına oynaya bilməyən, rus dilində danışmayan, suşi yeyə bilməyən və digər bu kimi “problemlər”i olan insanlar “çuşka”dırlar. Yəni xamdır, avamdır, cahildir.

Əgər bir insan geyindiyi geyimdə rahatdırsa, bu hər nə qədər dəbdən kənar, qeyri-müasir olsa da, onun öz seçimi və öz istəyidir. Ya da saçının düzümü, istifadə etdiyi ətir onun öz xoşuna gəlirsə, heç kəs bunu ona irad tuta bilməz. Kimsə, bəyənmirsə, ifadə etməkdə azaddır, amma müdaxilə etməyə heç kəsin ixtiyarı yoxdur. Heç kəs də bütün dəbdəbəli məkanları, bahalı restoranları, barları tanımağa məcbur deyil. Xarici musiqilər, diskoteka mahnıları kiminsə ruhunu oxşamırsa, bu mahnılara rəqs edə bilmirsə, bu da problem deyil. O, “Tərəkəmə”, “Yanıq Kərəm” kimi mahnılara daha yaxşı oynaya bilər və muğamı, xalq mahnılarını könül xoşluğu ilə dinləyə bilər. Lap elə ara müğənniləri, ya da təzə çıxan meyxanaya oxşar musiqilərin dinləyiciləri də öz seçimində sərbəstdirlər, azaddırlar. Sadəcə, bunu sənət adlandırmaq, peşəkarlıq kimi qəbul etmək olmaz.

Rus dilində danışmağa da hamı məcbur deyil. Kim ki dilimizin məhdud, dar, qıt olmasını deyir, o da səhv düşünür. Sadəcə öz savadsızlığına, biliksizliyinə dili müqəssir etməklə haqq qazandırmağa çalışır. Dilimizi yaxşı bilən üçün çox zəngin dilimiz var. Elə suşi yeyə bilməyənlər də niyə “çuşka” adlanır, bilmirəm. Mən onu bir dəfə yedim, o da çəngəllə götürüb azacıq dadına baxdım, gördüm ki, bu mənə xoş deyil. Şəxsən mən elə bizim “Yanıq Kərəm”i min diskoteka mahnısına dəyişmərəm. Lap bizim yarpaq dolması mənim üçün bütün Avropa mətbəxindən də üstündür, elə Cənubi Asiyanın suşisindən də. Bunu “çuşkalıq” hesab edən özü “çuşka”dır. Lap o Kral məsələsi kimi – bundan sonra kim Krala “çuşka” desə, “çuşka” onun özüdür!

Bəs nədir “çuşkalıq”? Avamlıq, xamlıq, cahillik nədir?

Ümumiyyətlə, insanların zahiri görünüşlərinə, şəxsi istəklərinə, özəl seçimlərinə qadağalar, məhdudiyyətlər, sərhədlər qoymaq bizim camaatın xasiyyətidir. Əgər bu qadağaları, bu qınaqları insanların mənəvi keyfiyyətlərinə, rəftar və davranışlarına qoysaydılar, indi çoxdan bizdə normal insani münasibətlər, mədəni davranışlar, etik rəftarlar, ədəbli danışıqlar, təhsil və mədəniyyət formalaşmışdı. Necə ki həmin yersiz qınaqlar insanları istəmədikləri formalara saldı. Məhz “çuşka” görünməmək üçün öz geyimlərinə, ətirlərinə, dinlədiyi musiqilərə, yeməklərinə, getdiyi məkanlara ixtisar və əlavələr etməyə məcbur oldular. Beləcə görünüşdə də olsa, son zamanlar bir xeyli güya “müasir” gənclərimiz tapıldı. Amma problemimiz “çuşka” görünmək deyil, “çuşka” olmaqdır.

Övladının rüşvətlə təhsil alması üçün qoyununu-malını, mağazasını, maşınını satıb pula çevirən, banklardan böyük kreditlər götürən insanlardır “çuşka”. Xəstəxanalarda, təhsil ocaqlarında, dövlət idarələrində və özəl sektorda rüşvət almağı, rüşvət verməyi özünə borc bilən insanlardır “çuşka”. Bu rüşvətə göz yumub pul hesabına güya təhsil alan, məhz quru diplom üçün boş yerə dörd il universitetə ayaq döyən gənclərdir “çuşka”. Elmə, təhsilə, ədəbiyyata, mədəniyyətə dırnaqarası yanaşan, bilik və bacarığı olmadan kimlərinsə hesabına vəzifə və şöhrət arxasıyca qaçan insanlardır “çuşka”. Bugünkü iş prinsiplərini, iş əlaqələrini qohumluq, yoldaşlıq, tanışlıq, yerlibazlıq məsələlərinə bağlayan məmurlardır “çuşka”. Fəxri ad, təqaüd naminə incəsənət sektorunda yaltağa, köləyə çevrilmiş aktyorlar, aktrisalar, rejissorlar, müğənnilər, bəstəkarlardır “çuşka”. Ədəbiyyatda müəyyən böyük kürsülər üçün davaya çıxan, çürük qələmindən cəmiyyətə lazımsız, kimlərinsə şəninə, tərifinə yazılmış “əsərlər”i fantan vuran yazıçılar, şairlərdir “çuşka”. İş və sənət əxlaqını intim münasibətlərə söykəyən, seksual əlaqələri ilə ləkələyən insanlardır “çuşka”. İnsanları dinə, dilə, irqə, zahiri görünüşə, geyimə, ətirə, zövqə, cinsi istəklərə, getdiyi məkanlara görə qınayan, fərdləri məhz bu kimi şeylərə bölənlərdir “çuşka”.

Necə ki milli bayramlar, milli adət-ənənələr zaman-zaman yaşayıb, itib-batmır, məhv olmur. Bundan sonra azalsa da, tamamilə yox olmayacaq, bu bayramları qeyd edən, bu adət-ənənələrə sadiq qalanlar bundan sonra da həmişə olacaq. Eləcə də “çuşkalıq” bizdə zaman-zaman olub və bundan sonra da olacaq. Problemimiz budur. Xarici görünüş, zövqlər, maraqlar insanların öz şəxsinə aiddir, bunun heç kəsə aidiyyatı yoxdur və heç kəsə bir xeyri, yaxud zərəri də yoxdur. Amma bu “çuşkalıq” bizim cəmiyyətə böyük zərbədir. Özünüzü bu “çuşkalıq”dan, yəni bu avamlıqdan, xamlıqdan və cahillikdən qoruyun!

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG