Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:19

-

Nəyimiz sizdən pisdir, hə? Yoxsa siz yaşaya bilmədiyiniz, içinizdə qalan arzu və istəklərin hirsini, qəzəbini bizdən çıxırsız?..

Orxan Bahadırsoy

POZĞUN NƏSİL

“İndiki cavanlar korlanıb”, “bizim vaxtımızda belə deyildi”, “indikilər böyük-kiçik qanmır”, “biz belə olmamışıq” kimi ifadələri hamınız eşitmisiniz, elə mən də çox eşitmişəm.

Bunu deyənlərin böyük qismi 40-80 yaş arasında qərar tutan insanlardır və bu insanlar 24 saatdan ibarət olan bir günün heç olmasa bir saniyəsində vaxt və macal tapıb mütləq bu ifadələrdən birini işlətməlidir.

Yaxşı bəs bu insanların giley-güzarı nədir? Onlar nədən şikayətlənir? Nəyi bəyənmirlər?

Bu gün yaşlı təbəqənin gözündə gənclərin əksəriyyəti pozğundur. Yaşlı nəsil gənc nəsli bəyənmir, sevmir, gənclərə xüsusi bir aqressiya gəzdirirlər özləri ilə.

Kimiləri gənclərin geyimlərindən, kimiləri onların sərbəst davranışlarından, kimiləri dinlədiyi musiqilərdən, izlədiyi filmlərdən, kimiləri danışığından şikayətlənir. Yəni şikayətlənmək üçün mütləq bir bəhanə axtarıb tapırlar.

Çox demirəm, yaxın keçmişə gedək, indiki yaşlı nəslin gənc olduğu dönəmi oxuyub öyrəndiklərimiz sayəsində azacıq şərh edək: texnologiyanın təzəcə yarandığı, kompyuterlərin, mobil telefonların, sosial şəbəkələrin olmadığı bir dönəm.

Söz və fikir azadlığının olmadığı, hamının bir büt kimi rəhbərə sitayiş etdiyi bir rejim. Repressiyaların, sürgünlərin hökm etdiyi, hamının şəxsiyyətə pərəstişə məcbur edildiyi, insanların inancına, dilinə, adətlərinə qadağalar qoyan bir uzun zaman.

Sovet hakimiyyətinin yaxşı tərəfləri də olub, dostlar! Lakin, əsarət elə əsarətdir. Babək demiş, qırx il boyunduruq altında yaşamaqdansa, bir gün azad yaşamaq yaxşıdır.

Amma biz qırx il yox, yetmiş il Rusiyanın əsiri olmuşuq və bu indiki gənc nəsli bəyənməyib təm-təraqla öz gənclik illərindən danışan yaşlı əmilər, dayılar, xalalar, bibilər, nənələr, babalar da, məhz, o əsarət illərindən, köləlik rejimindən danışır. O dövrü bəh-bəhlə tərifləyir, bu dövrü isə belə şərh edir ki: “dünyanın axırıdır!”

Bu dünyanın axırı məsələsi də bir dərd olub bizə. Elə neçə ildir bu yaşlılar bir hadisə baş verəndə deyir ki: “dünyanın axırıdır!” Amma hələ biz bu axırı görmədik.

Bir də niyə görək ki? Axı 40-80 arası yaşı olan adamlar öz uşaqlığını, gəncliyini, cavanlığını yaşayıb, karyera qurub, ailə sahibi olub, gəzib, əylənib, eşqbazlıq edib, gəlib bizim gəncliyimizə çatanda dünyanın axırı olsun?

Bu çox böyük ilahi ədalətsizilik olar! Əgər bu dünyanın axırı mənim gəncliyimə düşsə, Tanrıya buna görə gileylənib onun ədalətinin azlığından elə onun özünə şikayət edəcəyəm! Nə isə...

Öz gəncliyindəki əxlaqı, tərbiyəni, əqidəni, mədəniyyəti tərifləyən bu yaşlı nəsil nəyi tərifləyir bilmirəm. O əxlaq ki, sənin otuz yeddi min ziyalını sürgünlə, güllə ilə, soyuq su vannalarında boğaraq məhv edə!

O tərbiyə ki, səni zorla şəxsiyyətin pərəstişkarına çevirə, sənin bütün söz və fikir azadlıqlarını səndən ala!

O əqidə ki, səni inancından mərhum edə, dini ayinləri icra edəndə tutub səni zindana sala! O mədəniyyət ki, sənin sağ qalan şair və yazıçılarını da hakimlərin yaltağına çevirə, sənin ədəbiyyatına, musiqinə zorla sovet idealarını yeridə! Sənə öz əsl kimliyini unutdura, öz bütün istəklərindən səni alıb məhz onların istədiyi bir köləyə, qula çevirə! Mən istəmərəm belə gəncliyi, mən istəmərəm belə əxlaqı, tərbiyəni, əqidəni, mədəniyyəti!

İndi isə bu yaşlı nəslin “pozğun nəsil” adlandırdığı gənclərə baxaq, yəni öz dövrümüzə nəzər salaq: biz texnologiyanın sürətli inkişaf dövründə yaşayırıq. Kompyuter, mobil telefon, internet, sosial şəbəkələr zamanındayıq. Biz söz və fikir azadlığmızdan qismən də olsa istifadə edə bilirik.

Bizim dini seçimlərimizə, musiqi və film zövqlərimizə, geyim tərzlərimizə heç kim qanuni bir qadağa qoymur, bu azadlığı heç kəs əlimizdən almır. Heç bir kitab oxumayan gəncimiz belə nələrsə haqqında müəyyən informasiyalara sahibdir.

Daha geniş desəm, ən azından internnet vasitəsi ilə dünyəvi biliklərə yiyələnən, az-çox dünyagörüşə malik gənclərimiz var. Bizim dövrün gəncləri özünü qoruya bilir, öz azadlıqlarından istifadə edə bilir, öz hüquqlarını tələb edə bilir. Zarafat deyil, qardaş, siyasi məhbusu var bu ölkənin və çoxu da gəncdir!

İndi, ay bizi “pozğun nəsil” adlandıran kəslər, siz deyin, nəyimiz sizdən pisdir, hə? Yoxsa siz yaşaya bilmədiyiniz, içinizdə qalan arzu və istəklərin hirsini, qəzəbini bizdən çıxırsız? Bizim maddi və mənəvi azadlığımıza paxıllıq edirsiniz?

Əslində, bu gün gənc nəsilin qarşısındakı ən böyük problem sizin canınızda qalan sovet hakimiyyətidir. Sizin köləlik rejiminə vərdişkar olmağınız bu gün sizinlə yanaşı gəncləri də məhvə sürükləyir. Siz hələ də istəyirsiz ki, öz fikirlərinizlə, öz düşüncələrinizlə başqasının həyatına nüfuz edə, hamını özünüz kimi yaşamağa məcbur edəsiniz.

Siz elə bilirsiz ki, hamı sizin inandığınıza inanmağa, hamı sizin adətlərinizə əməl etməyə, hamı sizin sərdabə sevgi və hörmətlərinizə riayət etməyə məcburdur. Hamı sizin sözünüzü mütləq dinləməli və yerinə yetirməlidir. Niyə? Hansı hüququnuz, ixtiyarınız var ki, buna?

Saçını saqqalını ən əcaib formaya salan çirkin, amma azad bir gənc belə, sizin gözəl və səliqəli saç düzümünüzdə və geyiminizdə gizlənən murdar hakimiyyət eşqindən daha üstün, daha xeyirlidir bu cəmiyyətə. Heç o arxayın olduğunuz həyat təcrübəsi də bir işə yaramır artıq! Sizin təcrübələriniz bir işə yarasaydı, 20 ildə Qarabağ azad olardı!

O təcrübələrin bir əhəmiyyəti olsaydı, bu torpağın sərvəti də xalqın hər bir fərdinə bərabər paylanardı! Ona görə də, yaşınıza çox arxayın olub gəncləri qınamayın. Bu gün mənəvi dustağa çevrilən, öz istəklərindən mərhum olan bütün gənclər də sizin üfunət qoxulu fikirlərinizin cəzasını çəkir.

Sadəcə onların bir az cəsarətsizliyi imkan vermir ki, sizə qarşı çıxıb öz mənəvi azadlığını qoruya! Düşüncəsində keçmişin, sovetin idealları olan, adət-ənənə, mentalitet tərəfdarı olan bütün yaşlı nəsil nümayəndələri bu gün bu xaqlın azad yaşamasına, inkişaf etməsinə, maariflənməsinə mane olan ən böyük problemdir.

Bir az da geniş deyim: qeyd etdiyim fikirlərin sahibi olan yaşlılar öz övladlarının üzərində hakimdir, onun övladı və hökm edə bildiyi bütün gənclər onun istəklərinə tabedir.

Bu isə o deməkdir ki, yetişən nəslin böyük bir qismi hələ də özü ilə keçmiş ideyaları daşıyacaq.

Mədəniyyətin, təhsilin, texnologiyanın əleyhinə olan, insanların azadlığına ən qatı düşmən olan bu ideyaların daşıyıcıları bir virus kimi zaman-zaman nəsillərə yoluxacaq.

Bir də onu deyim ki, bu “pozğun” nəsil, o kölə nəsildən daha gözəldir, əmin olun!

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG