Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 23:43

«Meydanda tək buraxıldım»


Mahmudəli Çöhrəqanlı Azərbaycan və Türkiyə hökumətlərindən incidiyini deyir
Mahmudəli Çöhrəqanlı Azərbaycan və Türkiyə hökumətlərindən incidiyini deyir

Güney Azərbaycan Milli Oyanış Hərəkatı kimi tanınan təşkilatın (GAMOH) rəhbəri, hazırda Amerikada yaşayan Mahmudəli Çöhrəqanlı on bir il rəhbərlik etdiyi təşkilatdan istefa verməsini səhhəti ilə bağlasa da, siyasi intriqalardan, qarşılaşdığı haqsızlıq və hücumlardan yorulduğunu da gizlətmir. Bir neçə ay öncə Türkiyə və Azərbaycandan çıxarıldığını yada salan Mahmudəli Çöhrəqanlı «Azadlıq» radiosuna bildirib ki, meydanda tək buraxıldığı üçün hər iki ölkənin hökumətlərindən inciyib. Ancaq, incikliyi yalnız rəsmlərdən yox, həm də əslən İrandan olan və hazırda başqa ölkədə yaşayan azərbaycanlılardandır.


Azərbaycana, Türkiyəyə gəlib Təbrizin iyini alırdıq, buna da imkan vermədilər


«Quzey Azərbaycanımız bir dəfə deməyib ki, bəlkə sənin dava-dərmana, pula ehtiyacın var? Al, bu bir manat sənin olsun. Elə Türkiyə də onun tayı. Güneyin yardıma ehtiyacı var, xaricdəkilərə nə yardım göstərsin? Kanadada tanıdığım azərbayacanlı var ki, azı ayda on milyon dollar qazancı var. Fars televiziyalarına ayda 50 min dollar yardım edir, bizə isə 50 manat da yardım etmir».


Mahmudəli Çöhrəqanlının sözlərinə görə, İranda yaşayan azərbaycanlılar öz hüquqları uğrunda mübarizəyə başladıqları halda Bakı onlara nə maddi, nə mənəvi yardım etməyib. Halbuki, onlar Türkiyə və Bakıdan bu köməyi umublar: «Düzdür, onların da problemləri var, dərk edirik. Amma Azərbaycana, Türkiyəyə gəlib Təbrizin iyini alırdıq. Buna da imkan vermədilər. Qardaşıq, küsərik də, barışarıq da. İndi mən Bakıdan küskünəm. Mən demirəm dövlət, heç olmasa partiyalar deməlidir ki, bunu buraxın. Bu adam Azərbaycan üçün çalışıb. Bir nəfər də halımı soruşmadı…»


Mahmudəli Çöhrəqanlı əlavə edir ki, təşkilatının və şəxsən özünün ünvanına söylənən tənqidlərdən yorulsa da ömrünün sonunadək İranda yaşayan azərbaycanlıların haqları uğrunda mübarizə aparacaq.


Cənab Çöhrəqanlı İran hökumətinin təhdidləriylə təşkilatdan getməsi haqda səslənən fikirləri rədd edir. Dediyinə görə, 24 yaşlı oğlu istisna olmaqla bütün ailə üzvləri xaricdədir. İranı tərk etməzdən öncə altı il ev dustağı olub. Daha nə təhdidlər ola bilər ki?


Növbəti aylarda sadəcə, müalicə olunacağını bildirən Mahmudəli Çöhrəqanlı alternativ hərəkat yaratmayacağını, ümumiyyətlə, bir müddət siyasətdən uzaq qalacağını da bəyan edir. O, yaxın aylarda Azərbaycana gələ bilməyəcəyini deyir. «Rəsmən deportasiya olundum. Deportasiya olunana viza verməzlər. Gəlsəm yenə qaytaracaqlar. Axırıncı dəfə məni 17 saat ac-susuz saxladılar, elə o cür də ac-susuz, öz pulumuzla geri qaytardılar. O 17 saat ən acı saatlarımdı…»


Güney Azərbaycan Milli Oyanış Hərəkatı kimi tanınan təşkilata 11 il rəhbərlik etmiş Mahmudəli Çöhrəqanlı 2003-cü ildə üç ay müddətində Azərbaycan Respublikasında yaşayıb. O, sonuncu 2006-cı ilin iyununda qısa vaxtda Bakıya gəlmişdi. Özü deportasiya olunduğunu söyləsə də, Bakıda rəsmilər cənab Çöhrəqanlının öz istəyi ilə Azərbaycanı tərk etdiyini bildirmişdilər.


Mahmudəli Çöhrəqanlı 1996-cı ildə İranda deputatlığa namizədliyini verib. Bundan sonra həbs olunub. Üç il sonra yenidən həbs olunan Çöhrəqanlı 2001-ci ildə İranı tərk edib. Hazırda ABŞ-da yaşayır.


AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG