Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 10:07

Məzara girirmiş kimi girərlər yatağa...


Elnur Astanbəyli
Elnur Astanbəyli

-

Elnur Astanbəyli

“Oktyabra məktublar” kitabından seçmələr

Nigar Yaqublu üçün

(və bütün Nigarlar üçün...)

Susmuş ölkə hekayəsi
bir gün çəkib getsəm

illər sonra
qarşı-qarşıya gəlsək
səni tanımaram
bu darmadağın halınla -
bir az da solmuş üzünlə
bir az da çüxura düşmüş gözlərinlə
bir az da bükülmüş belinlə
bir az da ağarmış saçınla
"məni tanımadınmı?" deyə soruşsan
səsindən belə tanımam
hardan tanıyım ki
zatən sən heç səsini çıxarmadın
mən sənin səsini heç eşitmədim ki
ölkəm...
ölkəm...
ölkəm!

Rəşo!

Həbsdəki dostum Rəşadətə

Rəşo! Əziz dost!

biz ki and içdik zülmün divarlarını yıxmağa

və şərin ayaqlarına yıxılmamağa

susmaq da bir cür yalan danışmaqdır

dedik susmamağa and içdik

and içdik son nəfəsimizəcən həqiqətləri hayqırmağa

qollardakı qandalları dillərdəki qıfılları qırmağa and içdik

Rəşo! Əziz dost! nə qədər şərablar içmişdik

hər damlasında andımız vardı

zatən biz içdiyimiz şərablardan deyil

içdiyimiz andlardan sərxoşduq

yenə qarşımda şərab durur,

əziz dost,

yenə sərxoşluğum başıma vurur...

bu andı da sənin sağlığına içirəm Rəşo!

and içirəm

hər zaman Günəşə baxmağa

hər zaman qaranlığa kibrit çaxmağa

Rəşo!

Dəmir barmaqlıqlar ardındakı dost!

Bağışla

indi mən sənə

Satılmamaqdan

Sınmamaqdan

susmamaqdan başqa

heç nə ilə kömək edə bilmirəm

başqa heç nə gəlmir əlimdən -

mən indi ordan çıxdıqda sənə

tüpürməyəcəyin bir üz

yenə bir dost kimi sıxa biləcəyin

bir əl saxlamaqla məşğulam

hə, bir də sən gələnə saxladığım

köhnə bir ümid var:

“yaxşı olacaq!”

Rəşo!

Əziz dost!

indi bacardığım budur ancaq

amma sənə bu qədəri az gəlirsə

əsl dost

bundan da artığını bacarandırsa, bağışla!

İyul, 2013

Mitinqçinin şəkli üçün

quşlar öpər

hər dəfə havada

düyünlənmiş yumruqlarını...

göyləri inlədən

“Azadlıq!” hayqırışlarını

quşlar öpər

bax beləcə keçib gedər ömrü

quşların dimdiyində

amma dərd eləməyə dəyməz, dostum,

qəm eləməyə dəyməz,

o quşların yuva qurduğu gün gələcək

hətta ən amansız polisin dəyənəyində

O qadın

soruşursan nə var nə yox necəsən

bu havada necə olum... belə də...

günəşsizəm, yağışsızam, qarsızam

o qadını darıxıram hələ də...

külək qovur buludları aramsız

polis qovur mitinqçini amansız

heç bir dərdi qovmaq olmur araqsız

o qadını darıxıram hələ də...

bu gecənin ulduzu gül ətirli...

günəş doğur, sabah olmur bir turlu...

bir sevdaya bir ömürü bitirdim

o qadını darıxıram hələ də...

yanvar, 2004

Heç kim

Gün kimi yadımdadı

Bir dəfə uşaq ağlımla

Soruşmuşdum babamdan:

“xəstələri başa düşdük,

bəs həkimlər niyə ölür”

gülmüşdü babam

saçlarımı sığallamışdı

belə demişdi nənəmə:

“ay arvad, mən ölü sən qalı

görəcəksən,

ya böyüyüb həkim olacaq bu uşaq

ya da heç kim”

böyüdüm

həkim olmadığıma görə

deməli, heç kim oldum...

Sonuncu siqaret

bir Məhəmməd vardı

heç kim yoxuydu

bir özüydü, bir də dörd divardı...

evinin yanında yekə ağ daş vardı

hər gün axşama dönəndə

gedib o daşın üstündə oturardı

siqareti siqaretə calayardı

biri sönməmiş o birinə yandırırdı

gözləri zillənərdi uzaqlara

və arabir həsrət həsrət-həsrət baxardı

qonşuda “top-top” oynayan

“dava-dava” oynayan uşaqlara

arvadı uşaq üstə ölmüşdü Məhəmmədin

illər keçdi –

oğlu böyüdü şəhid oldu

oğlunun ili çıxmamış

qızı ər evində asdı özünü...

o gündən ağzını bıçaq açmadı Məhəmmədin

dindirdilər dinmədi Məhəmməd

güldürdülər gülmədi Məhəmməd

siqareti siqaretə calamadan keçdi günü

hər siqaretlə o da

için-için yandı

korun-korun tüstüləndi

siqaretlər söndü amma sönmədi Məhəmməd...

və bir gün

qapını-pəncərəni bağladı arxadan

od vurdu evə

od vurdu –

sonunsu siqaretini beləcə yandırdı Məhəmməd!...

Yenə hardasa tərk edilmiş sevgililər

yenə hardasa tərk edilmiş sevgililər

çöməlib bir soyuq divar dibinə

dizləri ilə doldurarlar boş qucaqlarını...

məzara girirmiş kimi girərlər yatağa

qapıda unudub qulaqlarını...

yenə hardasa tərk edilmiş sevgililər

bitməyən bir ümidlə yaşayarlar: “Qayıdacaq!...”

qurmazlar saatı neçəyəsə

nəyə lazım –

onsuz da qapının zəngi oyadacaq...

amma çalınmaz qapının zəngi... gedən qayıtmaz!

dərin bir səssizliyə batıb qalarlar

çalınmaz qapının zəngi... oyatmaz onları

beləcə gecikərlər xoşbəxtliyə - yatıb qalarlar

yenə hardasa tərk edilmiş sevgililər...

avqust, 2011

“Oktyabra məktublar” silsiləsindən

I şeir

Oktyabr! Göyüzünə de, qaralmasın

yerüzünə de, otundan, çiçəyindən muğayat olsun

yağışlara de, Oktyabr, yağışlara

bir az da yağıb boş qədəhlərə dolsun, -

barı sərxoşlar qəzəblənməsinlər...

yarpaqlara de, saralmasın, Oktyabr

qaranquşlara de getməsinlər

durnalara de, Oktyabr, durnalara

barı onlar belə kədərli ötməsinlər

barı mahnılar qəribləməsinlər...

havalara de soyumasın, Oktyabr,

günəşə de sozalmasın

ürəklərə de, Oktyabr, ürəklərə

barı onların istisi azalmasın

barı sevgilər qripləməsinlər...

Azad gəncliyin türküsü

Yolumuzda qanqallar, qolumuzda qandallar
Qorxutmaz bizi heç nə, lap sonu ölüm olsa
Meydanlar da bizimdir, zindanlar da bizimki
Meydan boş qalmayacaq bütün zindanlar dolsa

Önümüzdə aydınlıq sabahlar var bilirik
İçimiz işıq dolu – zülmətləri boğacaq!
Günəşi örtə bilməz o qara, kirli əllər
Kirpiyimizi qaldırsaq ordan günəş doğacaq

Dinəcək zülm tufanı, sönəcək şər ocağı
Bizi gözləyən nədir? Günlərin ən gözəli!
Az qaldı qovuşmağa, ey sevgili Azadlıq,
Sənə fəda canımız – güllərin ən gözəli!!

aprel 2013

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG