Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:03
-
«Dövlətdən yardım alırsan? Alırsan!
Ev verirlər, alırsan? Alırsan!
Nazirliklər müsabiqələrində sənin əməkdaşlarına yer verirlər? Verirlər!
Buradan üç nəticə çıxır:
- ya İlham Əliyev sən yazanın əksinə, çox tolerantdır,
- ya sən öz yazdığının əksinə olaraq, prinsipial-zad deyilsən,
- ya da avtoritarizmdir, mübarizə-zaddır, – hamısı boş şeylərdi, hər şey, sadəcə, ustalıqla düzəldilmiş tamaşadır» – «Azadlıq» qəzetinin yazarı Elnur Astanbəyli öz «Facebook» hesabında son günlərin ən çox müzakirə olunan mövzusuna – 155 jurnalistin mənzil almasına belə münasibət bildirib.

JURNALİSTLƏRİN ETİK KODEKSİNDƏ DEYİLİR...

Elnur Astanbəyli işlədiyi, çiyin-çiyinə çalışdığı həmkarlarının yazdığına şübhə edirsə, bu zaman sual doğur: Bəs sadə vətəndaş necə hökumətdən mənzil alan jurnalistə etibar edib, onun yazdıqlarının obyektivliyinə güvənsin?

Jurnalistin etik kodeksi bu və bənzər sualları cavablayır: Cəmiyyətdə özünə inamın itməməsi, güvənin azalmaması üçün jurnalist hədiyyə götürə bilməz.

Etik kodeksində açıqca yazılır ki, jurnalist öz məlumat qaynağından hədiyyə, qonorar, pulsuz bilet, səfərlərin təşkili, eləcə də digər təklif və xidmətləri qəbul etməməlidir. Bir jurnalistin öz müsahibindən hədiyyə qəbul etməsi oxucuların önündə onu etibarsızlaşdırır, gerçəkləri yazacağına, obyektivliyinə inamı sarsıdır. Sözügedən standartlar cəmiyyət maraqlarını güdən, peşə dəyərlərini qoruyan, özünə sayqı oyatmaq istəyən medianın başlıca qaydaları – «olmazsa-olmazı»dır.
Drew Sullivan

Drew Sullivan


«HÖKUMƏTDƏN EV ALDIĞI ANDAN JURNALİST DEYİL»

Mütəşəkkil cinayətləri və korrupsiya hallarını araşdıran layihənin baş redaktoru Drew Sullivan bildirir ki, jurnalistin hökumətdən mənzil alması jurnalistin etik standartlarını ciddi şəkildə pozur. Belə bahalı hədiyyəni qəbul edən jurnalist ən üstün özəlliklərini – obyektivliyini və tənqidçi müstəqilliyini sual altında qoyur:

«Bu cür hədiyyəni götürdüyü andan jurnalist öz statusunu itirir və hədiyyə aldığı qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin bir işçisi sayılır. Qərbdə heç bir jurnalist belə bir hədiyyəni qəbul etməz. Hər hansı insana, özəlliklə jurnalistə mənzil hədiyyəsi hakimiyyətin idarəçiliyində ciddi problemlərin olduğunu göstərir. Qərb jurnalisti bu halda onu araşdırardı ki, ev verilərkən hansı məqsəd güdülür?».

Drew Sullivan əlavə edir ki, jurnalistləri ələ almaqdan ötrü onlara hər zaman rüşvət təklif edilir. Öz təcrübəsindən də misal gətirərək bir dəfə bir yazını dərc etməməyə görə ona 200 min avro təklif olunduğunu deyir:

«Amma hələ uzun müddət öncə qərara gəlmişdik ki, biz siyasət və ya biznes maraqlarına görə deyil, sadə insanlar üçün çalışırıq. Bahalı hədiyyə götürən jurnalistlər özlərini maraqların toqquşduğu burulğana atdıqlarını anlamalıdırlar. Deməli, artıq jurnalist peşəsindən əl çəkməlidirlər. Elə bu üzdən hər hansı hədiyyəni götürməyəcəyimizi açıqca deyir, səbəblərimizi söyləyirik».

Rəşid Hacılı

Rəşid Hacılı

JURNALİSTİN HÖKUMƏTDƏN EV ALMASI BÜTÖVLÜKDƏ MEDİANIN İFLASIDIR

Jurnalistin etik standartlar kodeksi təkcə Qərb mediasına aid deyil. Jurnalist adını daşıyanların hamısı bu standartlara əməl etməlidir. Təbii ki, Azərbaycan jurnalistləri də. Media Hüquqları İnstitutunun rəhbəri Rəşid Hacılı jurnalistin hər hansı formada hədiyyə almasını yolverilməz sayır:

«Ona görə ki, etik standartlar qorunmursa, o zaman jurnalistin hazırladığı məhsula etibar azalır. Təkcə bir jurnalistə inam azalmır, mediaya və bir peşə olaraq jurnalistliyə güvən itir. Beləcə, bütövlükdə media iflasa uğramış olur».

2010-cu ildə prezident İlham Əliyev jurnalistlərin mənzil probleminin həlli üçün sərəncam imzalamış və 156 mənzilli binanın tikintisinə dövlət büdcəsindən 5 milyon manat vəsait ayrılmışdı. Ötən illərdə binanın inşasına ümumilikdə 22 milyon manata başa gəlib.

İyulun 22-də mənzilləri jurnalistlərə təqdim etdikdən sonra prezident yaxınlıqda daha bir binanın təməlini qoyub. Ölkə başçısının sərəncamı ilə ev ala bilməyən jurnalistlərə daha bir binanın inşası üçün yenə 5 milyon manat ayrılıb. Sual yaranır: Bu binadan mənzil almaq istəyən jurnalist hansı tənqidi yazıya cəsarət edəcək?

Şərhləri göstər

XS
SM
MD
LG