Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 10:15

Poeziya diplomatiyası


Iran xarici işlər nazirinin müavini Abbas Araghchi və Wendy Sherman

Iran xarici işlər nazirinin müavini Abbas Araghchi və Wendy Sherman

-

Qərb ölkələri ilə İran arasında nüvə danışıqlarının bir özəlliyi də... poeziya diplomatiyasıdır.

Danışıqlarda Amerikanı təmsil edən Wendy Sherman oktyabrın 23-dəki nitqində böyük İran şairi Sədinin yaradıcılığından sitat gətirib:

"Səbr elə! Elə bir şey yoxdur ki, asanlaşmadan əvvəl mürəkkəb olmasın" (sətri tərcümə)

Sherman ABŞ dövlət katibinin siyasi məsələlər üzrə köməkçisidir. O, İrana verilən möhlətin bitməsinə 1 ay qalmasını xatırladarkən bunu deyib.

Dünyanın aparıcı ölkələri israr edirlər ki, İranın mübahisəli nüvə proqramı ilə bağlı nəticə noyabrın 24-cən əldə edilmiş olsun.

Sherman Sədidən sitat gətirməklə yəqin ki, iranlıların mədəniyyətinə sayğısını ifadə etmək istəyib. İran xalqının qəlbinə bu cür yol tapmaq üsulundan son dövrlərdə başqa Amerika siyasətçiləri də istifadə ediblər.

Simin Behbahani, 2007

Simin Behbahani, 2007

O cümlədən prezident Obama və Dövlət Departamentinə fars dilində sözçülük edən Alan Eyre.

Obama 2011-ci ildə Novruz bayramı ilə İran xalqına müraciətində çağdaş İran poeziyasının nəhənglərindən olan Simin Behbahaninin yaradıcılığından sitat gətirmişdi:

"Qocalmışam ola bilsin, amma fürsət olsa öyrənməyə davam edəcəm, ikinci gəncliyimi yaşayacam öz şagirdlərimlə bir cərgədə. Sevgi hədisini elə bir şövqlə səsləndirəcəm ki, ölkədə hər bir söz cana gəlsin" (sətri tərcümə)

Bu ilin avqustunda dünyasını dəyişmiş şairə dəfələrlə İran hökumətinin təzyiqləri ilə üzləşmişdi. Şairə o zaman "Amerikanın səsi"nin İran xidmətinə müsahibəsində ABŞ liderinin bu jestini yüksək qiymətləndirdiyini demişdi.

2013-cü ildəsə Obama Novruz təbrikində 14-cü əsr şairi, şeir divanı az qala hər bir iranlının kitab rəfində yer alan Hafizdən sitat gətirmişdi:

"Dostluq ağacı ək ki, xoşbəxtlik barı versin, sonsuz əzablar doğuracaq düşmənçilik ağacını kökündən qopar" (sətri tərcümə)

Ardı aşağıda

Amma bu poetik jestlər hələ ki iranlı siyasətçilərə elə bir təsir etməyib.

Onlar davamlı olaraq ABŞ-ı İrana qarşı "düşmənçilik aktlarında" ittiham edirlər.

Elə Sherman da öz nitqində deyib ki, nüvə danışıqlarındakı irəliləyişə baxmayaraq tərəflər arasında bütöv bir "inamsızlıq meşəsi" var.

Sherman onu da bildirib ki, danışıqlar nəticə verməsə, bu, "vəziyyətin gərginləşməsi"nə yol açacaq.

Bu isə yəqin ki həm də "poeziya diplomatiyasının" sonu olacaq. Qərb ölkələri İranı gizli şəkildə atom bombası düzəltmək cəhdində ittiham edirlər. İran isə nüvə proqramının dinc məqsədli olduğunu deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG