Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:02

İslam Dövləti yaraqlılarını təhlükəli edən nədir?


İslam Dövləti yaraqlılarından biri. Video-dan götürülmüş görüntü. 7 oktyabr 2014

İslam Dövləti yaraqlılarından biri. Video-dan götürülmüş görüntü. 7 oktyabr 2014

.
Charles Recknagel

Düşmənin cəbhə xəttində intiharçı avtomobil partlayışlarının törədilməsindən tutmuş qorxu yaradılması məqsədilə müharibə əsirlərinin qətliam edilməsinədək İslam Dövləti yaraqlıları döyüş meydanında özlərinin nə qəddar və bacarıqlı olduqlarını nümayiş etdirmişlər.

Bu qüvvəni qorxulu edən beş mühüm amil var:

İntiharçı bomba partlayışları

Əl-Qaedadan Talibanadək intiharçı bomba partlayışlarını bir çox silahlı qruplaşmalar törədirlər. Lakin onlardan heç biri döyüş meydanında bu üsuldan İslam Dövləti yaraqlıları qədər intensiv istifadə etmir.

“Onların intihar partlayışları törətmək arzusunda olan çox sayda döyüşçüləri var” – deyir Beyrutdakı Yaxın Şərq və Körfəz İnstitutundan hərbi analitik Riad Kahwaji.

Yaraqlılar hücum edərkən, xüsusilə də yaşayış məntəqələrində, intiharçı avtomobil partlayışlarından səmtləndirilən raket zərbələri kimi istifadə edir. Bunun ardınca onlar kütləvi partlayış törədir və böyük canlı qüvvə ilə düşmən mövqelərini basırlar.

“Bu lap koalisiya təyyarələrinin təkmil raketlərinə bənzəyir. Fərq burasındadır ki, burada dəqiqlik daha çoxdur və qəfillik elementi vardır – deyir Kahwaji – Bu onların düşmənlərinin ürəyinə xof salır”.

Yaraqlıların intiharçı qəsd törətmək istəyən bu qədər döyüşçüsü hardandır?

Kahwaji deyir ki, yeni səfərbərliyə alınanlar, onların ideoloji sədaqəti və psixoloji vəziyyətləri nəzərə alınaraq bələdçiləri tərəfindən diqqətlə saf-çürük edilirlər və bundan sonra onlardan "məqsədəuyğun şəkildə istifadə olunur”.

“Belə görünür ki, onların bu döyüşçüləri qiymətləndirmək üçün öz sistemləri var. Onlar baxırlıar ki, döyüşçülərdən hansı daha çox ekstremistdir və intihar törətməyə qabildir. Belələrini seçir və lazım gəldikdə istifadə edirlər” – deyir təhlilçi.

Xof taktikası

İntihar bombalarından başqa İslam Dövləti yaraqlıları düşməni özünün ifrat qəddar imicini yaratmaqla qorxutmağa çalışır.

Bütün dünya girovların başlarının kəsilməsindən sarsılmışdı. Lakin yaraqlılar döyüş meydanlarındakı düşmənlərinə qarşı ayrı taktikadan istifadə edirlər. Bu, əsirlərin cəbhə xətti boyunca, düşmənlərin gözləri qarşısında, açıq şəkildə kütləvi edam edilməsidir.

"Onlar hücuma keçməzdən əvvəl özlərinin bir neçə hərbi əsirini düşmənin görə biləcəyi bir şəkildə qətlə yetirir və xof yaradırlar” – deyir Kahwaji.
Onların döyüşdən əvvəl öldürdükləri əsirlər həm Suriya ordusunun, həm də özlərinə rəqib bildikləri dünyəvi müxalifətin Azad Suriya Ordusunun əsgərləridir.

İslam Dövləti yaraqlısı ABŞ-dan olan jurnalist James Foley-i qətl etməzdən az əvvəl. 19 avqust 2014

İslam Dövləti yaraqlısı ABŞ-dan olan jurnalist James Foley-i qətl etməzdən az əvvəl. 19 avqust 2014

Eyni zamanda əsirlərin edam görüntülərini internetlə yayırlar. İyun ayında onlar yüzlərlə İraq Ordusu əsgərinin Tikritdə edam edilməsini göstərən videonu yaymışdılar.

Avqust ayında onlar tərəfindən internetdə Raqqa əyalətində 120 Suriya əsgərinin edamını nümayiş etdirən video yayılmışdı.

İslam Dövləti döyüşçüləri xofdan həmçinin dinc əhaliyə qarşı istifadə edirlər. Onlar qeyri-sünni icmalarının yaşadıqları yerləri zəbt edəndə, arabir hərbi yaşda olan kişiləri oğurlayır və güllələyirlər. Onlar, məsələn, yezidi icmasının gənc qadınları oğurlayır və seks qulları kimi satırlar.

Bü cür rəftardan qorxu, dinc əhalini, İslam Dövləti döyüşçülərinin hələ əraziyə yaxınlaşmasından əvvəl doğma yurdlarından qaçmağa sövq edir.

Yüksək hərəkətlilik

İslam Dövləti yaraqlıları olduqca hərəkətlidirlər. Onlar öz döyüşçülərini yük avtomibillərində kiçik qruplarla və yüksək sürətlə döyüşə göndərirlər. Bu beynəlxalq koalisiya qüvvələrinin onlara havadan zərbə endirməsini çətinləşdirir və məhz buna görə də Qərb rəsmiləri qrupa yalnız hava zərbələri ilə üstün gəlməyin mümkünsüzlüyündən danışırlar.

Analitiklər bildirirlər ki, İslam Dövləti yaraqlıları Suriya və İraq ordularından tankları ələ keçirsələr də onlardan müntəzəm qaydada istifadə etmirlər.

“İslam Dövləti yaraqlıları tanklardan yalnız təbliğat görüntülərində istifadə edirlər. Onlar tanklardan döyüş meydanlarında istifadə etmirlər, çünki tankı havadan bircə raketlə məhv etmək olar – deyir Fransanın Lion şəhərindəki Gremmo Araşdırma Mərkəzindən Suriya üzrə ekspert Fabrice Balanche.

İraqın şiə döyüşçüləri İslam Dövləti yaraqlılarının tankını məhv ediblər. 2 sentyabr 2014

İraqın şiə döyüşçüləri İslam Dövləti yaraqlılarının tankını məhv ediblər. 2 sentyabr 2014

O həmçinin qeyd edir ki, İslam Dövləti yaraqlıları zəbt etdikləri şəhərlərdə, məsələn Suriyanın Raqqa şəhərində olduğu kimi yerli əhali ilə qaynayıb-qarışır. Bu isə dinc əhalinin həyatını riskə qoymadan onlara qarşı hava zərbələri endirilməsini çətinləşdirir. Çünki belə zərbələr yaraqlılara adamlar cəlb etmək imkanı verə bilər.

“Əgər siz evləri bombardman edirsinizsə, çox tezliklə dinc əhalinin güclü narazılığı ilə üzləşəcəksiniz. Onlar deyəcəklər ki, bu, İslam üzərinə yeni səlib yürüşüdür və amerikalılar da israillilərin Qəzzada etdiklərin kimi adamları öldürürlər – deyir Balanche – Beləliklə də biz psixoloji müharibədə çox tez uduza bilərik”.

Beynəlxalq miqyas

İslam Dövləti yaraqlıları şimali İraq üzərinə uğurlu hücumlarının nəticəsində öz sıralarını 10 min döyüşüdən, haradasa 20-30 min döyüşçüyə çatdırıb.

Yeni səfərbər olunanların əksəriyyəti bu yaraqlı qrupa müttəfiqlik elan edən başqa dəstələrin üzvləridir. Lakin ekstremist qrup həm də Avropa daxil olmaqla bütün dünyadan minlərlə cihadçı cəlb etmək iqtidarındadır.
“Bu, müasir tarixdə əcnəbi müsəlman döyüşçülərin xaricdəki döyüş meydanına yüzlərlə, bəlkə də minlərlə ölçülən ən böyük axınıdır” – deyir Londondakı Royal United Services Institutundan araşdırmaçı Shashank Joshi.

Joshi qeyd edir ki, çox sayda əcnəbinin Suriyaya getməsi həm də bu ölkənin Avropanın çox yaxınlığında olması və oraya Türkiyədən keçib getməyin asanlığı ilə bağlıdır. Əfqanıstan, Somali və ya Yəməndəki cihadlara qoşulmaq bu qədər asan deyildi.

İraqda qaçqın düşmüş yezidi kürd ailəsi. 24 sentyabr 2014

İraqda qaçqın düşmüş yezidi kürd ailəsi. 24 sentyabr 2014

Lakin İslam Dövləti yaraqlıları səfərbərlik məsələsində həm də ona görə uğurlu ola bilib ki, Suriyadakı müharibəyə sünni və şiələr arasında axirət müharibəsi donunu geyindirib. Burada Dəməşq və Bağdadın sünni ərəblərin qədim düşməni olan İran tərəfindən dəstəklənməsi faktoru da rol oynayıb.

“Avropadan olan sünni müsəlmanları cəlb edən məhz budur. Onlar bəlkə də başqa vaxtlarda bundan çəkinərdilər. Lakin onların Suriyada 3 ildir ki, müşahidə etdikləri iztirablar, kütləvi qətliamlar və hava zərbələri İslam Dövləti yaraqlılarına əl-Qaedanın heç vaxt malik olmadığı səfərbərlik alətini verib” – deyir Joshi.

Suriyada və İraqda fiziki ərazilər zəbt etməklə İslam Dövləti yaraqlıları həmçinin cihad ideyasına ikinci həyat verib.

“Əl-Qaeda həmişə öz diqqətini uzaqdakı düşmənə qarşı məsafədən törədilən terrorçu aktlarına yönəldirdi və asan hədəf olmamaq üçün ərazi zəbt etməkdən çəkinirdi, - deyir Joshi, - İslam Dövlətinin xilafət elan etməsi və diqqətini yaxın düşmənə yönəltməsi və ərazilər zəbt etməsi isə əl-Qaedanın illərlə davam edən mövqeyindən sonra yenilikçi bir ideya idi”.

Şərqi Suriyada və İraqda bu qruplaşma özünü həmçinin sünnilərin başqa bir düşməndən kürdlərdən müdafiəçisi kimi təqdim edir. O sıralarını ərəblərin belə bir qorxusu üzərində genişləndirir ki, iyul ayında neftlə zəngin Kərkük regionunu ələ keçirən kürdlər ərəb torpağında öz müstəqil dövlətlərini qurmaq istəyirlər.

Qan bağları

Və nəhayət İslam Dövləti yaraqlıları keçmişlərdə buraxdıqları səhvlərdən dərs öyrəniblər.

Bu səhvlərdən biri də sünni tayfaları ilə birbaşa nüfuz rəqabətinə girilməsi idi. Bundan bacarıqla istifadə edən ABŞ qüvvələri tayfa qiyamını – Sünni Oyanışını silahlandıra və maliyyələşdirıə bilmiş və tayfalar 2006-cı ildə islamçıları uğurla geri oturtmuşdular.

Əvəzində bu gün İslam Dövləti yaraqlılarının lideri Abu Bakr al-Baghdadi tayfa liderləri ilə əlaqələr qurmağa çalışır. O bunu ənənəvi ərəb adət-ənənəsi ilə edir.

"Məsələn o tayfa başçısından öz qızını İslam Dövləti yaraqlılarının rəhbərlərindən birinə verməyı xahiş edir. Beləliklə, qruplaşma ilə tayfa arasında izdivac əlaqəsi yaranır, - deyir Balanche, - O həmçinin tayfa başçısından öz oğlunu yaraqlıların sıralarına verməyi xahiş edir. Beləliklə, yerli tayfalarla qruplaşma arasında qan qohumluğu yaranır. Əgər tayfa müqavimət göstərsə, o tayfa üzvlərinin hamısını qırır”.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG