Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:56

İsa peyğəmbəri muşketyor geyimində çəkən rəssam...


Seymur Baycan və Niko (sağda)

Seymur Baycan və Niko (sağda)

-

Niko rəssamdır. Küçə rəssamı. Kafelərdə, küçədə karandaşla adamların portretini çəkir.

Zəhmətinin müqabilində on lari, on beş lari, iyirmi lari verənlər olur. Bir də çay daşlarının üstünə mənzərələr çəkib suvenir mağazalarına satır...

Seymur Baycan

KİMDİR DƏLİ?

Başında həmişə şlyapa olur. Şlyapasına da lələklər keçirir.

Deyir qışda daha yaxşı geyinirəm. Qış onun əsl muşketyor kimi geyinməyinə daha yaxşı şərait yaradır.

Qışda plaş və uzunboğaz çəkmə geyinir. Bu geyimlər də muşketyor üçün çox vacibdi.

Niko özünü muşketyor kimi hiss edir. İsa peyğəmbərin muşketyor kimi rəsmini çəkib. Həmçinin Viktor Tsoyu da muşketyor kimi təsvir edib. Deyir onlar əsl muşketyor idilər.

Bir radiosu var. Radionun da üstünə muşketyor rəsmi çəkib.

Bir gün onunla söhbət edən zaman təxminən əlli yaşlı bir qadın (bəlkə də qadının yaşını düz yazmıram, amma hər qadın göründüyü yaşdadır) Nikoya yaxınlaşdı.

Nəsə söhbət etdilər. Niko ara, ara, ara deyib durdu. Qadın gedəndən sonra Nikodan soruşdum:

- O nə istəyirdi?

Niko dedi ki, radiomu istəyirdi, deyir, radionu ver mənə. Dedim, Niko, bəlkə o qadın səni sevir, radionu bəhanə edib sənə yaxınlaşmaq istəyir. Cavab vermədi.

Mövzunu bağladım. Radio da köhnə bir radiodu. Heç səsi də düz əməlli çıxmır. Bir gün axşam Nikonu gördüm. Ürəyim sıxılırdı. Çıxdım bir az hava alam. Bir az gəzəm. Birdən elə bil kimsə mənə başını çevir, sol tərəfə bax dedi.

Başımı çevirib sola baxdım. Gördüm Niko öz radiosunu qulağına tutaraq, bir əlində ağır zənbil harasa gedir. Bu çox kədərli mənzərə idi. Onu səsləmədim. Gözdən itənə qədər arxasınca baxdım. Əri döyən arvadı da bir tərəfdən it tutdu. Onsuz da ürəyim bərk sıxılırdı, bu mənzərəni görən zaman daha da pis oldum. Həmin an anladım ki, bu mənzərə heç vaxt, heç vaxt yadımdan çıxmayacaq. Əlində ağır zənbil tutmuş radioya qulaq asa-asa bəlkə də hara getdiyini özü də bilməyən Nikonu həmişə bax belə xatırlayacam.

Çox vaxt belə olur. Sən bir adamı yüz dəfə, min dəfə görürsən. Saatlarla söhbət edirsən. Səfərə çıxırsan, dəfələrlə bir yerdə yemək yeyirsən, amma nədənsə o adam sənin yaddaşında bir üz ifadəsiylə, bir hərəkəti ilə qalır. Sən həmişə onu yalnız bu üz ifadəsiylə, bu hərəkəti ilə xatırlayırsan.

Mən də Nikonu qiyamət gününə qədər belə xatırlayacam. Bir əlində zənbil, qulağına radio tutmuş vəziyyətdə. Bu mənzərə heç vaxt yaddan çıxmayacaq. Bilirəm ki, bu mənzərə ən müxtəlif məqamlarda tez-tez yadıma düşəcək.

Alexandre Dumas

Alexandre Dumas

O, keçmişin xiffətini çəkən adamlardandı. Həqiqət onun üçün yalnız keçmişdədi. Ən azı iki əsr bundan əvvəl doğulmalı idi. Ədaları, hərəkətləri iki əsr bundan əvvəl yaşamış adamların ədalarıdı. Danışanda ancaq keçmişdən danışır. Gələcək isə onu narahat edir. Qlobal istiləşmə. Yaşıllıqların məhv edilməsi. Canlıların nəslinin kəsilməsi...

Həyətlərində iki ağacı kəsiblər. Buna görə necə əsəbləşmişdi. Necə kədərlənmişdi. Baxırsan adamın həyatı məhv olub. Gülüş obyektinə çevrilib, amma o gələcək üçün, bəşəriyyət üçün, insaniyyət üçün necə narahatçılıq keçirir.

Yadıma bir söhbət düşür. Bir rus maarifpərvərini tutub basırlar borclular həbsxanasına. Çoxdan oxumuşam bu haqda. Deyəsən, litsey yoldaşı gedir onun yanına. Borclular həbsxanasına. Litsey yoldaşı sonralar deyir ki, o cır-cındırın, bit-birənin içində bəşəriyyətin taleyindən elə vəchlə danışırdı ki, mən əynimdəki təmiz paltara görə xəcalət çəkirdim.

Niko, həyatı məhv olmuş bu adam gələcəyə görə öz narahatlığını ifadə edəndə mən bu söhbəti xatırlayırdım.

Soruşuram:

- Niko, sən niyə “Üç muşketyor” romanına bu qədər vurulmusan?

Deyir:

- Orda həqiqi dostluq var.

Adam girib əsərin içinə. Romanla yaşayır. Yəqin zəmanəmiz onun üçün maraqsızdı. Mən bunu nə təqdir edirəm, nə də əleyhinəyəm. Özü bilər. Amma o, tək “Üç muşketyor” əsərini oxumayıb. “Master və Marqarita”nı da oxuyub. Ceyms Fenimor Kuperi də. Dümadan sonra Ceyms Fenimor Kuper onun ən sevdiyi yazıçıdı. Qızıldərililər, onların adət-ənənəsi, həyatları haqqında danışmağı sevir. Bir də keçmişdə yaşamış sənətkarların həyatından danışmağı çox xoşlayır.

Niko evlənmək istəyir. Deyir sənətə qiymət verən, məni başa düşəcək qadın axtarıram. O, danışır və mən bilirəm ki, onun arzuları arzu olaraq da qalacaq. Heç vaxt reallaşmayacaq.

Muşketyorlar. Dümanın romanına çəkilmiş illüstrasiya, 1894

Muşketyorlar. Dümanın romanına çəkilmiş illüstrasiya, 1894

Kimdir ona ərə gələn? Düzdü, hardansa bir avara arvad tapa bilər, amma o sənətə qiymət verən, rəssamlıqdan başı çıxan qadın axtarır. Bu mümkünsüzdü. Görünüşü qaydasında deyil. Bu geyimə, bu görünüşə, bu kasıbçılığa hansı qadın yiyə durar?

Buna görə heç qadınları da ittiham etmək lazım deyil. Hərənin öz həyatı var. İnsan həyata bir dəfə gəlir. Niko iş axtarır. Tapa bilmir. Hansısa firmaya getmişdi. Söhbətindən başa düşdüm ki, orda onu yola veriblər. Yəqin bir xeyli də dolayıblar mədəni formada. Yəqin o öz hərəkətləri və danışığı və arzuları ilə orda darıxan adamlara babat mövzu verib. Özü bunu başa düşmür. Bu nə qədər dəhşətlidi. Reallıq bütün arzuların və istəklərin əleyhinədi və sən heç cür bunu başa düşmürsən. O, başa düşmür ki, niyə özünə arvad və iş tapa bilmir.

Onunla bir dəfə kafeyə getmişdim. Kafeyə girəndə bir nəfər yanındakı adamı dümsükləyib Nikonu göstərdi. Bunu gördüm. Adama yaxınlaşıb soruşdum:

- Nə olub?

Yaxşı ki, mərifəti çatdı, heç nə demədi. Susdu. Bərk əsəbləşmişdim.

Ona pul verəndə bərk utanır. Mən özüm də az xəcalət çəkmirəm. Deyirəm - Niko, biz sənətkarlar bir-birimizə kömək etməliyik. Məndə də olmayanda səndən istəyəcəm. O deyir:

- Hə, bütün yaradıcı adamlar ruhən qohumdurlar.

Ona "Quqark"ı hədiyyə etmişdim. Oxudu. Onun roman haqqında fikirləri mənim üçün çox maraqlı idi. Elə məqamlara toxunmuşdu ki, böyük əksəriyyət bu məqamların üstündən sakitcə keçmişdi. Nikoya toxunan məqamlar çox az adamın diqqətini çəkmişdi. Yekun olaraq o, əsər haqqında belə bir ifadə işlətdi: Sən həyatda nə qədər əziyyət çəkmisən...

Niko deyir ki, mən öləndə vəsiyyət edəcəm, satılan əsərlərimdən iki-üçünün pulunu sənə çatdırsınlar. İnsan arzularla, ümidlərlə yaşayır. Bu arzuları tutub onun əlindən alsan dəli olar. Həyatın ağırlığına tab gətirə bilməz.

Dostoyevski “Ölü evdən qeydlər” əsərində yazır ki, divara zəncirlə bağlanmış dustaqlar zəncirdən azad olub həbsxananın həyətində gəzəcəkləri günü gözləyirdilər.

Adamları zəncirlə divara bağlanmağa tab gətirməyə, dözməyə güc verən arzuya, ümidə bax. Nə vaxtsa zəncirdən xilas olub həbsxananın həyətində gəzəcəklər. Dostoyevski yazır ki, bu arzunu onların əlindən alsalar, bilsələr ki, ömürlük zəncirlə divara bağlı halda qalacaqlar, bir gün də yaşaya bilməzlər.

Həmişə “kimdir dəli” sualından qorxmuşam. Bu sualdan qaçmışam. Dəliliklə alver edən adamlar məni bu sualdan iyrəndirib. Xüsusən İranda və Türkiyədə dəli mövzusuyla xeyli dərəcədə alver edən adamlar var. Onlar özlərini dəliliyə qoyurlar, amma həm də belə bir mesaj ötürürlər ki, guya əsl dəli onlar deyil, onlara dəli kimi baxan adamlardı.

Hər şey onların beynində baş verir. Bu yazmayan yazıçılar, çəkməyən rəssamlar hər şeyi öz beyinlərində həll edirlər. Guya uğursuzluğa düçar olurlar, guya əslində onlar sənətlə yaşayırlar. Əslində isə ortada heç nə yoxdu. Düşüklükdü. Həm də bir növ ononizmdi. Ümumiyyətlə, ortada iş yoxdursa, effektivlik yoxdursa, hər şey gülməli görünür. Bizdə də sənətlə məşğul olmayan sənətkarlar yetişməkdədi. Yüngül siqaret çəkə biləcəkləri halda qəsdən sarı filtirli ağır siqaret çəkirlər. Sistemsiz söhbətlər edirlər. Sözün həqiqi mənasında özləri də bilmirlər nə danışırlar.

Zahiri görünüş dəyişilir, zahirən sənətkara oxşayırlar, amma başda tam bir boşluq hökm sürür. Sənətkar rolunu oynayan bu adamlar üçün dəli mövzusu sevimli mövzulardan biridi. Başqa cür də dəlilər var. Onlar özlərini dəliliyə qoyurlar, göylə əlləşirlər, amma yer mövzularında həddindən artıq diqqətlidirlər.

Göylə əlləşən, guya göydə yaşayan adamları yer mövzularında aldada bilməzsən. Çünki onların dəli rolu oynamaqları adamların xoşuna gəlir. Səmavi söhbətləri sevən bu yalançı dəlilər pul, mükafat zad söhbətlərində çox ağıllı siyasət yürüdürlər. Bütün bu yalançı dəlilər ordusu məni “kimdir dəli” sualından iyrəndirib.

Amma bütün bunlarla bərabər “kimdir dəli” sualı aktual sualdı. Niko səmimi insandı. O, danışdığı kimi yaşayır. Nədən danışmağı bir tərəfə, əsas odur ki, o həqiqətən də sənəti bütün hüceyrələriylə sevir. Nə çəkməsi, necə çəkməsi də bir o qədər də əhəmiyyətli deyil. Səmimiyyət onun ən böyük silahıdı. Bir dəfə Nikoyla kafedə oturmuşdum. Bir nəfər onu gördü, soruşdu:

- Bu dəlini hardan tapmısan?

Sual doğma dilimzdə verilmişdi. Niko başa düşmədi, bununla belə mən çox narahat oldum. Əsəbləşdim. Bu söhbətin üstünən bir müddət keçəndən sonra eşitdim ki, bu adam evin kirayəyə verir.

Səbəb? Ona görə ki, gedib kreditlə yekə bir maşın alıb. İndi krediti ödəyə bilmir. Məcbur qalıb ki, evi kirayəyə verib kirayə puluyla kreditini ödəsin. İndi bu məqamda sual vermək olar. Kimdir dəli? Sənəti sevən, yaşıllıqların məhv olmasına görə narahatçılıq keçirən, Bulqakovu, Tomas Mannı oxuyan Niko, yoxsa özünü göstərmək üçün kreditlə yekə maşın alıb krediti ödəyə bilməyən məxluq? Bunlardan hansına dəli sözü daha çox yaraşır? Bax bu cür məqamlarda “kimdir dəli” sualı bir çox məsələlərə tam aydınlıq gətirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG