Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:18

-

Bəziləri deyir ki, “Seymur yerində deyil”. Razıyam.

Yerimdə deyiləm. Amma bir balaca ətrafınıza baxın. Kim öz yerindədir?

Seymur Baycan

ƏDƏBİYYATIN GÜCÜ

Dərin biliyə malik adamların yazıçılara qarşı qərəz və paxıllığıni izah etmək olar, amma onlara haqq qazandırmaq olmaz.

Belə bir paralel aparaq.

Tutaq ki, biz sirkdə hoqqabazın şlyapanın içindən dovşan çıxardığını görürük. Ortada bicliyin, oyunun olduğunu anlayırıq.

Əgər özümüz hoqqabazın hərəkətini təkrar etmək istəsək, gülməli vəziyyətə düşərik. Tənqidçi bir romanın zəif tərəflərini göstərir. Hər şeyi bildiyi kimi yozur. Öz istəklərini dilə gətirir.

Amma tənqidçilər masa arxasında oturub özləri roman yazanda çox gülməli vəziyyətə düşürlər. Böyük əsərlər ağılın ürəyə, ürəyin ağıla səyahəti zamanı yaranır. Yazıçılar arasında dərin və hərtərəfli biliyə malik adamlara çox az hallarda rast gəlinir.

Onların çoxu ürəklə kifayətlənməli olurlar. Onların istifadə etdikləri xammalın adı sözdur. Kim bu xammalı daha yaxşı tanıyırsa, kim bu xammaldan daha yaxşı istifadə edirsə, nəticəsi olur.

Təbii ki, biz zəhmət, inadkarlıq, davamiyyət, istiqamətin sağlam olması kimi bir çox başqa şərtləri də nəzərə alırıq. Məsələn, tutaq ki, Umberto Eko deyir: "Əgər Hitler Tolstoyun “Hərb və Sülh” əsərini oxusaydı, Rusiyaya hücum etməzdi. Onu da nəzərə alaq ki, hələ Umberto Eko öz biliyi ilə başqalarından seçilən yazıçıdır.

Bu fikir, fikirdən daha çox söz oyunu səhəri gün dünyanın müxtəlif media orqanlarında tirajlanir. İkinci dünya müharibəsi mövzusunda illərlə araşdırma aparan bir tarixçi, bir alim bu mənzərəyə dözmur. Bu fikrin cəfəngiyyat olduğunu göstərmək istəyir. Onu eşidən az adam tapılır. Bir sözlə, yazıq qalır partlaya-partlaya. Əslində, dərin biliyə malik adamların buraxdıqları ən böyük səhv ədəbiyyatın gücünü anlamamaqdır.

"Hərb və sülh" filmindən kadr

"Hərb və sülh" filmindən kadr

Əvvəl söz olub. Ədəbiyyat adamları çox itki veriblər. Dəriləri soyulub, edam olunublar, sürgün ediliblər, həbs ediliblər, asılıblar, kəsiliblər... Çünki Nobel mükafatçısı Lyosanın təbirincə desəm, ədəbiyyat hətta azadlığın illuziyasını yaratsa belə, bunun özü də diktatorlar üçün qorxuludur. Uşaq ədəbiyyatı vasitəsi ilə Avropada nəsilləri tərbiyə ediblər.

Mütaliənin necə bir sehrli zövq olduğunu bilənlər bilir. Bilməyənlər özləri bu sehrli aləmə daxil olmalıdırlar. Bu zövqü dadan adamların hər birinin uşaqlıq kitabı var. Bu kitab bizim kiçik dünyamızda öz müqəddəs yerini tutub. Uşaqlıqda öz kitabını seçə bilməyən, yaxud müəyyən səbəblərdən oxumayan adamı ittiham etmək əvəzinə ona heç də gec olmadığını oxumağa başlamağın zəruri olduğunu izah etsək, daha doğru olar. Çünki bu zövqdən nə qədər çox adam xəbərdar olsa, biz daha asan bir- birimizi başa düşərik.

Bir çox insanlar özlərinə əziyyət verməmək üçün ədəbiyyatı gözdən salmağa çalışırlar. Ədəbiyyat başqa sahələrdən fərqli olaraq, insandan daha cox əziyyət tələb edir. İnsanlar bu əziyyətə qatlaşmamaq üçün müxtəlif bəhanələr uydururlar. Kitab oxumaq rəsmə, yaxud filmə baxmaqdan, musiqiyə qulaq asmaqdan daha çox əziyyət tələb edir.

Bəziləri bu əziyyətə qatlaşmamaq üçün ədəbiyyata şər atırlar. Guya Freydi oxuyandan sonra ədəbiyyat gözlərindən düşüb. Onlar görüntüylə öz bagajların doldurmaq istəyirlər. Alınmayacaq. Yolu nə qədər kəsə getmək istəsələr, bir o qədər dala düşəcəklər.

Jean-Jacques Rousseau

Jean-Jacques Rousseau

Bir çoxları yazıçıların həyatlarından misallar getirib, onların yazdiqlarını gözdən salmağa çalışırlar. Düzdü, Jan Jak Russo öz övladlarını uşaq evinə vermişdi. Lakin Russonun sayəsində yüz minlərlə uşaq küçələrdən yığışdırıldı.

Onları geyindirdilər, yedizdirdilər. Bəzən günahların özü belə insanı müqəddəsliyə aparır. Həyatı dərk edən adamlar yaxşılıq etmirlər. Onlar öz günahların yuyurlar.

Özü də bu günahlar o qədər çoxdur ki, min ild ə yaxşılıq etsək, yuyulacağına şübhə etməliyik. Hər bir kəs özünü günahkar hesab etməlidir. Bir uşağın cırıq ayaqqabısına , ən adi arzularımızın həyata keçmədiyinə, adamların təhsil almadığına görə...

Səbəb çoxdur.

Ədəbiyyat bizim duyğularımıza xitab edərək, bizim vicdanımıza inanaraq, günahkar olduğumuzu bizə xatırladır. Bu günahlar bizi hərdən yaxşılıq etməyə də çağırır. Hüqonun həyatında səhvlər və günahlar tapmaq mümkündür. Amma Hüqo “Səfillər” əsəri ilə milyonlarla insana şamdan verdi. Bu şamdanları qiymətləndirmək hər kəsin öz işidir. Biz bu şamdanların qiymətini bilməklə bərabər, həm də başqalarına da şamdan verməliyik. Ədəbiyyat bu qədər ciddi sahə olmasaydı, bir çox ölkələrdə yazı adamlarına heykəllər qoyulmazdı.

Dəyilənə görə, Balzakın masasının üstündə Napoleonun balaca heykəlciyi varmış. Balzak həmin heykəlciyin altına yazıbmış ki, sənin qılıncla ala bilmədiyin yerləri mən qələmlə alacam. Həqiqətən də elə də oldu. Bu gün Balzakın əsərləri dünyanın bir çox dillərinə çevrilib. İnsanlar hələ də Balzakı sevə-sevə oxuyurlar. Filmlər çəkilir. Balzakın “Qorio ata” romanı dünya ədəbiyyatının ən güclü nümunələrindən biri hesab olunur.

Honoré de Balzac

Honoré de Balzac

Bəziləri isə yazıçıların kompleksli adam olduqları silahından yapışmağı sevirlər. Başlayırlar onların ruhi vəziyyətini müzakirə mövzusuna çevirməyə. Əvvala, onlar daha münasib adamların ruhi vəziyyətini müzakirə etsələr, daha yaxşı olar. Etməzlər. Çünki qorxaqdırlar. Görəsən, bu adamlara kompleksli şair lazımdı, yoxsa şair ola bilməyən Stalin. Bunlara kompleksli rəssam lazımdı, yoxsa rəssam ola bilməyən Hitler. Aztv dəmişkən, uzağa getməyək, elə özümü götürürəm. Hamı deyir, “Seymur kompleksli adamdır”.

Bəli, belədir.

Kompleksli adamam. Nə dəxli var? Bir də ki, mənim bir çox hərəkətlərim sizin üçün kompleks sayıla bilər. Bəli, mən özümdən pullu, vəzifəli adama yaltaqlanmağı bacarmıram. İstəyirəm, amma alınmır. Hətta hərdən güzgünün qarşısında öz-özümə məşq edirəm. Yenə də alınmır. Axırda bu qərara gəlirəm ki, bu iş mənlik deyil. Bəziləri deyir ki, “Seymur yerində deyil”.

Razıyam.

Yerimdə deyiləm. Amma bir balaca ətrafınıza baxın. Kim öz yerindədir? Rövnəq Abdullayev? Yoxsa Ziya Məmmədov? Yoxsa Məzahir Pənahov yerindədir? Əgər mənim öz yerimdə olmadığım adamları bu qədər incidirsə, Siyavuş Novruzovun deputat mandatı gəzdirməsinə görə onlar ən azı xəcalət təri axıtmalıdırlar.

Bir az da öz ölkəmizdən danışaq. Azərbaycan xalqını ədəbiyyat yaradıb. Belə baxanda, əgər yazıçıları çıxsaq, ölkədə heykəli qoyulacaq çox az adam var.

Hətta bizim ən zəif yazıçılarımız belə, Azərbaycan dilinin yaranmasına öz töhfələrini verdilər. Səməd Vurğun kimdir, nəçidir, özu bilər, amma o, öz böyük nəfəsi ilə Azərbaycan dilinin oturuşması yolunda böyük xidmət göstərmiş oldu.

Bu gün hətta ən zəif yazıçılarımızın əsərlərini oxuduqda belə, o vaxtkı vəziyyət adamların necə yaşaması haqqında informasiya alırıq.

Bizim maarifçilərin necə bir missiya yerinə yetirdiklərini “Biz hardan gəlirik və hara getməliyik” adlı yazımda yazmışam. Bircə onu deyə bilərəm ki, bizim maarifçilər ötən əsrin əvvəlində bizim kobud, savadsız, cəhalət bataqlığında boğulan ata-babalarımıza sahib çıxdılar.

Bunun necə böyük bir fədakarlıq olduğunu dərindən anlamaq üçün onların əsərlərini dərindən oxumaq, onları hiss etmək lazımdır...

MeydanTV

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG