Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:10

Əgər hökumətin yas mərasimlərini tənzimləməsi bu qədər xoşunuza gəlirsə...


Seymur Baycan

Seymur Baycan

-

Ya boynunuza alın ki, özünüz özünüzü tənzimləməyi, öz hərəkətlərinizə nəzarət etməyi, adamı o dünyaya yola salmağı bacarmırsınız, bunu mütləq hökumət zorla etməlidi.

Ya da boynunuza alın ki, gücə, hökumətə yaltaqlanmaq üçün sadəcə əlinizə növbəti şans düşüb. İkisindən biridi...

Seymur Baycan

BİZİM CƏHƏNNƏMİMİZ

"Həyatda olan bütün pisliklər bekarçılıqdan, can sıxıntısından və qəlbin boşluğundan əmələ gəlir". - Rabindranat Taqor

Azərbaycanlılar özlərini öz əlləri ilə tikdikləri həbsxanaya soxaraq həqiqi həyatdan məhrum olublar. Bu həbsxananın adı mentalitetdi

Dərd burasındadı ki, kimsə bu həbxsananın bir daşını tərpətmək istədikdə, xalqımız birləşərək həmin adamın üstünə hücum çəkir və ona müxtəlif təhqirlər yağdırıb, müxtəlif təhqiramiz ləqəblər yapışdırıb öz anlamlarında özlərini müdafiə edirlər.

Lap köhnə və illərlə çeynənmiş lətifədə olduğu kimi. Soyuducuda oturan adam soyuducunun qapısını açana deyir: “Ört qapını, soyuqdur, üşüyürəm”

Hal-hazırda ölkədə nələr baş verdiyini və xalqımızın necə bir həyat sürdüyünü öyrənmək üçün uzun-uzadı araşdırma aparmağa ehtiyac yoxdur. Az qala hər gün hansısa kafedə ,restoranda biri vurub o birisini öldürür. Bıçaqlayır. Başını gözünü əzir. Nə üstündə? Oynamaq üstündə. Biz sadəcə bu xəbərlərə, bu hadisələrə öyrəşmişik. Adamın başqa bir adamı mahnı və oynamaq üstündə öldürməsini artıq adi hal kimi qəbul edirik. Gəlin bir dəqiqə oturub sivil insan kimi düşünək.

Təsəvvür edin, bir canlı məxluq başqa bir canlı məxluqu oynamaq üstündə öldürür. Öz həyatını da məhv edir. Başqasının da həyatına son qoyur. İki tayfa düşmən olur. Ən azı iki ailə bədbəxt olur. Yox. Dayanın. Bizə verilmiş vaxtdan bir dəqiqəni bir daha bu haqda düşünməyə sərf edək. İyirmi birinci əsrdə şüurlu bir məxluq başqa bir şüurlu məxluqu mahnı üstündə, oynamağa görə qətlə yetirir.

Ən dəhşətlisi isə odur ki, bu hadisə ildə bir dəfə, iki dəfə, üç dəfə yox, az qala hər gün respublikanın müxtəlif rayon və şəhərlərində baş verir. Hətta respublikadan kənarda yaşayan azərbaycanlılar da zaman-zaman bu kimi hadisələrlə bizləri "sevindirirlər". Əgər yüngülvari bir hesablama aparsaq, dəhşətli bir həqiqətlə tanış olarıq. Son iyirmi ildə toylarda, ad günlərində və müxtəlif şənliklərdə mahnı sifariş etmək, oynamaq üstündə bir-birini vurub öldürənlərin sayı Qarabağ müharibəsində ölənlərin sayından çoxdur. Hamısı bekarçılıqdandı. Volter deyirdi ki, mən Kandid əsərini bekarçılıqdan yazmışam. İnanıram.

Azərbaycanlılar da bekarçılıqdan vurub bir-birlərini öldürürlər. Çünki hobbiləri yoxdu. Həyatda məna tapa bilmirlər. Darıxırlar. Darıxdıqlarına görə evi söküb təzədən tikirlər. Üç mərtəbəli ev tikirlər, lakin bu evdə necə yaşamağı bilmirlər. Ona görə də üçmərtəbəli ev qalır kənarda, həyətdə balaca bir evdə, ya da ikimərtəbəli, üçmərtəbəli evin zirzəmisində yaşamağa davam edirlər.

Zarafat etmirəm. Müxtəlif yerlərdə belə mənzərələrlə çox rastlaşmışam. Adam üçmərtəbəli, ikimərtəbəli ev tikir, lakin o evdə yaşamır, həyətdəki balaca komada yaşayır. Bu zaman bir suala cavab tapmaqda çətinlik çəkirsən. Əgər sən həyətdəki balaca evdə yaşayacaqdınsa, bəs o zaman bu ikimərtəbəli, üçmərtəbəli evi niyə tikirdin.

Bir çox adamlar utanmalı olduqları şeydən utanmırlar, əvəzində utanmamalı olduqları şeylərdən utanırlar. Məsələn, yaltaqlanmaqdan, özünün kölə vəziyyətinə düşməsindən, iş yerində rəhbərlik tərəfindən alçalmasından, savadsızlığından, bayağılıqdan, zövqsüzlükdən utanan adamların sayı azdı. Əvəzində telefonunun, evinin, maşınının balaca olmasından utanırlar.

Ailələr sevgi, qarşılıqlı anlaşma üzərində deyil, bazarlıq, alver üzərində qurulur. Ona görə də bizim ölkədə xoşbəxt ailə tapmaq çox çətindi. İnsanlar öz həyatlarını öz əlləri ilə cəhənnəmə çeviriblər. Hər şeyin başında dayanan isə riyakarlıqdır. Adamlar özü üçün yaşamır. Başqalarının onlar barədə nə düşünəcəyi üzərində qururlar həyatlarını. Məhz bu səbəbdən adamlar bankların əsirinə, girovuna çevriliblər. Bankdan girov götürüb tez telefon, maşın alırlar. Heç bir gərək olmadığı halda evin mebelini dəyişirlər. Niyə? Səbəb sadədi. Başqasının var, mənim də olmalıdı.

Öz imkanlarını nəzərə almırlar. Nə qədər adam var, borca pul götürüb toyuna tanınmış müğənni çağırıb. Tanınmış müğənninin toyda gəlib fonoqramla bir-iki ağız mahnı oxuması o qədərmi həyati vacib məsələdi? Nə etsin, həyatda başqa məna görmür. Zövq yox, savad yox, hobbi yox. Bu cür adam həyatda rahatlıq və xoşbəxtlik tapa bilərmi? Tapa bilməz. Söhbət adamın pullu və ya pulsuz olmasından getmir. Pulu olanlar da hara və necə xərcləyəcəklərini bilmirlər. Onlar da darıxırlar. Çünki həyatda məna tapa bilmirlər. Mənasızlıq çox böyük dərddir. Əlbəttə dünya malına sahib olmaq pis şey deyil.

Pis odur ki, dünya malı sənə sahib olsun. Təəssüflər olsun ki, bizim ölkədə bir çox hallarda adam maşına minmir, maşın adama minir. Adamlar real imkanlarını nəzərə almadan bir-birləri ilə gərəksiz yerə bəhsə girirlər və nəticədə özləri öz əlləri ilə həyatlarını cəhənnəmə çevirirlər. Heç bir ciddi lüzum olmadan borca girirlər, bankdan kredit götürürlər, özləri özlərinə işgəncə verirlər. Niyə? Çünki telefondan, maşından, evin mebelindən savayı, göstərməyə, fəxr etməyə başqa bir şey tapmır.

Paxıllıq qurd kimi insanlarımızın içini gəmirir. Bir birlərinin yazıq, gülməli vəziyyətə düşməsindən həzz alırlar. Biri o birinə əlini uzadıb yardım etmək istəmir. Biri o birinə yol açmaq istəmir. Yol göstərmir. Təpəsindən vurub quyunun dibinə tullayır. İbtidai həyat sürdüklərinə görə onların paxıllıqları da ibtidaidi. Biri başqasının evindəki mebelə, başqasının əlindəki telefona, başqasının sürdüyü maşına paxıllıq edir.

Bir adam bir adama xoş söz demir. Elə bil, bu gün nə yaxşı görünürsən, bu paltar sənə nə qəşəng yaraşır, filankəsin oğlu çox mədəni oğlandı, filankəsin qızı savadlıdı, desələr, dilləri quruyacaq. Bu kimi sözlər deyəndə də çox vaxt özlərindən varlıya, özlərindən vəzifəliyə deyirlər. Bu da ki, artıq xoş söz deyil, təbii ki, açıq-aşkar yaltaqlanmaqdır. Siqareti tərgidirsən. Deməzlər möhkəm ol. Çəkmə. Döz. Axmaq vərdişdi. İdman elə. Onu et, bunu et ki, vərdişdən uzaqlaşmaq asan olsun. Yox, deməzlər. Hamısı bir ağızdan deyir ki, əşi, boş şeydi, çəkəcəksən.

Ağızlarına da Mark Tvenin bir sözü düşüb. Bunların da ağzına bir söz düşməyə. İşlərini güclərini atıb oturub gözləyirlər ki, nə vaxt siqaret çəkəcəksən. Başlasınlar xorla deməyə: gördün, deyirdim axı çəkəcəksən. Nə olub? Nə boş-bekar adamlarsınız?

Mark Twain: "Dünyada siqareti tərgitməkdən asan şey yoxdur. Mən özüm min dəfə tərgitmişəm".

Mark Twain: "Dünyada siqareti tərgitməkdən asan şey yoxdur. Mən özüm min dəfə tərgitmişəm".

Yəni, doğurdanmı bu boyda həyatda bu adamlar özlərinə bir məşğulliyyət tapmırlar? Sadəcə tapmaq istəmirlər. Sənət dünyası, elm, kitab, incəsənət onlar üçün maraqsızdı. Qalır nə? Ancaq maddiyyat dünyası. Paxıllıq. Başqasına görə öz həyatını qurmaq. Sonra da oturub deyirlər ki, biz niyə belə rəzil gündəyik. Bu qədər paxıllıqla necə inkişaf etmək, necə tərəqqiyə nail olmaq olar?

Mentalitet adlı həbsxananın dustaqları öz ibtidai hərəkətlərinə, öz ibtidai həyatlarına, mənəvi boşluqlarına, bayağılıqlarına, zövsüzlüklərinə adət-ənənə adı qoyublar. Guya hər bir xalqın öz həyatı, öz mentaliteti var, bu da bunların həyatıdı, bu da bunların mentalitetidi. Hərbi xidmətdə olanda vaxt öldürmək üçün oturub boş-boş, gic-gic söhbətlər edirdik. Bir dəfə əsgərlər siqaret çəkməyə nə vaxt və harda başlamaqları haqqında söhbət edirdilər. Söhbət uzandı.

Daha sonra söhbət kim atasının qarşısında siqaret çəkir, kimin atası onun siqaret çəkməsindən xəbərdardı mövzusuna keçdi. Hərə bir əhvalat danışdı. Biri dedi ki, atam bilir, amma heç nə demir. Biri dedi ki, atam siqaret çəkdiyimi biləndən sonra ta mənə pul vermədi. Biri dedi ki, atam özünə siqaret alanda mənə də alır. Biri dedi ki, atam əlimdə siqaret tutanda məni ağaca bağlayıb şlanqla döydü. Bir nəfər vardı. O da bilmədi nə desin. Dedi ki, atamın siqareti qurtaranda məndən istəməyə utanır. Anama deyir. Mən siqareti verirəm anama, o da aparıb verir atama. Hər dəfə adamlar öz ikili standartlarına, ikili həyatlarına nəsə başqa ad qoymaq istədikdə bu söhbət istər-istəməz yadıma düşür.

Bizim adamların ikili həyatları, ikili standartları haqqında bir şey danışan, bir şey yazan kimi bir dəstə adam çıxıb oyun qaydalarını pozaraq xorla deyirlər: "əşi, nədiyeeeeeeeeeee mentalitet?" Guya mentalitet ifadəolunmaz, abstrakt bir anlayışdı və biz, şəxsən elə mən özüm də boş-bekar adamlarıq və adamları cırnatmaq üçün bəhanələr, mövzular axtarırıq, qaşınmayan yerdən qan çıxarırıq və guya bu yazılanların böyük çoxluğa heç bir dəxli yoxdu, sadəcə hərəkətini bilməyən bir neçə adam xalqımızı gözdən salırlar.

Bu günlərdə adamlarımızın necə ikili standartlarla yaşadıqlarını açıq-aşakar ortaya çıxaran bir proses baş verməkdədi. Hal-hazırda hökumətimiz yas mərasimlərini tənzimləməkdədi.

AZTV təbirincə desəm, yəni yas mərasimlərində ölü sahiblərinin israfçılığa yol verməməsi üçün hökumət artıq özü işə qarışmışdır. Hökumət deyir ki, süfrəyə min naz nemət düzməyin. Qonaqlıq verməyin. Çay, halva, limon verdiniz, bəsdir. Daha ağın çıxartmaq olmaz. Yetər. Qurtardı getdi. Vəssalam. Böyük çoxluq bunu, yəni hökumətin yas mərasimlərini tənzimləməsini dəstəkləyir. Nə gözəl... Nə yaxşı... Nəhayət... Çoxdan lazım idi... Tərifin biri bir qəpik. Adama sual verərlər, bəs biz yas mərasimlərindəki israfçılıqdan yazanda niyə cırnayırdınız?

Düzdü, sonradan bu mövzuya qoşulan çox adam oldu. Əlimə qələm alan gündən bu günə qədər ayrı-ayrı vaxtlarda ayrı-ayrı qəzetlərdə, saytlarda bu haqda üst-üstə yalan olmasın yüzdən artıq yazı yazmışam. İlk dəfə bu haqda yazanda böyük bir qəzəblə qarşılaşdım. İlk vaxtlar bu mövzuda yazı yazanda ana qalmadı, bacı qalmadı, var-yox qalmadı, tökdülər çölə. Sonra öyrəşdilər.

Elə mən özüm də bir növ söyüşlərə öyrəşdim. İkincisi, əgər hökumətin yas mərasimlərini tənzimləməsi bu qədər xoşunuza gəlirsə, bu müdaxiləni bu dərəcədə bəyənirsinizsə, niyə özünüz öz yasınızı tənzimləmirdiniz? Ya boynunuza alın ki, özünüz özünüzü tənzimləməyi, öz hərəkətlərinizə nəzarət etməyi, adamı o dünyaya yola salmağı bacarmırsınız, bunu mütləq hökumət zorla etməlidi, ya da boynunuza alın ki, gücə, hökumətə yaltaqlanmaq üçün sadəcə əlinizə növbəti şans düşüb. İkisindən biridi.

Hər iki səbəb də adama heç də yaraşmayan səbəbdi. Əgər hökumətin yas mərasimlərinə müdaxilə etməsini bu dərəcədə ruh yüksəkliyi ilə qarşılayırsınızsa, alqışlayırsınızsa, bəs mən yazanda ki, siz nəinki yaşamağı, hətta heç ölü basdırmağı da bacarmırsınız, niyə ana- bacı, var-yox qalmırdı söyüb batırdınız? Mentalitet heç də bir çoxlarının düşündükləri kimi abstrakt anlayış-zad deyil. Bəzi adamlar mentaliteti guya ifadəolunmaz bir anlayış kimi təqdim etməklə özlərini, öz hərəkətlərini sığortalamağa çalışırlar. Nədi mentalitet?

Mentalitet- gücə yaltaqlanmağa fürsət axtarmaqdı. Mentalitet- gücə yaltaqlanmağı utanmadan asanlıqla əsaslandırmaqdır. Mentalitet - ozündən vəzifəcə böyüyə, pulluya yaltaqlanıb adını da "hörmət edirəm" qoymaqdır.

Mentalitet - bəşəri dəyərləri, insanlığı kənara qoyub münasibətlərə ibtidai qaydalarla aydınlıq gətirməkdir. Mentalitet - o deməkdir ki, qeyrət anlayışı demokratiya, inkişaf, tərəqqi anlayışlarından irəli çıxır.

Mentalitet - qeyrətli olmağı demokratiya uğrunda mübarizə aparmaqdan, öz haqlarını tələb etməkdən daha üstün tutmaqdır. Çünki qeyrətli olmaq həqiqi vətəndaş olmaqdan daha asan başa gəlir. Mentalitet - öz haqlarını tələb etmək, bir vətəndaş kimi ölkədə baş verən hadisələrə münasibət bildirmək əvəzinə, binanı, məhəlləni "çujoy"dan qorumaqdı. Mentalitet - o deməkdir ki, yaşadığın binanın qeyrətini çəkmək bir ölkənin qeyrətini çəkməkdən qat-qat asandır.

Mentalitet - cəmiyyətin inkişafına mane olan yazılmamış qanunlar yığnağıdır. Mentalitet - bizim cəhənnəmimizdir!

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG