Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:09

Gulnara Karimova-nın heyrətamiz iflası


Gulnara Karimova
Gulnara Karimova

-

Luke Johnson

Bir vaxtlar dünya Gulnara Karimovanın ayaqlarında idi. Yüksəklərdə uçan pop müğənnisi. Dünyanı gəzib-dolaşan modelyer. Və nəhayət onu sürətlə İslam Karimovun postuna hazırlayan diplomatik vəzifələr…

Lakin Karimovanın ulduzu bu yaxınlarda onun dəbdəbəli həyat tərzinin xaricdə tənqid olunması, BMT elçisi kimi öz ölkəsindəki insan haqları pozuntularından danışa bilməməsi və israrlı korrupsiya ittihamları ilə sönməyə başladı.

Onun ulduzu rəsmən sentyabrın 9-da Özbəkistan Baş Prokurorluğu bir fırıldaq işi ilə bağlı «Karimova G» kimi təqdim olunan şəxsi təqsirkar qismində elan edəndə söndü. Əksəriyyət inanır ki, «Karimova G» hazırda Daşkənddə ev dustağı olan 42 yaşlı Karimovanın özüdür.

Aşağıda Gulnara Karimovanın son illərdəki tənəzzülünün ən əhəmiyyətli anları qeyd olunub.

2011-Cİ İLİN SENTYABRI: DƏBDƏN DÜŞMƏ

Karimovanın «Guli» geyim moda brendi Nyu York Moda Həftəsindən «Özbəkistandakı insan haqları pozuntularından dəhşətə gələn təşkilatçı» tərəfindən çıxarılır. Bununla əlaqədar baxış körpüsü üstə keçirilməli olan şou Nyu Yorkun mərkəzindəki «Cipriani» restoranına köçürülür. Burada isə artıq 20-dək eitirazçı Özbəkistandakı pambıq yığımında uşaq əməyindən istifadə olunması əleyhinə piket keçirir. Tədbirin özünə 200 qonaq gəlsə də, «müəllif» bir kənara çəkilir.

2012-Cİ İLİN İYUNU: BAŞ TUTMAYAN MÜĞƏNNİLİK

Karimova dünya auditoriyası üçün pop albomu buraxır. Onun internet saytında albomun guya «Billboard» jurnalında dərc olunmuş «ulduz icmalı»na və CNN-ə verilmiş «əla müsahibəyə» linklər var, lakin bu linklərin heç biri işləmir. Nə icmal görünür, nə də müsahibə eşidilir. 2013-cü ilin yanvarında Gulnara Rusiya vətəndaşlığını qəbul etmiş fransız aktyor Gerard Depardieu ilə rus dilində mahnı yazdırır.

2013-CÜ İLİN APRELİ: DİPLOMATİK QEYBOLMA

Onun adı gözlənilmədən Özbəkistan Xarici İşlər Nazirliyinin səfirlər siyahısından çıxarılır və belə başa düşmək olur ki, o, 2008-ci ildən bəri tutduğu postdan – Özbəkistanın Cenevrədəki BMT səfiri vəzifəsindən uzaqlaşdırılıb. O vəzifəsindən rəsmən iyul ayında azad edilib.

2013-CÜ İLİN MAYI: RÜŞVƏT İDDİALARI

İsveçin təhqiqat jurnalistlərinə sızdırılmış və AzadlıqRadiosu tərəfindən şərh olunmuş materialın Karimovanın İsveç kommunikasiya nəhəngi TeliaSonera ilə əlaqələrinə dair yeni sübut olduğu üzə çıxır.

2013-CÜ İLİN OKTYABRI: EFİRDƏN KƏNAR

Karimova tərəfindən nəzarət olunan bir neçə televiziya və radio kanalı yayımı dayandırır. Rəsmilər səbəbin texniki olduğunu bildirirlər.

2013-CÜ ILIN OKTYABRI: DONDURULMUŞ HESABLAR

Karimova-nın adı ilə bağlı olan Terra qrupunun bank hesabları maliyyə pozuntuları iddiaları ilə bağlı dondurulur.

2013-CÜ İLİN NOYABRI: «BOĞULAN TWİTLƏR»

Twitter-in aludəçisi Karimova ilk dəfə olaraq Özbəkistanda insan haqlarının pozulmasından söz açır. Onun göndərdiyi bir neçə tweet postunda iddia edilir ki, cangüdənlərindən biri ölkənin təhlükəsizlik xidmətinin bir nümayəndəsi tərəfindən döyülüb.

Həmin ayın sonlarında onun Twitter hesabı bloklanır, lakin dekabr ayında bərpa olunan hesabdan Karimova öz bacısını tənqid atəşinə tutmaq üçün istifadə edir. Onun bir vaxtlar son dərəcə fəal sosial media mövcudiyyəti fevral ayında tamamilə yox olur.

2014-СÜ İLİN FEVRALI: CİNAYƏTKAR BAĞLAR?

Gulnara Karimovanın Cenevrədəki villası
Gulnara Karimovanın Cenevrədəki villası

Karimova-nın Daşkənddəki mənzilində axtarış aparılır, onun sevgilisi Rustam Madumarov və iki dostu tutulub saxlanır. Onların hər üçü müstəntiqlər tərəfindən vergidən yayınma və xarici valyutanın qanunsuz saxlanması ilə bağlı cinayətlərdə ittiham olunurlar.

2014-CÜ İLİN MARTI: EV DUSTAQLIĞI

Karimovanın yazdığı düşünülən və AzadlıqRadiosunun Özbək xidməti və BBC tərəfindən əldə olunmuş məktubda o, yazır ki, ev dustağıdır, onu döyür və «ağır psixoloji təzyiqlərə» məruz qoyurlar. Elə həmin ay Karimovanın adı TeliaSonera telekommunikasiya şirkəti ilə əlaqədar rüşvət işində hallandırılır.

2014-CÜ İLİN AVQUSTU: HEYRƏTLİ SƏS YAZISI

BBC Karimova-nın ev dustaqlığında özü ilə pis rəftardan şikayətləndiyi audio yazısını əldə edir. O deyir ki, özü və qızı ilə «itdən pis» davranırlar və onların xarici aləmlə heç bir əlaqələri yoxdur.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG