Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:23

Azərbaycan-Ukrayna əlaqələri hansı sahədə daha güclüdür?


Viktor Yuşşenko Ukrayna-Azərbaycan əlaqələrini «strateji əməkdaşlıq» kimi xarakterizə edir

Viktor Yuşşenko Ukrayna-Azərbaycan əlaqələrini «strateji əməkdaşlıq» kimi xarakterizə edir

Sentyabrın 7-də keçirilən mətbuat konfransında Azərbaycan və Ukrayna prezidentlərinin çıxışından belə məlum oldu ki, iki ölkə arasında əməkdaşlıq yüksək səviyyədədir. Prezident İlham Əliyev bu əlaqələrin həmişə yüksək səviyyədə olduğunu, dövlətlər müstəqillik əldə etdikdən sonra isə yeni forma aldığını dedi. O, həmkarı Viktor Yuşşenko ilə görüşdə əməkdaşlığın perspektivlərini müzakirə etdiklərini və bunun üçün böyük potensial olduğunu vurğuladı.


İlham Əliyevin sözlərinə görə, ikitərəfli əlaqələr, müxtəlif beynəlxalq təşkilatlardakı birgə fəaliyyət və müzakirə olunan digər məsələlərdə tərəflərin mövqeləri üst-üstə düşür. Azərbaycan prezidenti Ukraynanı dost və əhəmiyyətli tərəfdaş bir ölkə hesab etdiyini və enerji, iqtisadi, siyasi və digər sahələrdə imzalanan sənədlərin bu əməkdaşlığın daha da möhkəmlənməsinə xidmət edəcəyini bildirdi.


İki ölkənin münasibətlərinin yaxşı olması barədə fikirlər Ukrayna prezidenti Viktor Yuşşenkonun çıxışında da dəfələrlə səsləndi. O, hətta mövcud olan münasibətləri «strateji əməkdaşlıq» kimi xarakterizə etdi və danışıqlardan razı qaldığını bildirdi.


Cənab Yuşşenkonun İlham Əliyevlə təkbətək görüşü zamanı Dağlıq Qarabağ problemini, müdafiə məsələlərini ətraflı müzakirə etdiklərini deməsi Ukrayna və Azərbaycanın bu sahədə və ümumiyyətlə, siyasi məsələlərdə əməkdaşlığının ən azı pis olmadığını deməyə əsas verir. Yeri gəlmişkən, sentyabrın 6-da BMT Baş Assambleyasında həmkarlarını Azərbaycanın işğal olunmuş ərazilərindəki yanğınlarla bağlı qətnaməni qəbul etməyə çağıranlar arasında Ukrayna təmsilçisi də olub.


Siyasi ekspertlərin bir qismi Ukrayna-Azərbaycan əlaqələrinin deyildiyi kimi, həmişə yüksək səviyyədə olduğunu bildirirlər. Ancaq bəzi ekspertlər hesab edirlər ki, bu əlaqələr əsasən siyasi sahədə yüksək səviyyədədir. İqtisadi sahədə isə onu qənaətbəxş adlandırmaq olmaz.


Politoloq Aydın Mirzəzadə bildirir ki, iki ölkənin potensialına görə əlaqələri hələ lazımi səviyyədə deyil: «Siyasi əlaqələr yaxşıdı. Ancaq ölkələrin əlaqələri əsasən iqtisadi münasibətlərə görə qiymətləndirilir. Bu gün Ukrayna Azərbaycanın xarici ticarət dövriyyəsinin cəmisi üç faizini tutur. Ukrayna kimi bir ölkə üçün bu həddən artıq azdır».Cənab Mirzəzadənin fikrincə, sənaye, kənd təsərrüfatı sahələrində mövcud olan potensialdan yetərincə istifadə edilmir.


Bəzi politoloqlar isə hesab edirlər ki, Azərbaycan-Ukrayna əlaqələri mümkün olan səviyyədədir. Bundan artığına nail olmaq isə mümkün deyil. Belə ki, Azərbaycanda hasil olunan neft çox azdır və onun da əksər hissəsi beynəlxalq konsorsiumdadır. Ona görə bu sahədə Ukraynaya nəsə vermək mümkün deyil.


Siyasi icmalçı Zərdüşt Əlizadə isə bildirir ki, Azərbaycan və Ukraynanın siyasi əməkdaşlığı iki ölkənin GUAM üzvü olmalarından irəli gəlir və bütün hallarda bir sıra beynəlxalq təşkilatlarda Kiyevin Bakını dəstəkləməsi yaxşı haldır.


Günün bütün mövzuları

XS
SM
MD
LG