Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:35

Ukraynada yeni alyans: «narıncı inqilab»ın qələbəsi, yoxsa məğlubiyyəti?


Bəzi ekspertlər də düşünür ki, Ukraynada ikinci inqilaba ehtiyac var

Bəzi ekspertlər də düşünür ki, Ukraynada ikinci inqilaba ehtiyac var

Ukrayna prezidenti Viktor Yuşşenkonun Baş nazir postuna Regionlar Partiyasının lideri Viktor Yanukoviçin namizədliyini irəli sürməsinə Azərbaycanda çoxları elə «narıncı inqilab» kontekstində yanaşır. Yəni Ukraynada prezidentlə rəqib düşərgə arasında imzalanan «Milli Birlik Unversalı» adlı sənədə müşahidəçilərin bir qismi «narıncı inqilab»ın qələbəsi, başqa bir qismi isə məğlubiyyəti kimi yanaşır. «FAR» İqtisadi və Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Hikmət Hacızadə deyir ki, prezident Yuşşenkonun Ukraynadakı hakimiyyət böhranını bu şəkildə aradan qaldırması onun «narıncı inqilab»dan üz çevirməsi kimi başa düşülməməlidir: «Demokratik seçki və həmin bu alyans «narıncı inqilab»ın qələbəsidir. Çünki indi prezident öz rəqiblərini zorakı üsullarla vurub sıradan çıxarmaq yolunu tutmayıb».


Cənab Hacızadə bildirir ki, indi Ukraynanın iki cəbhəyə bölündüyünü nəzərə almaq lazımdır. Bir tərəfdə ölkənin gələcəyini demokratik dünya ilə inteqrasiyada görən Qərbi Ukrayna, digər tərəfdə isə Viktor Yanukoviçin tərəfdarlarının və rusiyapərəst qüvvələrin üstünlük qazandığı Şərqi Ukrayna. Bununla belə, ekspert düşünür ki, bundan sonra Ukraynada ikinci inqilaba ehtiyac var. Bu inqilab isə Viktor Yanukoviçlə alyansdan sonra demokratik islahatlara və korrupsiyaya qarşı mübarizəyə əngəl ola biləcək maneələri ardan qaldırmalıdır.
Ancaq Yuşşenko-Yanukoviç alyansını başqa yöndən dəyərləndirənlər də var. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının təmsilçisi Səyyad Aran deyir ki, bu, təkcə Ukraynada yox, keçmiş sovetlər məkanında «narıncı inqilab» ideyasının məğlubiyyətidir: «Bu, Azərbaycanda da rəngli inqilab həvəskarlarına dərs olar. İnqilab ayrı şeydi, dövləti idarə etmək ayrı».


Bununla belə, cənab Aran hesab edir ki, prezident Yuşşenkonun keçmiş rəqibi Yanukoviçlə alyansa getməsi müdrik addımdır və alqışlanmağa dəyər.


Ancaq bütün hallarda Azərbaycandakı əksər müşahidəçilər hesab edirlər ki, bundan sonra Ukraynada Qərbə inteqrasiya prosesi xeyli zəifləyəcək. Üstəlik Hikmət Hacızadə deyir ki, Viktor Yanukoviç bir sıra oliqarxlarla yaxın olduğundan bu, prezidentin korrupsiyaya qarşı mübarizəsində problemlər meydana çıxara bilər. Yeni alyansın müsbət meyllər doğuracağına ümid bəsləyənlər də var. Politoloq Rasim Musabəyov hesab edir ki, hər halda bununla Ukraynadakı hərc-mərclik zəifləyər və bu da gələcək inkişaf üçün stimul ola bilər. Bu məsələ ətrafında Azərbaycandakı daha bir fikir isə ondan ibarətdir ki, prezident Yuşşenko Viktor Yanukoviçlə alyansa getməklə özünün dövlətçiliyə sədaqətini nümayiş etdirdi. Əgər Viktor Yanukoviç də prezident kimi Ukrayna xalqına və onun dövlətinə sədaqətli olarsa, bu alyans elə də mənfi nəticələr doğurmayacaq…


Günün bütün mövzuları

XS
SM
MD
LG