Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 04:44

Olduqca mürəkkəb və ehtiyatlı ideya


GUAM dövlət başçılarının Kiyev sammiti, 23 may 2006
GUAM dövlət başçılarının Kiyev sammiti, 23 may 2006

GUAM-ın sülhməramlı qüvvələrinin yaradılması ideyasına Azərbaycanda müsbət yanaşırlar. Xarici İşlər Nazirliyinin Mətbuat və İnformasiya Siyasəti İdarəsinin rəisi Tahir Tağızadə deyir ki, GUAM-a üzv ölkələrin qarşılaşdığı təhlükələr və bu ölkələrin qarşıya qoyduğu məqsədlər onları daha sıx əməkdaşlığa sövq edir. Onun sözlərinə görə, GUAM-ın sülhməramlı qüvvələrinin yaradılması ideyası da elə qarşıya qoyulan məqsəd və problemlərin həllinə yönəlib: «Bu, çox maraqlı ideyadır. Hələ ki, müzakirələr gedir».


Ancaq Azərbaycandakı təhlilçilər bu ideyanın gerçəkləşməsini heç də sadə proses saymırlar. Xəzər Gələcək Naminə Tərəfdaşlıq Mərkəzinin rəhbəri Rüstəm Məmmədov deyir ki, GUAM sülhməramlılarının yaradılması beynəlxalq təşkilatların və aparıcı Qərb ölkələrinin bu ideyanı nə dərəcədə qəbul etməsindən asılıdır. Üstəlik o hesab edir ki, bu ideyanın Azərbaycan üçün əhəmiyyəti həmin sülhməramlı qüvvələrin MDB məkanındakı münaqişələrə cəlb edilməsidir. Əgər münaqişə tərəfləri arasında ziddiyyətlər davam edəcəksə, bu ideya ilə qarşıya qoyulan məqsədə çatmaq mümkün olmayacaq. Rüstəm Məmmədov yada salır ki, ATƏT-in Budapeşt sammitində bu qurumun sülh məramlı qüvvələrinin Dağlıq Qarabağa yerləşdirilməsi ideyasına Ermənistan və Rusiya qarşı çıxıb. İndi də Rusiya və Ermənistan təmsil olunmadıqları qurumun sülhməramlı qüvvələrinin münaqişə zonasına yerləşdirilməsi ilə çətin ki, razılaşsın: «Bu ölü ideyadır. Bunu gərək müvafiq beynəlxalq qurumlar və münaqişə edən tərəflər tanısın».


Azərbaycanda hesab edirlər ki, GUAM-ın sülhməramlı qüvvələrinin yaradılması ideyası MDB-dəki münaqişələrdən Rusiyanı sıxışdırmaq məqsədini güdür. Çünki bu regiondakı bir sıra münaqişə zonalarında MDB sülhməramlıları adı altında Rusiya qoşunları fəaliyyət göstərir . Rusiya isə hələ ki, MDB-dəki münaqişələrin həllində o qədər də maraqlı deyil. «Ayna», «Zerkalo» qəzetlərinin şərhçisi Rauf Mirqədirov deyir ki, Qərb GUAM-ın gələcəkdə bir qədər də genişlənməsi və bu quruma Baltikyanı ölkələrin, eləcə də Ermənistanın daxil olmasında maraqlıdır. Onun sözlərinə görə, Qərbin bu niyyətinin gerçəkləşəcəyi təqdirdə GUAM-ın sülhməramlı qüvvələrin yaradılması ideyası çox cəlbedici görünür. Ancaq Rauf Mirqədirov da hesab edir ki, bu ideyanın gerçəkləşməsi xeyli çətindir: «Avropa Birliyi neçə ildir ki, özünün birgə komandanlığa tabe olan qoşunlarını yaratmaq istəyir. Ancaq bu iş hələ ki, başa çatmayıb».


Rauf Mirqədirov deyir ki, GUAM-ın sülhməramlı qüvvələrinin yaradılması üçün həm əlverişli mexanizmin tapılmasına , həm də bu quruma daxil olan ölkələrin NATO ilə əməkdaşlığı gücləndirməsinə ehtiyac var.
Bir sözlə GUAM-ın sülhməramlı qüvvələrinin yaradılması ideyasına Azərbaycanda həm müsbət, həm də bir qədər ehtiyatlı yanaşırlar. Azərbaycandakı təhlilçilər hesab edirlər ki, bu ideyanın gerçəkləşməsi üçün Qərbin, xüsusilə də Amerika Birləşmiş Ştatlarının regionda güclənməsinə ehtiyac var. Regionda hazırkı qüvvələr nisbəti isə GUAM-ın sülhməramlı qüvvələrinin yaradılması ideyasını xeyli mürəkkəbləşdirir.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG