Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 01:33

Demokratiya və İqtisadi İnkişaf Təşkilatına münasibət birmənalı deyil


Prezident İlham Əliyev Demokratiya və İqtisadi İnkişaf Təşkilatının təsis edilməsi haqda bəyannaməni imzalayır, 23 may, 2006
Prezident İlham Əliyev Demokratiya və İqtisadi İnkişaf Təşkilatının təsis edilməsi haqda bəyannaməni imzalayır, 23 may, 2006

Zərdüşt Əlizadə yeni yaranan qurumun gələcəyinə nikbin baxmır, İlqar Məmmədovsa onu iqtisadi cəhətdən əhəmiyyətli layihə hesab edir


Ukrayna, Azərbaycan, Gürcüstan və Moldovanın GUAM-ın bazasında yaratdıqları Demokratiya və İqtisadi İnkişaf Təşkilatını ABŞ-ın layihəsi adlandıranlar da var, onun yarıxoş, yarızor yaradıldığını və bu üzdən uzunömürlü olmayacağını düşünənlər də. Amma bununla belə, qurumun perspektivli gələcəyinə ümid bağlayanlar da az deyil.


Politoloq Zərdüşt Əlizadəyə görə, yeni qurumun yaranması hegemonluğunu bərpa etməyə çalışan Rusiyanın cəhdlərinin qarşısını almağa xidmət edir. Amma reallıq budur ki, bu qurum indiki halda Rusiyanın hegemonluğunu istəyən və istəməyən dövlətlər arasında yarıxoş, yarızor yaradılmış birlikdir. Politoloq fikrini onunla əsaslandırır ki, Gürcüstanla Ukrayna inkişaf yoluna, seçiminə görə eyni cığırda getsələr də, Azərbaycan haqda bunu demək olmaz. Eyni zamanda iki qonşu Moldova ilə Ukraynanı çoxsaylı ortaq maraqlar bir araya gətirsə də, Azərbaycanla Gürcüstanı Bakı-Tbilisi-Ceyhan neft kəmərindən başqa heç nə birləşdirmir.


Zərdüşt Əlizadədən fərqli olaraq Demokratiya və İqtisadi İnkişaf Təşkilatının gələcəyinə ümidlə baxan politoloq İlqar Məmmədovun fikrincə, dəyişən yalnız qurumun adı deyil. Bundan sonra onun sədri, daimi işləyən orqanları olmaqla yanaşı beynəlxalq qurum kimi qeydiyyatdan keçəcək. Bu da təşkilatın əhəmiyyətini və səmərəsini artıra bilər. «Ən başlıcası GUAM-ın Demokratiya və İqtisadi İnkişaf Təşkilatı kimi formalaşması onun ideoloji əsası olduğunu göstərir. Əvvəlcə GUAM deyəndə dörd dövlət yada düşürdü, amma indən belə o ideoloji və praktik baxımdan regional əməkdaşlıq təşkilatına çevrilir».


Politoloq İlqar Məmmədov deyir ki, beynəlxalq aləmdə qeyri-demokratik ölkə kimi tanınan Özbəkistan bu qurumdan çıxmaqla GUAM-ın öz yolunu müəyyənləşdirməsinə, təşkilatlanmasına yol açdı. O ki qaldı, Gürcüstan, Ukrayna və Moldovanın demokratik imici haqda formalaşan rəylə Azərbaycan haqdakı rəyin o qədər də üst-üstə düşməməsinə politoloq fərqli fikirdədir. «Azərbaycan Özbəkistan deyil. Bəzi azadlıqlar mövcuddur».


Azərbaycanlı politoloqlardan bəzilərisə israr edirlər ki, GUAM artıq öz missiyasını başa vurub. Ötən əsrin 90-cı illərində GUAM MDB daxilində Rusiyaya qarşı dura bilmək üçün yaradılmışdısa, indi onun nə iqtisadi, nə siyasi əhəmiyyəti yoxdur.


Zərdüşt Əlizadə: «Hər bir dövlət öz kursunu müəyyənləşdirib. Konkret Azərbaycana gələndə o Rusiya ilə artıq dil tapıb. Ona Ukraynanın himayəçiliyi lazım deyil. Bu qurumda o ABŞ-a xoş gəlmək üçün qalır. Bu təşkilatın arxasında heç bir iqtisadi, hərbi maraq yoxdu. Təşkilatın qalmasında ABŞ-ın marağı var. Ona görə də üzv dövlətlər Amerikanın sözünü yerə salmırlar. Əslindəsə, bu Dövlət Departamentinin layihəsidir, hərçənd yaşamağa qadir deyil. Sadəcə, ağa deyir, sür dərəyə, onlar da sürür».


İlqar Məmmədov deyir ki, 90-cı illərdə Rusiyadan asılı olmamaq üçün bir araya gələn dövlətləri bu gün başqa maraqlar, həm iqtisadi, həm də yeni siyasi maraqlar birləşdirir. Onlar üzlərini Avropaya tuturlar. «Bu dövlətlər Avropanın enerji layihələrində, onun enerji təminatında öz rolunu oynamaq istəyirlər».


İlqar Məmmədova görə, Demokratiya və İqtisadi Əməkdaşlıq Təşkilatının iqtisadi əhəmiyyəti Ukraynanı daha çox cəlb edir. Bu ölkə enerji resurslarının daşınmasında Rusiyanın önünə keçməyə cəhd edir. Amma politoloq Zərdüşt Əlizadəyə görə, iqtisadi əməkdaşlıq və iri layihələri reallaşdırmaq baxımından daha məqbul qurum Qaradəniz İqtisadi Əməkdaşlıq Təşkilatıdır.


AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG