Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 11:01
-
Yazı yenilənib. Ən son xəbər yazının sonundadır.

Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri James Warlick-in fəaliyyəti ilə bağlı APA-nın sorğusunu cavablandırıb.

Agentlik Araz Əzimovdan ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri James Warlick-in Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı bəyanatları barədə soruşub. Belə ki, həmsədr «Twitter» səhifəsində münaqişə tərəflərinin Azərbaycan və Dağlıq Qarabağ olduğunu yazıb, Dağlıq Qarabağın birbaşa iştirakı ilə danışıqlar aparılmasına çağırıb. «Daha əvvəl isə o, Sumqayıt hadisələrini xatırladığı haqda qeyd yazıb, Xocalı faciəsinin ildönümündə isə susub. Siz amerikalı həmsədrin fəaliyyətini necə şərh edə bilərsiniz?».

Araz Əzimovun sözlərinə görə, amerikalı həmsədrin söylədikləri Bakıda diqqətdən kənarda qalmayıb:

ERMƏNİ DİASPORU İLƏ ƏLAQƏLƏR

«Sizin qeyd etdiyiniz çıxışlardan başqa, biz başqa mənbələrdən, o cümlədən Vaşinqtondan da informasiya alırıq. Bizə məlumdur ki, amerikalı həmsədr ABŞ-ın erməni diasporunun nümayəndələri ilə sıx əlaqələrə malikdir, hansı ki, onlar münaqişənin həllində barışmaz mövqedən çıxış edirlər. Sosial şəbəkələrdəki qeydlərə hətta gözucu baxmaq kifayətdir ki, amerikalı həmsədrin ABŞ-dakı erməni diasporu ilə təmaslara daha çox üstünlük verdiyini görəsən. Bununla yanaşı, Warlick nəyə görəsə erməni kütləvi informasiya vasitələrinə müsahibələrinin istinadlarını həvəslə bölüşür, Azərbaycan jurnalistləri ilə təmasları barədə isə susur. Onun bəyanatlarında, konfranslarda çıxışlarında və analitik mərkəzlərin təmsilçiləri ilə görüşlərində birtərəfli yanaşma hiss olunur və münaqişənin tarixi, aparılan danışıqların mahiyyəti təhrif edilir. Cənab Warlick vasitəçilərin fəaliyyəti üçün dəqiq çərçivələr və mandat müəyyən edən və eyni zamanda həll prosesinin təməlində dayanan beynəlxalq hüququn norma və prinsiplərini özü bildiyi kimi şərh edir. Bəzi mülahizələri isə ümumiyyətlə, provokasiya xarakterlidir. Amerikalı həmsədrin Ermənistanla Azərbaycan arasında münaqişənin alovlana biləcəyi haqda hansısa şayiələri tirajlamasını başqa cür qiymətləndirmək mümkün deyil. Onun Ermənistan-Azərbaycan münaqişəsinin həlli üçün Ukrayna hadisələrindən necə dərs götürməyin nəzərdən keçirilməsi barədə təklifi isə ən adi tənqidə dözümsüzdür. Bütün bunlar amerikalı həmsədrin mövqeyi və məqsədləri haqda müəyyən nəticələr çıxarmağımıza əsas verir.

«BAŞQA SEÇİM İMKANI QALMAYIB»

Araz Əzimov bildirib ki, Azərbaycan tərəfi cənab Warlick-in Minsk Qrupuna etimadı azaldan, həmsədrlərin mandatına zidd olan və ümumilikdə danışıqlar prosesinin gedişinə zərər vuran bu addımlarına göz yuma bilməz:
«Bütün yuxarıda qeyd olunanlar Amerikanın Minsk Qrupundakı təmsilçisinə etimadsızlıq göstərmək, onunla çalışmaqdan imtina etmək və cənab Warlick-in həmsədrlikdən geri çağırılması məqsədilə ATƏT-in fəaliyyətdə olan sədrinə müraciət etmək üçün Azərbaycan tərəfinə hər cür əsas verir. Cənab Warlick Azərbaycan tərəfinə başqa seçim imkanı qoymayıb. Bizə isə özünü Azərbaycanın strateji tərəfdaşı adlandıran ölkəni təmsil edən həmsədrin gerçək məqsədləri barədə düşünmək qalır. O, ABŞ-ın rəsmi mövqeyinə əks olaraq öz addımları ilə separatçılığa və təcavüzə dəstək verir, Minsk Qrupunda böhranın başlanmasına və durumun gərginləşməsinə gətirib çıxarır. Bu isə hazırda mürəkkəb olan beynəlxalq şərtlər altında xüsusən kritik görünür».
ABŞ SƏFİRLİYİNDƏN CAVAB GƏLDİ
«Birləşmiş Ştatlar hökuməti xarici işlər nazirinin müavini Araz Əzimovun dəyərləndirməsi ilə razılaşmır».

Bunu AzadlıqRadiosunun sorğusuna cavab olaraq ABŞ səfirliyinin mətbuat xidməti bildirir.

«ABŞ hökuməti bu işə tam sadiq olaraq qalır və biz hər iki tərəfi münaqişənin dinc yolla həlli üçün ciddi addımlar atmağa çağırırıq», - açıqlamada deyilir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG