Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:28

Amerikalı həmsədr: «Sülh üçün indiki qədər uyğun vaxt olmayıb» [Video]


-
ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri James Warlick AzadlıqRadiosuna və APA-ya müsahibə verib. Müsahibəni ixtisarla dərc edirik.

AzadlıqRadiosu: İlk öncə səfərinizin yekunları barədə qısa informasiya verin, lütfən. Prezidentlərin bu ay gözlənən sammiti ilə bağlı hər hansı irəliləyiş var?

- Artıq Bakıda bir neçə dəfə olmuşam və hər dəfə məmnuniyyətlə buraya gəlirəm. Özəlliklə bu dəfə qarlı havadan zövq aldım. Bu səhər prezidentlə də çox maraqlı görüşümüz oldu. Söhbətimiz bir saatadək çəkdi. Bəzi əsas məsələ və problemləri müzakirə etdik. Hər iki prezidentlə işləyirik. Bu gecə Yerevana yola düşürük. Prezident Sarkisian-la görüşümüz olacaq. Ümid edirik ki, vasitəçiliyimiz prezidentlərin danışıqları irəlilətməsinə yardım göstərə biləcək.

AzadlıqRadiosu: Prezidentlərin Vyana görüşündən sonra danışıqlarda nə dəyişdi?

- Nəyinsə dəyişdiyini deyə bilmərəm. Vyanada təməli qoyulmuş irəliləyişi davam etdirməyə çalışırıq. Noyabrın 18-də prezidentlərin doğrudan da çox yaxşı və müsbət görüşü oldu. Təbii ki, bütün məsələlər bir görüşlə həll olunası deyil. Davamlı və birdəfəlik çözüm variantını tapmaq üçün bütün tərəflərlə işi davam etdirəcəyik. Xeyli vacib, müzakirə olunmalı məsələlər var ki, onlar asan problem kimi baxmaq olmaz. Hər iki prezidentlə işləyəcəyik və bütün tərəflərin Dağlıq Qarabağda daimi sülhün yaranması prosesinə cəlb edilməsini istəyirik.

APA: Yanvardan bəri baş verən atəşkəs pozuntularının danışıqlar prosesinə təsiri necə ola bilər? Ümumiyyətlə, bu pozuntuları necə şərh edərdiniz?

- Əslində, noyabrın 18-dən sonra ürəklənmişdik. Bir müddət hər iki tərəf atəşkəsə əməl edirdi. İnsidentlərin sayı xeyli azalmışdı və bunu ümidverici əlamət sayırdıq. Bilirik ki, atəşkəs xeyli kövrəkdir. Son həftələr baş verənlər atəşkəsin doğrudan da kövrək olduğunu göstərdi. Gərginlik danışıqları irəlilətməyə qoymur. Tərəflər arasında inamı təmin etməliyik. Atmosfer irəliləyişə yol açmalıdır. Atəşkəsə əməl olunacağına ümid edirik. Axı bir neçə günə olimpiya oyunları da başlayır. Bir sıra vacib məsələlər üzərində işlədiyimiz bu zamanda tərəflərin atəşkəsə tam əməl edəcəyinə ümid edirik.

APA: Bu atəşkəs pozuntuları danışıqlar prosesinə necə təsir edir, prosesi yavaşıdır?

- Məncə, bu gərginliyin danışıqlara təsiri var. 20 illik nə hərb, nə sülh şəraitindən sonra tərəflər arasında inamsızlıq var. Ona görə atəşkəsə hörmət vacibdir. Bir-birində o inamı yaratmaq, bütün tərəflərə etimad göstərmək önəmlidir. Biz vasitəçilər də bu işə dəstək verməyə çalışırıq. Atəşkəs kövrəkdir. Anlayırıq ki, bitkin atəşkəs yoxdur, ancaq biz bunu bütün tərəflərin bir öhdəlik kimi görməsini və atəşkəsə sayğı göstərmələrini istəyirik. Təkcə təmas xəttində deyil, bütün Azərbaycan-Ermənistan sərhədi boyunca zorakılıq hallarını, ölü və yaralı sayını minimuma endirmək istəyirik.

AzadlıqRadiosu: Necə düşünürsünüz, son atəşkəs pozuntuları informasiya müharibəsinin bir hissəsidirmi? Bu pozuntularla danışıqlar prosesindəki canlanma arasında hansı əlaqə var? Bəzi müşahidəçilərin fikrincə, diplomatik cəhdlərlə eyni vaxtda atəşkəs pozuntuları da çoxalır.

- Bunların arasında birbaşa əlaqənin olduğunu deyə bilmərəm. Ancaq hər iki tərəfdəki insan itkilərindən rahatsızıq. Bu faciəvi hallar təəssüf doğurur və onların davam etməsini istəmirik. Biz atəşkəs istəyirik və bu atəşkəsin danışıqlar prosesini irəlilətmə mühitinə töhfə verəcəyini düşünürük. Ümid edirəm Azərbaycan xalqı da atəşkəsə hörmət edəcək və davamlı həllə nail olmaq işinə töhfəsini əsirgəməyəcək. Bu müzakirədə çatışmayan odur ki, xalq qalxıb «yetər, sülh bağlamaq vaxtı çatıb» demir. Praktik addımlar atmağın, irəli getməyin vaxtıdır. Bunu təkcə hakimiyyətdən deyil, Azərbaycan və Ermənistan xalqlarından da eşitmək istəyirəm.

AzadlıqRadiosu: Atəşkəs pozuntularına dair xəbərlərlə Qərbin demokratik çağırışları, regionda gedən proseslər arasında hər hansı bağlılıq görürsünüz?

- Konkret hansı bəyanatları nəzərdə tutduğunuzu bilmirəm, ancaq birbaşa bağlılıqdan danışmaqdan çəkinərdim. Özüm təmas xəttində olmuşam, atəşkəsin necə kövrək olduğunu görmüşəm. İki tərəfi bir-birindən doğrudan da çox kiçik məsafə ayırır... Bəzən hətta kiçik toqquşmalardan vəziyyət gərginləşə bilər. Təmas xəttində konflikt riskini azaltmaq cəhdlərini alqışlayıram.

AzadlıqRadiosu: Minsk qrupu Azərbaycan və Ermənistan liderlərinin öz ölkələrini münaqişənin sülh yoluyla həllinə aparacağını gözləyir. Ancaq Ermənistan tərəfi Dağlıq Qarabağdan başqa əraziləri də Azərbaycana qaytarmayacağını, Azərbaycan da indiki Ermənistan ərazisinin tarixən ona məxsus olduğunu iddia edir. Belə bir şəraitdə sülh və barışıq nə dərəcədə realdır?

- Bilirsiniz, son illər ərzində çox sözlər eşitmişik. Biz diqqətimizi ancaq münaqişəyə yönəltməliyik. İndi olduğumuz yerdəyik və irəliyə getməli, vacib məsələlərlə bağlı praktik həll variantını tapmalıyıq. Diqqətçəkən məqam odur ki, tərəflər bir-birindən o qədər də uzaq deyillər. Tərəflər arasında razılaşdırılmış məsələlər daha çoxdur. Demirəm ki, həll variantı üzərində işləyirik, bunun üçün daha çox cəhd və siyasi öhdəlik gərəkdir. Məncə, həll variantını tapmaq üçün siyasi iradəyə də sahib olmaq mümkündür. Biz – Minsk qrupu həmsədrləri və ABŞ prosesə ikitərəfli əsasda yardım etməyə hazırıq.

APA: Bu gecə Yerevana gedirsiniz. Danışıqlar prosesinin növbəti mərhələsi necə olacaq? Fevralda prezidentlərin görüşü də gözlənir...

- Əvvəlcə prezident Sarkisian-la görüşməliyik. Prezidentlərin görüşünə gəlincə, belə bir görüşün keçirilməsi, faydalılığı barədə onlar qərar verməli olacaqlar. Növbəti addımın nədən ibarət olacağını öncədən demək çətindir. Təbii ki, biz dialoqun davam etdirilməsinin tərəfdarıyıq.

AzadlıqRadiosu: Hər iki tərəfdən «məkik diplomatiyası»na illərdir tənqidlər əskik olmayıb. Bu münasibəti dəyişmək üçün ABŞ-ın yeni təyin olunmuş həmsədrindən yeni təklif gözlənirmi?

- Heç bir ölkə, heç bir həmsədr 20 illik və nə hərb, nə də sülh şəraitində olan münaqişəni həll etmək gücündə deyil. Bu, doğrudan da prezidentlərin özündən asılıdır. Əgər sülhə köməyi dəyəcəksə, mən də paytaxtlar arasında «məkik diplomatiyası»na hazıram. Prezident Əliyev, yaxud prezident Sarkisian məni bu məqsədlə təyyarələrində görmək istəsələr, buna hazıram. Biz həmsədrlər Minsk qrupu prosesinə sadiqik. Birləşmiş Ştatlar regionda sülh istəyir. Biz sülhün Azərbaycan xalqı üçün faydasını bilirik və buna nail olmaq istəyirik. İndiki qədər uyğun vaxt olmayıb. İrəliyə addım üçün indikindən yaxşı imkan ola bilməz. Sülh üçün imkan pəncərəsi mövcuddur. İnanıram ki, Azərbaycan və Ermənistan xalqları liderlərinin bu imkandan yararlanmasını istəyirlər. İndi olmasa, 2, 5 və ya 10 ilə bundan asan olmayacaq. Azərbaycanda, yaxud Ermənistanda münaqişənin öz-özünə həll olunacağını düşünənlər yanılırlar. Məncə, fəal diplomatiya aparılmalı, problem davamlı sülh yoluyla çözülməlidir. Hamımız da bu prosesə sadiq qalmalıyıq. Birləşmiş Ştatlar bu işə yeni enerji gətirməkdədir. Dövlət katibi John Kerry Münhendə bu məsələyə toxunub. Biz irəliyə doğru addım istəyirik. Ən pis nəticə – indiki status-kvonun saxlanması olacaq.

AzadlıqRadiosu: Suriyalı qaçqınların Dağlıq Qarabağda yerləşdirilməsinin qarşısını almaq və Azərbaycanda saxlanmış 70 yaşlı Mamikon Kojayan-ın buraxılması üçün hansı tədbirlər görülür?

- Suriyalı qaçqınlar məsələsindən xəbərdarıq. İnanın ki, Suriya məsələsi Ermənistan-Azərbaycan məsələsindən daha böyük problemdir. Suriyadan olan qaçqınlar bütün dünyada yerləşdirilir və dünya ictimaiyyəti bununla məşğuldur. Məsələdən xəbərdar olsaq da, qaçqınların Dağlıq Qarabağda yerləşdirilməsinə dair faktların hamısı əlimizdə yoxdur. Biz həmsədrlər məsələni BMT-nin Qaçqınların işi üzrə Ali Komissarı (UNHCR) ilə görüşdə qaldırmışıq. Hesab edirəm ki, UNHCR informasiya və fakt toplamaqdadır. Erməni fermerlə bağlı suala da cavabım buna bənzəyir. Əslində, nə baş verməsi barədə müxtəlif versiyalar eşitmişəm. Beynəlxalq Qızıl Xaç Komitəsi birbaşa bu məsələylə məşğuldur. Detalları bilməsəm də, fikrimcə, məsələ uğurlu həllini tapa bilər.

APA: Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşlərində hansı uğurlar əldə edilib və əvvəlki illərlə müqayisədə danışıqlarda nə dəyişib?

- Kazan görüşündən sonra bir müddət tərəflərin yenidən düşünməsinə ehtiyac yarandı. Ötən il hər iki ölkədə seçkilərin keçirilməsi tərəflər arasında səmimi dialoq aparılmasına imkan vermədi. İndi duman çəkilib. Hər iki prezident mandatını təzələyib. Tərəflər arasında bir yaxşı görüş də keçirilib. Görək, davamını gətirə biləcəyikmi və tərəflər davamlı sülh naminə əsas məsələlər üzrə həm məqbul, həm də ürəklərincə çözümə nail ola biləcəklərmi.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG