Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:40
-

Onu tutub əl-qolunu bağladılar, aparıb qoydular parabeyinlər evinə.

Elə orda da həmin qatardan danışırdı. Fit verən qatarı yamsılayır, guya gecənin zülmət qaranlığında hardansa qopub gələn nisgilli, sızıltılı bir səs çıxarırdı...




Luigi Pirandello


QATAR FİT VERDİ...


(Seyfəddin Hüseynli ruscadan tərcümə edib)


Sərsəmləyirdi. Həkimlərin rəyincə, beynində iltihab, ensefalit başlanmışdı; ona dəymək üçün getdikləri xəstəxanadan ikibir-üçbir geri qayıdan iş yoldaşları da elə hey bu diaqnozu təkrarlayırdılar.

Qabaqlarına çıxan iş yoldaşlarına Bellukanın vəziyyəti barədə, bir az əvvəl həkimlərin dilindən götürdükləri elmi terminlərlə, elə yolun ortasındaca məlumat vermək, deyəsən, yaman xoşlarına gəlmişdi.

- Huşu gedib...

- Ensefalit...

- İltihab - beyin qişasında...

- Beynin iltihabı...

Onlar dilxor görünmək istəsələr də, öz borclarını yerinə yetirdikləri, üstəlik, dünyanın zümrüdü rəngə boyandığı bu qış səhərində o qaramat xəstəxanadan sağ-salamat çıxdıqları üçün, ürəklərinin dərinliyində, çox sevinirdilər.

- Ölür? Dəli olub?

- Yox, məncə, ölməz...

- Nə danışır axı? Nə deyir?

- Elə eyni sözləri... Sərsəmləyir.

- Yazıq Belluka!

Və heç kəsin də ağlına gəlmirdi ki, yetmişinə az qalmış bu bədbəxtin düşdüyü hazırkı vəziyyət indiyədək yaşadığı şəraitin məntiqi nəticəsi, danışdığı sözlər, yəni hamıya sərsəmləmə, aşkar dəlilik təzahürləri kimi gələn o kəlmələr isə həmin nəticənin sadə, aydın ifadəsidir.

Sözün açığı, keçən axşamların birində öz rəisinə qarşı dikbaş davranması, onun sərt tənbehindən sonra da az qala adamın üstünə cumması Bellukada beyin iltihabının baş qaldırdığı yönündəki ehtimalın təsdiqindən ötrü tutarlı dəlilə çevrilmişdi.

Bellukadan həlim və üzüyola, səliqəli və səbrli adam təsəvvür etmək mümkün deyildi.

“Qapalı adam” - onun haqqında kim demişdi bu sözü? Hə, iş yoldaşlarından biri vermişdi ona bu ləqəbi. Əla deyib ha! Yazıq Belluka zəhlətökən hesabdarlıq işinin dar çərçivəsi içində qapanıb qalmışdı. O, təkcə, hesabları yadında saxlayırdı – açıq, sadə, ikitərəfli və köçürmə hesabları, həm də çıxarışları, poçt göndərişlərini, mühasibat dəftərindəki qeydləri, məxaric cədvəllərini, qəbzləri, daha nələri, nələri... Belluka – səyyar dəftərxana... Yaxud, daha irəli getsək: dalına qoşulmuş arabanı hər dəfə eyni yolla, rəvan addımlarla dinməzcə dartıb aparan, gözləri bağlanmış qoca eşşək!..

Bu qoca eşşəyi bəlkə min yol çırpmış, insafsızcasına qamçılamışdılar, özü də, elə-belə, məzə üçün, ya da maraq xatirinə: görsünlər, nəhayət, təngə gələrmi, heç olmasa, sallaq qulaqlarını bir balaca dikəldib, yüngülcə soncuqlayarmı... Hardan?!

Belluka, daş kimi dinib-danışmadan, bircə dəfə uf demədən, bütün o yersiz təpikləmələrə, insafsız bizləmələrə dözürdü, elə bil onu döymürdülər, sığallayırdılar, ya da artıq heç nə hiss etmirdi, taleyindən illər boyu, hər addımbaşı yediyi amansız zərbələrə alışmışdı.

Düzünə qalanda, onun bu asiliyini, qəfil tutan dəlilikdən savayı, heç nəylə izah etmək olmurdu.

Üstəlik, həmin axşam gördüyü tənbehin də yeri vardı: rəis o söhbətdə haqlıydı. Elə səhər tezdən Bellukanın sifətinə nəsə yeni, fərqli bir ifadə nəzərə çarpırdı. Heç ondan çıxmaz iş: yarım saatdan da artıq gecikmişdi.

Elə bil dünyagörüşü birdən-birə genişlənmiş, gözlərini tutan sarğı qəfildən düşmüş, həyat - tamaşalıq bir mənzərə kimi - bütün genişliyi ilə açılıb canlanmışdı onun qarşısında. Elə bil birdən-birə qulaqları tıxacdan qurtulmuş, əvvəllər heç duymadığı səsləri, sədaları ilk dəfə eşitmişdi...

İşə anlaşılmaz, dəlitərsinə bir sevinc içində, çox kefikök gəldi. Bütün günü də əlini ağdan-qaraya vurmadı.

Axşam çağı rəis onun otağına girib sənədləri, siyahıları gözdən keçirəndə məəttəl qaldı.

- Bu nədir? Səhərdən-axşamacan nə iş görmüsən bəs?

Belluka irişə-irişə baxıb, əllərini yana açdı.

- Nə deməkdir bu? – rəis qışqırdı, Bellukanın çiynindən yapışıb silkələdi. – Səninləyəm, Belluka!

- Heç, –həminki saymazyana, mənasız təbəssüm dodaqlarından çəkilməyən Belluka cavab verdi, – qatardır, cənab kavaler.

- Qatardır? Hansı qatar?

- Fit verən.

- Nə gic-gic danışırsan?

- Bu gecə, cənab kavaler... Qatar fit verdi. Özüm eşitdim, elə fit verdi ki...

- Qatar?

- Bəli, cənab... Bircə biləydiniz haralara gedib çıxmışdım! Sibirə... sonra... sonra... Konqo meşələrinə... Bir andaca oldu, cənab kavaler...

Rəisin qəzəbli qışqırığına tökülüşüb gələn işçilər otağa boylandılar: Bellukanın dediklərini eşidəndə gic gülmək tutdu onları.

Axşam-axşam onsuz da ovqatı korlanmış rəis, bu gülüşlərdən daha da alındı, tamam qızışıb özündən çıxdı, kəskin zarafatlarının həmişəki hədəfini - müti şikarını indi lap kobud tərzdə yamanladı.

Ancaq “şikar” bu dəfə onun üzünə qayıtdı, hamını heyrətə, hətta qorxuya salacaq dərəcədə coşub səsini qaldırdı: qatarın fit verməsindən də danışdı, məhz o fit səsini eşitdiyi üçün daha belə bir rəftarla barışmaq istəmədiyini də dedi.

Onu tutub əl-qolunu bağladılar, aparıb qoydular parabeyinlər evinə.

Elə orda da həmin qatardan danışırdı. Fit verən qatarı yamsılayır, guya gecənin zülmət qaranlığında hardansa qopub gələn nisgilli, sızıltılı bir səs çıxarırdı. Sonra da deyirdi:

- Tərpəndi, tərpəndi yenə! Ey, cənablar, hara? Hara?

Ətrafdakılara nəsə başqa cür, yad gözlərlə baxırdı. Adətən, tutqun, bulanıq, qüssəli olan o gözlər indi balaca uşağın, ya da xoşbəxt bir insanın gözləri kimi gülür, parıldayırdı. Dodaqlarından rabitəsiz ifadələr uçuşurdu. Eşidilməmiş sözlər işlədir, əcaib-qəraib, şairanə cümlələr deyirdi; işin ən təəccüblü tərəfi isə, o cür kəlmələrin necə, hansı möcüzə sayəsində bu adamın – indiyə qədər rəqəmlərdən, cədvəllərdən, siyahılardan başı açılmayan, həyata münasibətdə kar-kor kimi davranan, insandan çox, hesablama cihazını xatırladan məxluqun - dodaqlarında bitməsiydi: burasını heç cür anlamaq olmurdu.

İndi Belluka “qarlı zirvəsi göylərə millənən, lacivərd sinəli dağlar”dan, “dənizin ənginliklərindəki sürüşkən dərili, vergülquyruq balinakimilər”dən dəm vururdu. Bir də deyirəm: o, nəsə eşidilməmiş sözlər danışırdı.

Onun bu qəfil dəlilik xəbərini mənə çatdıran adam üzümdə zərrə qədər heyrət ifadəsi, hətta xəfif bir təəccüb əlaməti də görməyəndə matı-qutu qurumuşdu.

Düzdür, mən bu xəbəri sakit, soyuqqanlı qarşılamışdım. Amma bu sakit halımda sonsuz bir hüzn vardı. Başımı buladım, astadan, ağızucu dilləndim:

- Cənablar, Belluka dəli deyil. Narahat olmayın, ağlını itirməyib o. Bəli, ona nəsə olub, ancaq bu, son dərəcə təbii haldır. Səbəbini izah edə bilmirsiniz, çünki o adamın bu vaxta qədər hansı şəraitdə yaşadığından xəbəriniz yoxdur. Mən isə vəziyyətdən haliyəm və əminəm ki, onunla görüşüb-danışandan sonra bunu izah etmək çox asan olacaq.

Bədbəxt Bellukaya baş çəkməyə gedəndə, yolboyu, bunları fikirləşirdim:

- Bu qədər vaxt ərzində Belluka kimi yaşayan, yəni “mümkünsüz” bir həyat keçirən adamı ən adi bir hadisə, ən xırda maneə, hətta yolunun üstündəki çınqıl dənəsi də hərtərəfli sarsıda bilər, onun “mümkünsüz” həyatına nabələd adamlar isə bundan qətiyyən baş açmazlar. İşin kökünü məhz burda – “mümkünsüz” həyat şəraitində axtarmaq lazımdır, bax onda hər şey sadə və aydın bir şəkil alar. Əjdəhanın quyruğunu gövdəsindən ayrı təsəvvür edən adama, quyruq o əjdəhanın özündən də dəhşətli gələ bilər. Gərək quyruğu əjdəhanın gövdəsinə bitişik qavrayasan, onda öz halında, yəni eləcə, əjdəhanın quyruğu kimi görünər: adidən də adi bir quyruq kimi.

Güzəranı Bellukanın yaşayışına bənzəyən bircə nəfərə də rast gəlməmişəm – heç vaxt. Mən onun qonşusuyam və təkcə mən yox, binamızın başqa sakinləri də məəttəl qalırdılar ki, bu adam belə yaşayışa necə tab gətirir.

O, üç kor qadınla - arvadı, qaynanası və arvadının xalası ilə bir mənzildə yaşayırdı. Sonuncu ikisinin – dövranını sürmüş qarıların gözləri mirvari suyundan tutulmuşdu, arvadl isə tamam başqa səbəbdən kor qalmışdı: onun gözləri qırpılmırdı.

Hər üçü qulluğa möhtac haldaydı. Səhərdən axşama qədər səs-səsə verib bağırışsalar da, haraylarına kimsə yetmirdi... Ərləri öləndən sonra - biri üç, o birisi dörd uşağıyla – qayıdıb ata evinə yığışan iki dul qızın isə korların qulluğunda durmağa nə vaxtları vardı, nə həvəsləri; uzaqbaşı, tək-tük hallarda, analarına əl yetirirdilər.

Yazıq Belluka aldığı cüzi hesabdar maaşıyla bu qədər adamın qarnını necə doyuraydı?! Evdə də işləyir, gecələr sənəd üzü köçürürdü. Həmin beş qadınla yeddi uşağın aramsız çığırtıları altında yazıb-pozurdu, ta onlar hamısı evdəki üç çarpayıda yerlərini tutana qədər. Geniş, ikiadamlıq çarpayılar idi, amma on üç nəfərə üç çarpayı nədir ki...

Aramsız dava-dalaş, söyüş-qarğış, aşırılan mebellərin, sındırılan qab-qacağın səsi, ağlaşma-şivən, vurhavur! Bəzən uşaqlardan hansısa qaranlıqda gözdən yayınıb özünü - ayrıca yataqda uzanmış - kor qarıların yanına verirdi. Hər axşam qarılar öz aralarında çəkişib-dartışır, heç biri ortada yatmaq istəmir, buna görə növbə hansına çatsa, çığır-bağır qopurdu.

Elə ki, ara nisbətən sakitləşirdi, Belluka gecə keçənə, qələm əlindən düşənə, gözləri ixtiyarsız yumulana qədər işləyirdi. Axırda, bir ayağı sınıq divana – çox zaman eləcə pallı-paltarlı – meyit kimi sərilib yuxuya gedir, səhər tezdən qalxanda isə hələ gecəkindən də yorğun olurdu

Sözüm ondadır ki, cənablar, elə bir şəraitdə yaşayan Bellukanın axırı, əlbəttə, belə də olmalıyddı.

Xəstəxanada ona baş çəkəndə özü mənə hər şeyi təfsilatı ilə danışdı. Düzdür, hələ də bir azca həyəcanlı görünürdü, ancaq başına gələnlərdən sonra buna da təbii baxılmalıdır... Həkimlərə də, sanitarlara da, onu dəli sayan iş yoldaşlarına da gülürdü.

- Neynək! - deyirdi. – Neynək!

Cənablar, Belluka bu dünyanı, onun var olduğunu çoxdan unutmuşdu, büsbütün unutmuşdu: amma dünya ki yerindəydi.

Öz acınacaqlı həyatı üzündən qara-qara düşüncələrə qərq olduğu, bütün günü idarədə hesab-kitabdan başını qaldıra bilmədiyi üçün, bir dəqiqə nəfəs dərmədən, gözləri bağlanmış halda quyunun, ya da dəyirmanın çarxına bənd edilən heyvan kimi işlədiyi üçün unutmuşdu: bəli, cənablar, uzun illərdən bəri, büsbütün unutmuşdu bu dünyanı.

İki gecə əvvəl, yenə öz qırıq divanına sərilib, ancaq – yəqin ki, hədsiz yorğunluqdan - bu dəfə dərhal yuxuya gedə bilməyib. Və birdən, gecənin səssizliyi içərisində uzaqdan bir qatar fiti eşidib.

Bu qədər vaxtdan sonra qulaqları birdən-birə təzədən açılıb elə bil.

Qatar fiti onu mənfur məişətindən, çəkdiyi əzab-əziyyətdən qoparıb; Belluka, qəbirdən xortlayıb çıxmış adam kimi, özünü nəhəng, geniş bir dünyanın qoynunda görəndə sinədolusu nəfəs alıb...

Həyəcandan bədəni lərzəyə gəlib, xəyalən, gecənin qaranlığında durmadan yol gedən o qatarın ardınca düşüb.

Ah, dünya varmış! Orda, bu cəhənnəm əzabından uzaqlarda, qatarın baş alıb getdiyi yerlərdə geniş, sonsuz bir dünya varmış! Florensiya, Bolonya, Turin, Venesiya... Cavanlığında gəzib-gördüyü neçə-neçə şəhər... Bəli, o bilirdi, oralarda nə cür bir həyat qaynadığını bilirdi. Onun özünün də bir vaxtlar yaşamış olduğu həyat! Və o həyat heç vaxt dayanmamış, sönməmişdi:

Belluka, gözləri bağlı heyvan ya quyunun, ya da dəyirmanın çarxını fırladan təki, durmadan işlədiyi müddətdə də, elə hey qaynamışdı. Amma Belluka sonralar o həyat barədə düşünməyə macal tapmamışdı. Evdəki əzablı yaşayış üzündən dünyası qaralan, idarənin dözülməz tünlüyündən canının yeri daralan Belluka get-gedə sıxılıb, özünə qapanmışdı...

İndi isə gözü-könlü yenidən açılmış, həyatı bütün əlvanlığıyla görə, qavraya bilmişdi; dünya coşqun sel kimi, tək bircə damcısı da yayınmadan, axıb onun ruhuna dolmuşdu.

Burda, bu dörd divar arasında zehninə ildırım kimi enən aydınlığın ardından onun gözləri önündə - bəlkə indiyəcən görmədiyi - üfüqlər açılmışdı; indi o, tanış və yad şəhərlər, insan ayağı dəyməyən düzənliklər, sıra dağlar, sıx meşələr, ucsuz-bucaqsız okeanlar üzərində süzə bilirdi... Bu aydınlıq, bu yeni ahəng...

O öz “mümkünsüz” həyatını birtəhər ötüşdürdüyü müddətdə yer üzündə milyon-milyon insan tamam başqa cür yaşayırmış. Onun əzab-əziyyət içində keçirdiyi gecələrin hər bir anında bu dünyada dağlar varmış – “qarlı zirvəsi göylərə millənən, lacivərd sinəli” dağlar... Bəli, bəli, Belluka görmüşdü onları, görmüşdü... elə okeanları, meşələri də görmüşdü...

Və yalnız indi, bütün dünya sel kimi axıb onun ruhuna dolandan sonra bir az rahatlıq tapmışdı. Bəli, əzablarından bir anlıq uzaqlaşıb, öz aləmində, bütün dünyanın nəfəs aldığı havanı içinə çəkmişdi.

Elə bu da yetərdi ona!

Əlbəttə, siftə günü lap ağını çıxarmışdı. Uyub getmişdi. Aləmi qarışdırmışdı. Ancaq yavaş-yavaş sakitləşəcəkdi. Hələ də hiss edirdi ki, udduğu təmiz havanın sərxoşluğu qalır canında.

Sakitləşəndən sonra isə gedib rəisindən üzr istəyəcək, təzədən hesab-kitab işinə başlayacaqdı.

Ancaq rəis də bundan belə gərək bir hədd gözləyə, daha əvvəlki qədər işlətməyə onu. Arada-bərədə, məsələn, bir məxaric cədvəlini hazırlayıb ikincisinə keçən əsnada onun... Sibirə... ya da, ya da... Konqo meşələrinə səyahətə çıxmasına icazə verə... Bütün bunlar bircə anda olur, cənab kavaler: qatar fit verəndə...

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG