Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:42
-

Belə birisini görəndə adam allaha da inanmaq istəmir. Klementina isə inanırdı. Elə öz halına görə inanırdı. Onun kimi məsum, əsla günaha batmamış bir qızın ömürlük bu müsibətə düçar olmasının başqa izahı varmı?..


Luici Pirandello


QOZBEL QIZIN ÜÇ FİKRİ

(Seyfəddin Hüseynli rus dilindən tərcümə edib)


Doqquz yaşınacan hər şey yaxşı idi: salamat doğulmuşdu, salamat da böyüyürdü. Doqquz yaşı tamam olan kimi isə, elə bil tale görünməz pəncəsini qeybdən uzadıb onun başına qoyaraq: «Buraya qədərdi!» - dedi və birdən-birə Klementinanın böyüməyi dayandı. Eləcə də qaldı – yerdən bir metr yuxarı, azca artıq...

Həkimlər elmin köməyi ilə əlüstü dəqiqləşdirdilər ki, qız daha böyüməyəcək: zəiflik, ələngəlik, raxit…

Əhsən! Ancaq gəl indi bunu - «daha böyüməkdən keçib»i Klementinanın ayaqlarına, belinə başa sal! Beli ilə ayaqları elə ilk saniyədən böyüməyə başlamışdılar, həm də heç nəyə fikir vermədən öz işlərindəydilər. Onları əzən pəncənin dəhşətli əsarəti altında qaydasınca böyüməyə imkanları olmadığından, inadla yanlara doğru dartınıb-uzanırdılar: ayaqlar əyilr, belin isə hər tərəfi qoz kimi yumrulanırdı. Təki böyümək olsun…

Öz aramızdır, məgər bəzi düyünlü, əyri-üyrü ağaclar da belə böyümürlərmi? Belə böyüyürlər. Amma bəzi fərqlərlə: ağacın özünə baxmaq üçün gözü, hiss etmək üçün ürəyi, düşünmək üçün şüuru yoxdur, bədbəxt qozbel qızın isə var; bəllidir ki, düz ağaclar əyriyə gülmürlər, gözə gəlməkdən qorxub çəp-çəp baxmırlar, quşlar ondan uçub uzaqlaşmırlar, zavallı qozbelə isə adamlar çəpəki baxırlar, uşaqlar ondan qaçırlar; nəhayət, ağacın sevgiyə ehtiyacı yoxdur, may gələndə öz-özünə çiçəkləyir, lap əyri də olsa, təbiətin hökmüylə, payızda bar gətirir, yazıq qozbel qız isə…

Nəsə, alınmayıb, düzəltmək də mümkün deyil. Məktub yazan adam görsə ki, alınmır, onu cırıb, yenisini yaza bilər. Bəs həyat? Həyatı təzədən düzüb-qoşmaq olmur, bir vərəq kağız deyil ki, cırıb atasan.

Üstəlik, allah izn verməz.

Belə birisini görəndə adam allaha da inanmaq istəmir. Klementina isə inanırdı. Elə öz halına görə inanırdı. Onun kimi məsum, əsla günaha batmamış bir qızın ömürlük bu müsibətə düçar olmasının başqa izahı varmı? Axı ömür bircə dəfə verilir, onu da indi belə - pis zarafat, acı istehza kimi ötüşdürməlisən: həm də ömürlükdür bu hal, bir anlıq deyil ki, dözüb-dayanasan, keçib gedə! Sonra dərhal qamətin düzələ, şax, ucaboy olasan, qıvraqlaşasan, daha əzab-əziyyətin qalmaya. Belə deyil axı! Ömürlükdür bu!

Allahmı? Hə, əlbəttə, allahın istəyi beləymiş: onun sirli bir məramı varmış. Əlacsızlıqdan, özünü buna inandırmalıydı, yoxsa Klementina ümidsizliyə qapılardı. İnamı isə, əksinə, ona öz müsibətini bir lütf – ülvi, ilahi lütf kimi qəbul etmək gücü verirdi. Əlbəttə, o biri dünya üçün. Necə də gözəl olacaqdı, səmada mələk kimi süzəcəkdi Klementina!..

Bir də görürsən, küçədə gedəndə onu marıtlayan adamlara gülümsəyir. Elə bil demək istəyir: «Lağ eləməyin mənə! Nəyə lazımdır! Görmürsünüz, birinci elə özüm gülümsəyirəm. Neyləyim, mən də beləyəm də: özüm özümü xəlq eləməmişəm ki. Allah belə məsləhət bilib, odur ki, kefinizi pozmayın, heç mən də dilxor olmuram; Allah özü belə istəyibsə, deməli, buna görə məni mütləq mükafatlandıracaq».

Əslinə qalsa, ayaqları donunun altından çox da gözə dəymir. Bir allah bilir ki, bu cür ayaqlarla yerimək üçün Klementina nə əziyyətlərə qatlaşır. Amma gülümsəməyindən də qalmır.

Eybəcərliyi camaatın diqqətini cəlb etməsin deyə, ləngərini mümkün qədər azaltmağa can atır, buna görə də yerişi lap ağırlaşır. Diqqət çəkmədən keçib gedə bilmir. Qozbeldir axı… Ancaq hər halda, əgər bax beləcə – cəld, başıaşağı yeriyərsə, gülümsəyərsə…

Arabir həqiqətən insafsız adamlarla rastlaşır: lap üzlərində yanımcıl bir ifadə də olsa, onu başdan-ayağa süzürlər, göz qoyurlar, izləyirlər, elə bil bu cür ayaqlarla yerimək üçün nə kimi fənd işlətdiyini öyrənməyə çalışırlar. Həmişəki təbəssümüylə bu amansız marağı dəf etməyin mümkün olmadığını görəndə Klementina sıxıntıdan qızarıb başını aşağı dikir: bəzən özünü ələ ala bilmir, büdrəyir, az qalır yıxılsın; donunu başına çəkib, o insafsız adama: «Hə, bax, görürsən? Qozbeləm mən, di əl çək!» - qışqıracaq qədər özündən çıxır.

Bu məhəllədə Klementinanı kimsə tanımır hələ. İki-üç həftədir buraya köçdüyü. Əvvəllər yaşadığı yerdə onu hamı tanıyırdı, zəhləsini tökən olmurdu. Tezliklə burada da elə olacaq. Bir az səbr etməlidir. Pəncərələri sakit və səliqəli meydana baxan bu yeni mənzil onun ürəyincədir. O, səhərdən axşama qədər işləyir; toylar və ad günləri üçün balaca, zərif qutular, qəşəng torbalar düzəldir. Bacısı (Klementinanın bir bacısı var, Lauretta ondan beş yaş kiçikdir, amma… qamətinin dürüstlüyü bir yana, olduqca şux, gözəl, sarışın bir qızdır, lap çiçək kimidir) qadın dərzisinin yanında, emalatxanada işləyir: hər səhər saat səkkizdə gedir, axşam yeddidə qayıdır. Bu cüt bacı növbə ilə bir-birinə ana əvəzi olub: əvvəlcə Klementina Laurettaya, indi də, yaşca kiçik də olsa, Lauretta ona. Neyləmək olar, axı bədbəxtlikdən, Klementina sadədil bir uşaq kimi qalıb!.. Lauretta isə, əksinə, o qədər zəngin həyat təcrübəsi toplayıb ki! O olmasaydı…

Çox vaxt Klementina ona qulaq asanda ağzı açıq qalır: “Allah, allah, nələr varmış!..”

Artıq ondan ötrü aydın idi ki, öz zavallı, əyri ayaqları ilə əsla Laurettanın söz açdığı sirli aləmə addım ata bilməyəcək. Ancaq yenə də paxıllıq eləmirdi: özünə yazığı gəldiyi üçün, bir az xəcalət çəkir, bir də qüssədən qəhərlənirdi. Gec-tez Lauretta onu gözləyən həmin aləmə üz tutacaqdı, bəs onda yazıq Klementina neyləyəcəkdi? Amma Lauretta bacısına təskinlik verir, and-aman edirdi ki, onu heç vaxt tək qoymayacaq, lap ərə getsə də...

Və Klementina indi Laurettanın gələcək əri barədə fikirləşir. Kim olacaq o? Onlar necə tanış olacaqlar? Yəqin ki, küçədə… Oğlan ona göz qoyacaq, ardınca gəzəcək, sonra da bir axşam yolundan edəcək. Bəs bir-birinə nə deyəcəklər onlar? Ah, vurulmaq – yəqin çox maraqlı olar bu!

Klementina pəncərənin qabağında oturub: o, xəyallara dalıb, gözləri yol çəkir, önündəki masada tökülüb qalan işi heç cür tamamlaya bilmir. Elə hey pəncərəyə baxır… Kimə baxır o?

Orda bir oğlan var: küçənin o tayında görünən pəncərələrdən birinin arxasında qəşəng, sarışın, uzunsaçlı, nəsrani saqqallı bir oğlan oturub, dirsəklərini pəncərənin altlığına dayayıb, başını əllərinin arasına alıb.

Mümkün işdirmi bu? Oğlanın qəribə bir gərginlik oxunan nəzərləri Klementinaya dikilib. Bənizi solğundur oğlanın… İlahi, necə solğundur!.. Yəqin, xəstədir. Klementina ilk dəfə görür onu pəncərədə. O isə, elə hey baxır, baxır… Klementina utanıb-sıxılır, sonra köks ötürüb sakitləşir. Ağlına gələn ilk fikir bu olur:

- O mənə baxmır !

Əgər Lauretta evdə olsaydı, fikirləşərdi ki, bu oğlan… Ancaq Lauretta gündüzlər evdə olmur.

Bəlkə qonşu mənzillərdən hansınınsa pəncərəsində gözəl bir qız var, bu oğlan da ona vurulub? Amma, oğlan düz buraya - ona baxır, deyəsən. O baxışlarlamı? Yox, bu mümkün deyil! Ah, bu nədir belə! Oğlan əl yelləyib salam verdi! Onamı? Yox, yox! Mütləq, qonşu pəncərələrdən birində kimsə var.

Klementina məhz ondan ötrü buraya qoyulmuş oturacağın üstünə çıxıb boynunu çölə uzadır və oğrun-oğrun yandakı pəncərəyə boylanır, sonra o biri tərəfdəkinə… alt mərtəbənin pəncərəsinə baxır, sonra da üstdəkinə…

Heç kəs yoxdur!

Oğlana sarı ürkək, xəlvəti bir nəzər yetirir və budur ha… o yenə əl eləyir… ah, indi daha şübhə yeri yoxdur…

Klementina pəncərədən çəkilir, yüyürüb otaqdan çıxır, ürəyi yerindən oynayır. Yamanca səfehdir! Əlbəttə, burda bir yanlışlıq var… Yəqin, o oğlanın gözləri pis görür. Nə biləsən, onu kiminlə dəyişik salıb… Bəlkə Laurettayla? Hə, əlbəttə! Ola bilsin, küçədə Laurettanın ardınca düşüb, burda, üzbəüz binada yaşadığını öyrənib… Amma bu halda o, nəinki pis görür, sadəcə, kordur… Ancaq eynəyi yoxdur… Hə, əlbəttə, Klementina sifətdən heç də pis deyil, həqiqətən, bacısına az-çox oxşayır, di gəl bədəncə.. Nə bilmək olar, bəlkə onu masanın arxasında oturan yerdə görüb, elə bilib, Laurettadır, burda iş tutur…

Elə həmin axşam söhbəti bacısına açdı. Onu göydən yerə çırpdılar elə bil.

- Nə oğlan?

- Burda yaşayır, üzbəüzdə. Fikir verməmisən?

- Mən?.. Yox! O kimdir elə?

Klementina oğlanı ətraflı təsvir edəndən sonra Lauretta qayıtdı ki, qətiyyən elə bir adam tanımır; heç vaxt rastlaşmayıb, görməyib – nə yaxından, nə də uzaqdan.

Ertəsi gün hər şey təzədən başlandı. Budur, o yenə eyni vəziyyətdədir, dirsəklərini pəncərənin altlığına dayayıb, qəşəng, sarışın saçlı başı da əllərinin arasındadır; elə hey bəri baxır… Əvvəlki kimi qəribə bir gərginlik var baxışlarında.

Bu qədər dərin qüssəyə qərq olmuş oğlanın onunla məzələnmək istədiyini Klementina heç ağlına gətirmir. Niyə axı? O ki bədbəxt, zəlil bir qızdır; bu cür amansız zarafata dünyasında baş qoşmaz, heç cür qarmağa keçməz, aldanmaz… Onda, deməli… Amma budur, o, dünənki işarəni təkrarlayıb salam verir, bir neçə dəfə əl eləyir, guya bununla demək istəyir ki, səninləyəm mən, hə, səninləyəm… Sonra da, pərişan halda, əllərilə üzünü örtür.

Klementina daha burda, pəncərənin qabağında bənd ala bilməz: büsbütün çaşqınlıq içində oturacaqdan düşüb o biri otağa keçir, pərdələrin arasından güdməyə başlayır. Oğlan pəncərədən aralanıb, üzü küçəyə tərəf deyil indi, qəmgin, fikirli halda dayanıb; hərdənbir qanrılıb Klementinanın pəncərəsinə baxır, qayıdıb-qayıtmadığını bilmək istəyir. Oğlan onu gözləyir!

Klementina nə düşünməlidir? Ağlına ikinci bir fikir gəlir:

- O bilmir, mən nə gündəyəm…

Canını qurtarmaqdan ötrü yazıq qozbel dərhal belə bir fəndə əl atır: masanı pəncərənin yanına çəkib əskini götürür, sonra da, birtəhər, oturacaqdan masanın üstünə qalxıb eləcə dayanır, guya aynaları silmək istəyir. Bu vəziyyətdə oğlan onu lap yaxşı görər!

Ancaq Klementina az qalır pəncərədən yıxılsın: oğlan onu masanın üstündə görcək, dəli kimi əl-qol atmağa başlayır, vahimə içində işarə edir ki, qız ordan düşsün, allah xətrinə, tez aşağı düşsün; gah əllərini köksünə sıxır, gah başını tutur, çığırdıqca da çığırır!

Qorxub özünü itirən Klementina tələm-tələsik masadan düşür, bədəni əsə-əsə, gözlərini bərəldib oğlana sarı baxır; oğlan isə, əlini ona tərəf uzadıb öpüş göndərir! Və bu an üzüntüdən qolları yanına düşən Klementina fikirləşir:

- O, dəlidir… Aman allah, dəlidir o! Dəlidir!

Hə, bu, beləydi: axşam Lauretta bunu təsdiqlədi. Klementinanın sorğu-sualından marağa düşüb oğlanın kim olduğunu araşdıranda Laurettaya demişdilər ki, bir əvvəl - indi onların qaldıqları bu evdə yaşamış nişanlısı öləndən - onun başına hava gəlib. O qızda sarkoma varmış: ölənə yaxın əvvəlcə bir ayağını kəsməli olublar, sonra da o birini...

Hə, belə de!.. Bacısını dinlədikcə Klementina elə ağlamaq istəyirdi ki… Oğlanamı, özünəmi?!

Axırda, utana-utana gülümsəyib titrək səslə Laurettaya dedi:

- Mən də belə fikirləşirdim, inanırsan? Axı o mənə baxırdı…

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG