Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 06:31

Yekəxana və pedant Nabokov…


Vladimir Nabokov
Vladimir Nabokov
-

O, Pasternakla Axmatovadan hardasa saymazyana söz açardı. Onun acı istehzası on doqquzuncu əsrin böyük ədiblərindən – Turgenevdən, Dostoyevskidən, Nekrasovdan, bəzən hətta Tolstoydan da yan keçməzdi.


Məşhur yazıçı ilə görüşmüş jurnalist, yazar George Feifer-in xatirələri


George Feifer


NABOKOVDAN SÖZ DÜŞƏNDƏ...

(Rus dilindən Seyfəddin Hüseynli tərcümə edib)


Mən Vladimir Nabokovun “Laura və onun orijinalı” (“Ölmək əyləncədir”) romanına – ötən ilin bu gözlənilməz ədəbi hadisəsinə münasibətimi açıqlamaq niyyətindəyəm.

Zövqcə məndən üstün olan dostlarım kitabı odlu bir intizar içində qarşıladılar, mənim reaksiyam isə, bu, son dərəcə qəribə xasiyyətli müəllifə münasibət baxımından, daha sərin və ikibaşlı alındı.

Üstəlik, elə bilirəm, Nabokovun 2008-ci iləcən bizdən ötrü naməlum qalan sonuncu, yarımçıq romanı heç onun irsindən ibarət məbədin üzərinə qoyulmasaydı da, bu məbəd kifayət qədər – yazıçının ehtiraslı pərəstişkarlarına qoşulmadığıma görə məni utandıracaq dərəcədə - uca idi.

Bu etiraf, divin əzəmətli yerişi ilə müqayisədə, cırtdanın atdığı kövrək addımlar qədər əhəmiyyətsiz sayılmalıdırmı?

Mən bu məqamda Nabokovun təkcə yazıçılıq istedadını yox, həm də başqa müəllifləri aşağılamaqda sərgilədiyi heyrətamiz qabiliyyətini nəzərdə tuturam.

Özümü buraya qatmaq niyyətində deyiləm: bu, Tanrı Vergisiylə qayğanağı bir tutmaq kimi çıxardı, necə ki, yəqin indinin özündə də Rusiyada belə deyirlər.

Ancaq hər halda Nabokovun “göylərə qaldırılmış” (onlara məhz bu cür baxırdı) rəqiblərinə olan qatı nifrəti mənə onun parlaq, ehtişamlı yaradıcılığına heç də mütləq heyranlıqla yanaşa bilmədiyimi açıqlamaq cəsarəti verir.

Vladimir Vladimiroviç istedadca özündən zəif bildiyi müəlliflərə umulduğu qədər mərhəmətli yanaşmazdı.

Misal üçün, desəm ki, söhbətimizin gedişində Soljenitsını tənqid edirdi, bu, heç də onun özünəməxsus tərzdə dodaqlarını büzüb: “Aleksandr İsayeviç tarixi baxımdan, heç şübhəsiz, önəmlidir, yazıçı kimi isə tam mənada ikincidərəcəlidir” - söyləməsi ilə bağlı elə bir təsəvvür yarada bilməz.

Adamlar barədə nadir hallarda yaxşı kəlmələr çıxardı onun əsilzadə biçimli dodaqları arasından.

O, Andrey Sinyavski və digər görkəmli müasirləri haqqında daha bədbin qənaətdəydi, Pasternakla Axmatovadan isə hardasa saymazyana söz açardı. Onun acı istehzası on doqquzuncu əsrin böyük ədiblərindən – Turgenevdən, Dostoyevskidən, Nekrasovdan, bəzən hətta Tolstoydan da yan keçməzdi.

Dəqiqliyi xoşlayan bir gənc tədqiqatçı kimi, Nabokovla 1976-cı ildə baş tutan görüşümüzədək, onun barəsində xeyli araşdırma aparmışdım, hamısı da eyni nəticə ilə yekunlaşmışdı: "Nabokov nadir halarda kiminsə haqqında yaxşı söz deyir". (Sonralar o, özünə bioqraf seçdiyi gənc tədqiqatçıyla da haqq-hesabı bu cür çürütmüşdü).

Onun hikkədən güc alan iti zəkası, xüsusən Soljenitsın Sovet İttifaqından qovulandan iki il sonra, daha da aydınlaşmışdı.

"Lolita" Azərbaycan dilində
"Lolita" Azərbaycan dilində
Bizim həmsöhbət olduğumuz vaxtlarda Nabokovun 77 yaşı vardı, ancaq fəhminin kəsəri, düşüncəsinin sərrastlığı yerindəydi. Cenevrə gölünün yaxınlığındakı möhtəşəm “Palas-otel”in ərazisində görüşdük: Nabokov, Kornell Universitetində dərs deməyi buraxıb, aylarla burada - həvəslə kirayələdiyi kotecdə yaşayırdı. Onun - mənə daima otelin müstəsna rahatlığını xatırladan - bu ikinci iqamətgahla bağlı seçimində rus ruhunun, az da olsa, rolu sezilirdisə, Nabokovun özündə o ruhun çox cüzi təsiri qalmışdı.

İnzibatçıya verilmiş, mənə çatası məktubda “iki saatlıq söhbət üçün” saat 3-də şəhərdəki barlardan birində görüş təklifi vardı. O, zövqlə döşənmiş zala düppədüz vaxtında daxil oldu və mənim qol saatım saat 5-i göstərən kimi, elə son cümləni bitirər-bitirməz, oranı tərk elədi. Məni buraya dəvət etmiş adam mehribanlıqla mənə yaxşı yol arzuladı, dərhal da yoxa çıxdı. Bərabər keçirdiyimiz 120 dəqiqənin heç biri onun xarakteri barədə bu qədər təsəvvür yaratmamışdı.

Əgər “yazıçı, professor, tənqidçi, tanınmış şəxsiyyət və məşhur kəpənək kolleksioneri”nin danışıq və davranış cizgilərini bir neçə sözlə vermək lazım gəlsəydi, mən bunun üçün "pedant" və "yekəxana" kəlmələrini seçərdim. O, həmsöhbətiylə özü arasında nümunəvi bir nəzakətlə məsafə saxlayır, beləliklə, xarakterinin düzgün anlaşılmasına da əsərlərinin üslub və kompozisiyası qədər sonsuz əhəmiyyət verdiyini ortaya qoyurdu.

Pedantlığını elə bir həddə çatdırmışdı ki, hətta “intervü götürənlərin onun kəlmələrini, ifadələrini yolverilməz xətalarla, mülahizələrini isə amansız, bağışlanmaz təhriflərlə təqdim etdikləri barədə” naşirləri (tezliklə mənimkiləri də) məlumatlandırmağı vacib bilirdi. Onu belə xırdalıqlara görə bu qədər hiddətlənməyə sövq edən nə idi? Heç şübhəsiz, öz sözlərinə - həm yazdığı, həm də söylədiyi kəlmələrə münasibətdə görünməmiş həssaslıq oyadan məlum İnstinkt!

Onunla intervülərin hamısı sualların yazılı şəkildə razılaşdırılmasından başlanırdı. Əgər sualları bəyənirdisə, intervü götürənlərlə yalnız həmin sualları (yenə də yazılı şəkildə) cavablandırandan sonra görüşməyə razılıq verirdi. Cavablar eynən yazıldığı kimi də çap olunmalıydı, onların müəlliflik hüququnu özündə saxlayırdı. Hazırlanan məqalələrin çox hissəsini həmin cavablar tutduğundan, Nabokovla sonrakı söhbətlər, olsa-olsa, bəzi intonasiya və məna çalarlarının dəqiqləşdirilməsinə xidmət edən, texniki xarakterli mətnə çevrilirdi.

Bəs belə olan halda, jurnalistlərlə görüşməyə niyə razılıq verirdi? İntervü vermək əziyyətinə nədən ötrü qatlaşırdı? Çünki (özü belə deyirdi) ağlına zaman-zaman cürbəcür fikirlər gəlirdi, onları oxucularla bölüşməliydi: onu bu maraqlandırırdı, suallara cavab vermək yox.
Jurnalistlərlə görüşməyə, onlara yalnız yazılı formada cavab verməyə razılaşmaqla Nabokov sərbəst qənaətlərə yol aça biləcək söhbətlərin tam tərsi olan bir vəziyyət yaradırdı və bu, mənim eşidib-bildiklərim içərisində, ən əlverişli üsul idi.

Nabokov bunu belə izah edirdi: əgər səhər-səhər arvadıma danışdığım yuxu uzaqbaşı ötəri bir etüddürsə (mən ona görə sözbəsöz sitat gətirmirəm ki, ola bilsin, varisləri onun dediyi hər sözün müəlliflik haqqını hələ də özlərində saxlayırlar və eyni dərəcədə tələbkardırlar), onda nəyə görə mən özümü təsadüfi söhbətlər zamanı yanlış və şişirdilmiş yozumların ortaya çıxması təhlükəsilə üz-üzə qoymalıyam?

Təsadüfi heç nə ola bilməzdi: hisləri büruzə verən heç nə! Hərçənd sovet rəhbərlərinin – aradan keçən müddət ərzində onlardan bəziləri ilə görüşmək mənə də nəsib olub –
Nabokovla həyat yoldaşının məzarı, İsveçrə
Nabokovla həyat yoldaşının məzarı, İsveçrə
nsiyyətin quru-rəsmi formasına üstünlük vermələri üçün daha tutarlı əsasları vardı, ancaq onlar, Nabokova nisbətən, əsl “duyğu fəvvarəsi”ydilər.

Yeri gəlmişkən, onun SSRİ-yə bəslədiyi, hər dəfə bu ölkədən söz düşəndə üzə çıxan nifrətin kökündə oranın rəhbərlərinin öz saxtalıqlarını və görməmişiliklərini gizlədə bilməmələrindən daha çox, Nabokovun ailəsinin başına gələnlər dayanırdı. Onun liberal görüşlü kriminalist və publisist kimi tanınan atası Rusiyada 1917-ci ilin fevralından oktyabrınadək mövcud olan Müvəqqəti Hökumətin İşlər Müdiriymiş. İkicə ildən sonra imkanlı və adlı-sanlı Nabokovlar Peterburqdakı mülklərindən və şəhər kənarındakı dəbdəbəli malikanədən əl götürməyə məcbur olmuşdular...

...Və budur, aradan 34 il keçib, artıq mən Nabokovun o vaxtkı yaşındayam: bəs indi nə düşünürəm onun haqqında? Nədənsə, indi mən daha çox onun bir vaxtlar həqiqətən zövq aldığım, heyran qaldığım əsərlərini xatırlayıram. Bunlar, ilk növbədə, "Pnin"dir, "Lujinin müdafiəsi” və "Lolita”dır. Bu əsərlərdə komik məqamlar itkilərdən doğan ekzistensial ağrılarla qovuşur, duyğuları təlatümə gətirir, müəllifin parlaq istedadına ehtiram hissi oyadır. Aradakı bu uzaq məsafədən geriyə boylananda mən Nabokovun misilsiz üslubunu - öz “ikiqat dib”ndə ustalıqla gizlətdiyi geriləmələr, üçölçülü optik illüziyalar, incədən-incə, üstüörtülü intellektual işarələr sayəsində diqqətimi çəkən oyunbazlığını xoş hislərlə xatırlayıram.

O vaxt materialı birlikdə hazırladığım fotoqraf israrla deyirdi ki, obyektimiz səhvən məni “Sandi Teleqraf”ın yazarı bildiyi, ingilis hesab elədiyi üçün söhbətə tüvit kostyumda gəlibmiş. Doğrudan beləydimi, xatırlaya bilmədim, ancaq qatarla Cenevrəyə qayıdanda, onun söhbət zamanı mənə tuşladığı bir neçə atmacanı handan-hana yadıma sala bildim və başa düşdüm ki, onların hamısını sonadək açıb-çozmək mənlik deyil. Gələcəklə bağlı nələr düşündüyünü öyrənmək istəyəndə hər dəfə tennisdən, yeni geyimlər almaq üçün mütləq Londona getməli olmasından söz salmaqla, görəsən, o məni cırnatmaqmı istəmişdi?...

Mənim suallarımdan biri onun “Bioqraf, ən yaxşı halda, öz obyektindən yöndəmsiz bir maneken düzəldə bilər, bundan artıq oxşarlıq tapması mümkün deyil” şəklində ifadə etdiyi fikirlə bağlı idi.

Mən bunun özümə və naşirimə yönələn bir təhdid olub-olmadığını soruşanda belə cavab verdi: "Əgər hələ bütünlüklə həyat eşqilə dolu olan obyektinin, yaxud onun ağıllı vəkillərinin və ayıq-sayıq varislərinin istəklərini, işarələrini nəcibliklə, dinməz-söyləməz izləmirsə, çox güman ki, bioqraf özü bir manekenə çevrilir".

Sənətkar özündən başqa kimsənin onu tanımasını istəmir. Gözəl niyyətdir. Amma bəs biz neyləməliyik?...

2010
"Российская газета"
The Daily Telegraph
XS
SM
MD
LG