Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:45

Narazı sakinlər «Ağ şəhər»i məhkəməyə verdi


"Ağ şəhər"də tikinti işləri gedir

"Ağ şəhər"də tikinti işləri gedir

-
“221 hektar yerdə fransız evləri tikib pul qırırlar. Zəhmət çəkib bizi də razı salsınlar”.

Narazı qalanlar bir neçə aydır ki, Bakının Xətai rayonunda inşasına başlanan “Ağ şəhər” ərazisinin keçmiş sakinləridir. Turşulu küçəsinin sakini Eyvaz Mədətov deyir ki, qonşuları ilə birlikdə Xətai rayon Məhkəməsinə müraciət edib:

“Dəfələrlə mətbuatdan ölkə başçısına çatdırdıq ki, biz verilən kompensasiya ilə razı deyilik. Həmin pula yalnız Bakıətrafı kəndlərdən sənədsiz, ortabab ev almaq olardı. Heç olmasa elə məbləğ versinlər ki, çıxarıldığımız yerə yaxın ərazidən ev ala bilək. Hətta ona da razıyıq ki, ev versinlər. Ancaq bir şərtlə ki, yaşadığımız keçmiş əraziyə yaxın yerdən olsun. Şəxsən mənə verilən pulla ən yaxşı halda Lökbatanda sənədsiz, ikiotaqlı, orta təmirli ev ala bilərəm. Bununla qətiyyən razı deyiləm”.

"İCRA HAKİMİYYƏTİ KOMPENSASİYALARA "ƏL GƏZDİRİB"

Sakinlər deyir, onlara evlərinin hər kvadratmetrinə görə 600 manat kompensasiya verilir. Bu da onları narazı salıb. Hesab edirlər ki, əslində onlara verilməli olan kompensasiya bundan bir neçə dəfə çoxdur və yerli icra hakimiyyəti kompensasiyalara “əl gəzdirib”.

Dilarə Qurbanova deyir ki, 3 otaqlı, kürsülü evinin yerində indi fransız layihəli bina tikilir. Özü isə qohumunun evinə sığınıb.

“Qohum mənə havalar isinənədək bir çarpayılıq yer verib. Üzüyaza başıma çarə tapmalıyam. 3 otaqlı evə görə verilən pula heç birotaqlı ev də vermirlər”.

"QALMIŞIQ "AGLARIN" ƏLİNDƏ"

Dilarə Qurbanova deyir, dəfələrlə Prezident Administrasiyasının qarşısına getmək istəyiblər. Ancaq möhtəşəm ağ binaya yaxın düşə bilməyiblər:

“Qalmışıq “ağların” əlində. Ağ şəhər tikirlər deyə evimizdən didərgin saldılar. İndi də dərdimizi demək üçün “ağ evə” yaxın düşə bilmirik”.

Xətai rayon İcra Hakimiyyəti isə ittihamları qəbul etmir. İcra hakimiyyəti kompensasiyaların Nazirlər Kabinetinin qərarına uyğun ayrıldığını iddia edir.

Yaxın vaxtlarda Xətai rayon Məhkəməsi şikayətlərə baxacaq.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG