Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:29

«Qara şəhər»in son sakinləri [Video]


"Qara şəhər"in köçürülən sakinləri narazıdır
Gözlə

No media source currently available

0:00 0:05:29 0:00
-
«Qara şəhər»də yaşayanların, öz dilləri ilə desək, qara günləri başlayıb. 100 ildən çoxdur ki, Bakının neft sənayesinin mərkəzi sayılan «Qara şəhər»də - 221 hektarlıq ərazidə «Ağ şəhər» salınır. «Ağ şəhər» layihəsinin təməlqoyma mərasimi 2011-ci ilin dekabrında olub, ölkə başçısının iştirakı ilə. Bu ərazidə inzibati və yaşayış binalarının, müxtəlif ticarət mərkəzlərinin tikilməsi, istirahət parkları və yeni yaşayış mərkəzini dənizlə birləşdirəcək bulvarın salınacağı planlaşdırılır.

KVADRATMETRƏ 1000 MANAT

Artıq bəzi işlərə də başlanıb. Neft çənləri və zavodlar yerləşən ərazilərdə ağır texnika işləyir. Növbə gəlib bu ərazidə yerləşən «Ərzurum» deyilən yaşayış massivinə də çatıb. Burada 850-yə yaxın yaşayış evi plana düşüb. Sakinlərin dediyinə görə, 51 evə artıq bildiriş də göndərilib. Ev sahiblərinə deyilən odur ki, mənzillərin hər kvadratmetrinə 1000 manat, köməkçi yaşayış ərazisi hesab olunan mətbəx, hamam-tualetin hər kvadrat metrinə isə 750 manat kompensasiya verilir. Əhalini narazı salan da elə bu məbləğdir:

Miryaqut Babayev:

«Pis-yaxşı yaşayırıq, özümüzə illərdir ki, bir şərait düzəltmişik. İndi bizə verilən məbləğlə hara gedək?».

Kifayət Abdullayeva:

«Bizə hədə-qorxu gəlirlər ki, çıxmasaz, qazınızı-işığınızı kəsəcəyik. Gətirib sərəncamı bizə göstərsinlər, biz də bilək ki, sərəncamda nə yazılıb. Prezident deyib ki, camaatı incitmək olmaz. «Ağ şəhər»in evləri hansı qiymətə satılacaq? Aşağısı 5 min manata. Gətirib o 5 minin 2 minini bizə versinlər çıxaq evlərimizdən».

Səmədov Fazil:

«Yeganə ümidimiz prezidentə qalıb, yerdə qalanlar xalqın dərdini çəkən deyil. Bizi döysələr, söysələr, öldürsələr də, prezidentin qəbuluna gedəcəyik».

Ülkər Səmədova:

«Biz könüllü köçmürük, məcburi köçürürlər. Evlərin də qiyməti qalxıb. Biz prezidentimizi dəstəkləyirik, icra başçısı isə deyir ki, bir prezident tanımırıq, hara istəyirsiz, gedin şikayət edin».

10 GÜN ƏRZİNDƏ BOŞALDIN

Sakinlərin dediyinə görə, plana düşən 850 evdən sənədi qaydasında olanı da var, sənədsizi də. Amma nə sənədə məhəl qoyan var, nə də evin sahəsinə, burada yaşayanların sosial durumuna. Bildiriş alan evlərə vaxt da qoyulub, 10 gün ərzində evlər boşaldılmalıdır. Əvvəlcədən kirayəpulunun veriləcəyi, köçmə prosesinə yardım ediləcəyi ilə bağlı verilən vədlər də bu gün unudulub.

Rahilə Məmmədova:

«Deyiblər ki, 10 günə çıxmalısız, yoxsa qazınızı, suyunuzu kəsəcəyik. Verdikləri pula da heç nə ala bilmirik. Əvvəlcədən demişdilər ki, «pulsuz fəhlə, maşın da verəcəyik sizə ki, əşyalarınızı köçürəsiz», 200 manat kirayə pulu da söz vermişdilər. İndi deyirlər ki, onlar olmayacaq. Atırlar bizi bayıra, kimə arxalanaq?».

AzadlıqRadiosu müxbirinin yaşayış massivində olduğu müddətdə ərazidə Xətai rayon İcra Hakimiyyətinin əməkdaşları da var idi, amma kameraya danışmaqdan imtina etdilər. Sakinlər isə günorta saatlarına icra hakimiyyətində planlaşdırılan görüşə hazırlaşırdılar. Deyilən vaxt çatdı və narazıların əksəriyyəti üz tutdu icra hakimiyyətinin binasına. Vəd verilən görüş baş tutdu, həm də hamılıqla və geniş salonda. İcra hakimiyyətindən görüşü lentə almağa icazə də verildi.

Ancaq icra səlahiyyətliləri zala daxil olar-olmaz sakinlərdən bir neçəsi, həm də massivdə çəkiliş zamanı rastlaşmadığımız sakinlər bu dəfə bizə - AzadlıqRadiosuna etiraz etdi – şikayətçi olmadıqlarını, çəkilişə qarşı olduqlarını bildirdilər, AzadlıqRadiosunu da «təxribatçı» adlandırdılar. Öncədən kameraya üz tutub şikayət edən, evlərini göstərib məmurlardan narazılıq bildirən zaldakı onlarla sakin də sadəcə susdu. İcra səlahiyyətliləri də AzadlıqRadiosu əməkdaşını zaldan çıxardı, bütün bunların lentə alınmasına da imkan verilmədi.

RAZILAŞMA YOXDUR

Xətai rayon İcra Hakimiyyətinin memarı Vadim Surxayov isə bundan öncə AzadlıqRadiosuna bildirdi ki, sakinlər qiymətdən narazıdırlarsa, haqsızdırlar. 750-1000 manat civarında kompensasiyanın verilməsi Nazirlər Kabinetinin qərarı ilə komissiya tərəfindən müəyyənləşdirilib, bazar qiyməti nəzərə alınmaqla:

– Bu evlərin əksəriyyəti gecəqondudur, 20 il yaşasalar da, heç bir sənədləri yoxdur.

– Sənədi olanlarla sənədi olmayanlar arasında fərq qoyulacaqmı?

- Komissiya buna görə yaradılıb, hər şey araşdırılacaq.

- Verilən məbləğ arasında fərq olacaq?

- Bu məbləğdən niyə yapışmısız e. Kim olsa, daha çox pul istər də. Amma istəklə reallıq üst-üstə düşmür axı.

Vadim Surxayov sakinlərin onlara 10 gün vaxt verilməsi ilə bağlı deyilənləri də yalanlayır. Deyir ki, yalnız razılaşma əldə olunandan və kompensasiya veriləndən sonra sakinlərdən tələb olunacaq ki, 20 gün ərzində evlərini tərk etsinlər. Hələliksə ortalıqda heç bir razılaşma yoxdur.
XS
SM
MD
LG