Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 09:27

Azərbaycan əsgərinin cərəyan vurmasından öldüyü deyilir


Azərbaycan əsgəri
Azərbaycan əsgəri
-

İyunun 19-da Qazax rayonundakı N saylı hərbi hissədə xidmət edən əsgər Anar Səmədov vəfat edib. Əsgərin ölümünə cərəyan vurmasının səbəb olduğu deyilir.

Bu haqda AzadlıqRadiosuna əsgərin əmisi Elman Səmədov məlumat verib:

«Dünən atasına xəbər veriblər ki, oğlunu cərəyan vurub öldürüb. Hərbi hissədən deyirlər ki, guya çayda cərəyanla balıq vururmuş. Əsgərin əlində cərəyan nə gəzirmiş? Əsgər niyə baxımsızlıqdan ölməlidir? Oradakı zabit heyətini ittiham edirəm, niyə? Hər gün əsgər ölür, bu nə deməkdir?».

Vəfat etmiş əsgərin yaxınları hüquq-mühafizə orqanlarından araşdırma tələb edəcəklərini bildirir.

19 yaşlı əsgər Anar Səmədov keçən ilin oktyabrında hərbi xidmətə yollanıb. O, iyunun 20-də doğulduğu Neftçala rayonunun Xolqarabucaq kəndində dəfn olunub.

Müdafiə Nazirliyinin mətbuat xidməti əsgərin ölümünü təsdiqləyib.

Nazirliyin mətbuat xidmətinin əməkdaşı Teymur Abdullayev AzadlıqRadiosuna bildirib ki, əsgər Anar Səmədov cərəyan vurmasından ölüb. Ölümün səbəbləri araşdırılır.

Müstəqil qurumların hesablamalarına görə, 2013-cü ildə Azərbaycan ordusu 49 nəfər itki verib. Onlardan 8-i döyüş, 41-i qeyri-döyüş şəraitində həlak olub.

Hərbi Prokurorluq indiyədək əsgər ölümlərinə görə həbs olunub-cəzalandırılanların statistikasını açıqlamır və belə bilgilərin gizli saxlanmalı olduğunu bildirir.
XS
SM
MD
LG