Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 04:57

Dörd ayda 31 hərbçi həlak olub


Foto: Arxiv
Foto: Arxiv
-
Azərbaycan Ordusunun əsgəri hərbçi yoldaşını qətlə yetirib. Müstəqil qurumların hesablamalarına görə, bu, 2013-cü ilin dörd ayı boyunca ölən 31-ci hərbçidir. Müdafiə Nazirliyi sonuncu ölüm faktını təsdiqləyir, amma statistikaya etiraz edir. MN-in sözçüsü Teymur Abdullayev bütün ölən hərbçilərin nazirliyin ayağına yazılmasına görə medianı qınayır.

«Mətbuat başı çıxdı-çıxmadı, yazır. Digər qoşun növləri ilə Müdafiə Nazirliyini qatıb-qatışdırıblar. Biz digər qoşun növlərinin yerinə cavab verə bilmərik» – nazirliyin sözçüsü Teymur Abdullayev belə deyir.

KAMRAN MƏMMƏDOV 31-Cİ ƏSGƏRDİR

Son əsgər ölümü aprelin 24-ü axşam saatlarında Müdafiə Nazirliyinin «N» saylı hərbi hissəsində baş verib.

Dünya ordularının döyüşdənkənar itkisi

Dünya ordularının döyüşdənkənar itkisi

Türkiyə Müdafiə Nazirliyinin məlumatına görə, 2010-cu ilin yanvarından 2012-ci ilin iyulunadək bu ölkənin ordusunda 252 qeyri-döyüş itkisi olub. 175 hərbçi intihar edib. İntihar edənlərin sayı - 80 (2010), 65 (2011) 69 (2012).

2002-2013-cü illər boyunca bütövlükdə 983 hərbçi intihar edib. Türkiyə ordusunun sayı azı 700 min nəfərdir.

ABŞ Müdafiə Nazirliyinin məlumatına görə, 2011-ci ildə ABŞ ordusunda 800-dən çox qeyri-döyüş itkisi olub. Onlardan 309-u qəzada ölüb, 301 hərbçi intihar edib, 24 hərbçi qətlə yetirilib, 182 hərbçi xəstəlikdən keçinib. Amerika ordusunun sayı 1 milyon 130 min nəfərdir.

2008-ci ildən Rusiya Müdafiə Nazirliyi orduda itkilər barədə məlumatları məxfi saxlayır. Rusiya Baş Prokurorluğunun məlumatına dayansaq, ölkənin ordusunda qeyri-döyüş itkiləri illər üzrə belədir: 470 (2009), 478 (2010), 350 (2012)
Əsgər yoldaşı tərəfindən bıçaqlanan Kamran Məmmədov aldığı xəsarətdən keçinib.

Hərbi Prokurorluğun yaydığı məlumata görə, Cinayət Məcəlləsinin «qəsdən adamöldürmə» (120.1-ci) maddəsi ilə cinayət işi başlanıb və hadisəni törətməkdə şübhəli bilinən əsgər tutulub.

ÖLÜM STATİSTİKASI

Son 10 ilin əsgər ölümləri statistikasını hazırlayan Jurnalistlərin «Doktrina» Hərbi Araşdırmalar Mərkəzinin rəhbəri Cəsur Sümərinli AzadlıqRadiosuna bildirib ki, ötən ilin dörd ayı ilə müqayisədə bu il müdafiə və təhlükəsizlik qüvvələrinin itkisi daha çox olub:

«Bu ilin dörd ayı ərzində 31 hərbçi ölüb, 33-ü yaralanıb. 2012-ci ilin dörd ayı boyunca 23 ölüm faktı qeydə alınıb. Bu il 31 hərbçi ölüb. Onlardan 26-sı Müdafiə Nazirliyinin, hərəyə biri – Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti və Fövqəladə Hallar Nazirliyinin (Naxçıvan FHN-in), ikisi – Daxili Qoşunların hərbi qulluqçularıdır. Ölən 31 nəfərin yalnız 5-i döyüş şəraitində həyatını itirib. Qalan 26 itki dinc şəraitdə baş verib».

«ÖLƏNLƏRİN HAMISI KASIB AİLƏLƏRDƏNDİR»

Mərkəz rəhbəri əsgər ölümünün çoxalmasını ilbəil artan hərbi xərclərin hərbçilərin sosial yaşamında hiss olunmaması ilə izah edir və bunu başlıca səbəb sayır.
Cəsur Sümərinli
Cəsur Sümərinli
Orduda baş verən digər problemlər, onun fikrincə, yarıtmaz idarəçilikdən qaynaqlanır. Cəsur Sümərinli ölən əsgərlərin sosial kimliyinə də toxunur:

«Biz ordu ilə bağlı araşdırmaları 11-ci ildir aparırıq. İndiyədək vəzifəli şəxsin övladının dinc şəraitdə ölməsi faktına rast gəlməmişik. Yalnız general Lənkəran Əliyevin qardaşıoğlu bir-neçə il əvvəl cəbhədə qarşı tərəfin açdığı atəşlə öldürülmüşdü. Ölən əsgərlərin doğmalarının mediaya müsahibələrindən və onların görüntülərindən aydın bilinir ki, hamısı kasıb ailələrdir».

Əsgər ölümü ilə bağlı cəzalara gəlincə, mərkəz rəhbəri ciddi bir iş görülmədiyini düşünür:

«Deyirlər, əsgər ölüb. Filan maddə ilə cinayət işi aşılıb və bundan sonra hər hansı məlumat verilmir. Məhkəmələr də qapalı keçirilir».

«ƏSGƏR ÖLÜMÜ ƏN PEŞƏKAR ORDULARDA OLUB VƏ OLACAQ»

Ordunun Dostları Klubunun rəhbəri Emin Həsənli dünyanın ən peşəkar ordularında da əsgər itkilərini qaçılmaz sayır. O, Milli Ordudakı itki çoxluğunu hərbçilərin döyüş mövqeyində yerləşməsinə bağlayır:

«Biz dünyanın bütün orduları barədə təhlillər aparırıq. Ən müasir ordu sayılan ABŞ və Türkiyə ordularında da bənzər hallar olur. Əsgər ölümü ən peşəkar ordularda olub və olacaq. Bunun qarşısını almaq mümkün deyil. Ölümləri minimuma endirmək olar. Bunun üçün Azərbaycan ordusunda da işlər aparılır, addımlar atılır.
Emin Həsənli
Emin Həsənli
Bizim ordu döyüş mövqeyində yerləşir. Qazaxdan Naxçıvanadək öz ərazimizi ordumuzun hesabına qoruyuruq».

ƏSGƏR ÖLÜMÜNDƏ «QARA ZOLAQ» MƏSƏLƏSİ

Emin Həsənli hər gün baş verən əsgər ölümünü həm də qəzavü-qədər – tale qəzası sayır:

«Qara zolaq deyilən bir məsələ var, görürsən ki, hadisələr bir-birinin ardınca baş verir. Hərdən yol-hərəkət qəzalarının da artdığı aylar olur. Hər sahədə nöqsan-çatışmazlıq olduğu kimi, hərbi sahədə də oxşar problemlər yaşanır. Ötən il Ermənistan ordusunda 109 itki olub. Onlar bunun 67-ni Qarabağdakı silahlı qüvvələrə, 42-ni Ermənistan ordusuna yazırlar. Cəmiyyətdə belə bir fikir var ki, guya, ordudakı əsgər ölümü ilə bağlı hər hansı tədbir görülmür, cəzasızlıq var. Amma belə deyil, hər hadisə ilə bağlı cinayət işi açılır, araşdırma aparılır. Günahı olanlar cəzalandırılır, vəzifəsi aşağı salınır, həbs edilir».

Emin Həsənli, yeri gəldi gəlmədi, ordunun tənqidə tutulmasına etiraz edir. Deyir ki, ordu sevilərək tənqid olunmalıdır.

Hərbi Prokurorluq indiyədək baş verən əsgər ölümlərinə görə həbs olunub-cəzalandırılanların statistikasını açıqlamır və belə bilgilərin gizli saxlanmalı olduğunu bildirir.
XS
SM
MD
LG