Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 13:09

İmişlidə örüş mübahisəsi həll edildi


Azerbaijan - cows - 16May2013
Azerbaijan - cows - 16May2013
-

İmişlidəki mübahisəli örüş sahəsi ilə bağlı narazılıq aradan qaldırılıb. Bunu AzadlıqRadiosuna problemlə üzləşən sakinlərdən Əlisiyavər Zərbəliyev deyib.

Dediyinə görə, ötən gün mübahisəli ərazidə keçirilən görüşdə icra hakimiyyəti, bələdiyyə, polis və torpaq şöbəsinin nümayəndələri iştirak ediblər.

Müzakirələrdən sonra İmişli bələdiyyəsinin örüş yerinin başqa şəxslərin icarəsinə verilməsi barədə qərarları ləğv edilib və icarədarlara ərazidəki otun biçilib-daşınması üçün möhlət verilib.

İmişli Rayon İcra Hakimiyyətinin aqrar məsələlər şöbəsinin əməkdaşı Rasim Şükürov deyilənləri təsdiqləyib:

«Torpağın sahibi bələdiyyədir. Bununla belə, bütün əlaqədar təşkilatlardan nümayəndə göndərildi ki, sakinlərə torpaqdan istifadə, onun üzərində hüquqları hərtərəfli izah olunsun».

İmişli bələdiyyəsinin sədri Fərman Vəliyev isə bu barədə danışmaqdan imtina edib.

Mayın 10-da İmişli şəhərinin «Depo» məhəlləsinin bir qrup sakini şəxsi mal-qaraları ilə birgə rayon icra hakimiyyətinə doğru yürüş edib. Onlar bu yolla üzləşdikləri problemə rayon rəhbərliyinin diqqətini çəkmək istəyiblər.

Həmin gün Daxili İşlər nazirliyinin məlumatına görə, 7 nəfər saxlanılıb. Beş nəfər xəbərdarlıqdan, iki nəfər isə 200 manat cərimə olunduqdan sonra sərbəst buraxılıb.
XS
SM
MD
LG