Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:23
-
«QÜTB TV» KİMƏ, NEÇƏYƏ SATILIB?

1 mart Quba hadisələrində regional televiziya olan «Xəyal TV»nin iki əməkdaşının həbsi həmin bölgənin mediasını bir müddət gündəmdə saxladı. Təqribən bir il əvvələ qədər Qubanın ən baxımlı regional telekanalı sayılan «Xəyal TV»nin indi quru adının qaldığı söylənir. Ancaq bu bölgədə başqa bir televiziya da var ki, ətrafında mübahisələr bitib-tükənmir. Bu, hüquqi ünvanı Qubada, fəaliyyəti isə Xaçmazda olan «Qütb» Teleradio Şirkətidir. İndi həmin televiziyanın keçmiş təsisçisi statusunda danışan Mahir Orucov deyir ki, 3 ilə yaxındır «Qütb»ün təsisçiliyini onun əlindən fitnə-fəsadla alıblar. Təxminən o qədər də müddətdir ki, televiziyanın hazırkı təsisçisinin kimliyini araşdırıb bir yerə çıxara bilmir. Mahir Orucov özündən sonrakı təsisçini axtarmasının səbəblərindən danışır:

«Təsisçini bu günə kimi axtarıb tapa bilmirəm deyim ki, ay təsisçi, sən bir TV-yə görə 19 il əziyyət çəkib sonra onu qəpik-quruşa sata bilərdin? Onda mənə niyə istədiyim məbləği vermirsən?».

«HEYDƏR ƏLİYEV FONDUNUN ADINDAN İSTİFADƏ ETDİLƏR»

Mahir Orucov deyir ki, 2010-cu ildə «Regional TV»nin icraçı direktoru Məsim Məsimovun təklifi və iştirakı ilə «Qütb»ü tanımadığı bir şəxsə satıb. Ona razılaşdıqları məbləğin bir hissəsini veriblər. Danışığa görə, sənədləşmə başa çatandan sonra verilməli olan pulun qalan hissəsi isə Mahir Orucova hələ də gəlib çatmayıb:

«Yarımçıq ödənildi. Xırda bir məbləğ idi, yalnız şirkətin borclarını ödəyə bildim. Ancaq sonra xəbər tutdum ki, mənə böyük bir məbləğə qol çəkdiriblər. Heydər Əliyev Fondunun adından istifadə etdilər. Guya TV-ni həmin fond alır deyə, təsisçinin kimliyi gizli saxlanılır. Sonradan bildim ki, sənəddə göstərilən məbləğ real ödəniləndən daha iri məbləğ olub. Alqı-satqı zamanı o məbləğ bank hesabına keçirilməli idi, mən də hesabdan çıxarmalıydım. Ancaq köçürmədilər, kiçik bir məbləği birbaşa özümə verdilər. Dedilər bir hissəsini də sonra verərik. Sonra da hər şey ört-basdır olundu. 3 ildir sənədi ala bilmirəm».

Söhbət «Qütb»ün alqı-satqı müqaviləsindən gedir. Mahir Orucov deyir ki, Xaçmaz rayon 1 saylı Notariat Kontorunun xüsusi notariusu Firdovsi Məmmədov 3 ildir ki, bu müqaviləni ona vermir. Bu səbəbdən də hüquqlarını məhkəmə müstəvisinə çıxarmaq müşkülə dönüb:

«Müraciət etmişəm, vermirlər. Ədliyyə Nazirliyinə neçə dəfə məktub yazmışam. Cavab vermirlər. Firdovsi Məmmədov deyir ki, sənədin əslini almısan, ikinci dəfə verə bilmərəm. Lap tutaq ki, almışam və itirmişəm, dublikat verməlidir, vermir. Deyir, «Qütb TV»nin indiki təsisçisi tapşırıb ki, sənə sənəd verməyim».

Məsim Məsimov

Məsim Məsimov

TV SATILANDA BORCU XİRTDƏKDƏN İMİŞ?

Mahir Orucov «Qütb TV»nin avadanlıqlarının Qubadakı keçmiş binasından yığışdırıldığını və TV-nin Xaçmaza köçürüldüyünü deyir. Elə biz də «Qütb»ü Xaçmazda tapdıq. İndi bu TV başqa bir TV-nin binasında yerləşir. Bu, icraçı direktoru Məsim Məsimov olan «Regional TV»dir. Mahir Orucov «Qütb»ün alqı-satqısında onu aldadanlardan birinin də Məsim Məsimov olduğunu iddia edir. RTV icraçı direktoru isə bu iddiaları əsassız sayır:

««Qütb»ün alqı-satqı məsələsində yaxından, uzaqdan heç bir əlaqəm yoxdur. Mahirin bu TV-ni hansı qiymətə, necə satdığını da bilmirəm. «Qütb»lə əlaqəm TV başqa təsisçiyə keçəndən sonra yaranıb. TV-ni alan bir sahibkar mənə bir televiziya mütəxəssisi kimi müraciət etdi ki, o TV-nin formalaşmasında yardımçı olum. «Qütb» Mahirdən alınanda çox bərbad bir vəziyyətdə idi. İki-üç işçisi vardı, heç birinin sosial hüquqları təmin olunmurdu, əmək haqları yox idi. TV birindən digərinə dövr olunarkən borclar keçmiş sahibi tərəfindən ödənilməli idi, ancaq Mahir ödəməmişdi. Radiotezliklər idarəsinə, Sosial Müdafiə Fonduna xeyli borcları qalmışdı».

«ÖZBAŞINA DEYİLƏM, HEÇ NƏ DEYƏ BİLMƏRƏM»

Məsim Məsimov deyir ki, «Qütb TV»nin işlərini qaydasına salandan sonra rəhbərlik etməyə imkanı olmadığına görə TV-nin sahibindən bu işi başqasına tapşırmağı təklif edib. Onun məsləhəti ilə TV-nin icraçı direktoru vəzifəsinə Rəşad İsayev adlı şəxs təyin olunub:

«Rəşad İsayevi xeyli müddətdir icraçı direktor təyin ediblər. Bu yaxınlarda mənə müraciət etdi ki, maliyyə imkanları olmadığına görə bizimlə eyni binada fəaliyyət göstərmək istəyir. Razılaşdıq, aramızda müqavilə imzalandı, bir neçə gündür ki, «Qütb TV» bizimlə eyni otaqdan yayımlanır».

Məsim Məsimov «Qütb»ün hazırkı təsisçinin adını açıqlamasa da, həmin sahibkarın Heydər Əliyev Fondu ilə bağlılığını təkzib edir:

«Qütb TV»nin 2010-cu ildə baş tutmuş alqı-satqısı müqaviləsi onun keçmiş sahibinə niyə verilmir? Foto: Arxiv

Foto: Arxiv

Bu suala cavab almaq üçün Xaçmaz rayon 1 saylı Notariat Kontorunun xüsusi notariusu Firdovsi Məmmədovla işlədiyi idarədə üç dəfə görüşdük. Hər dəfə də daş atıb başını tutdu ki, «özbaşına deyiləm, heç nə deyə bilmərəm».

İCRAÇI DİREKTOR TƏSİSÇİNİ TANIMIR?

Bəs «Qütb TV»nin hazırkı icraçı direktoru Rəşad İsayev nə deyir? Ona ilk sualımız TV-nin ünvanı ilə bağlı oldu:

- TV-nin hüquqi ünvanı Qubadadır, ancaq Xaçmazda yerləşir. Bu nə dərəcədə qanunidir?

- Məni TV-yə lap bu günlərdə rəhbər seçiblər. Xaçmazda müvəqqəti icarədəyik. İşləri qaydasına salandan, maliyyə imkanlarımız yaxşılaşandan sonra Qubaya qayıdıb fəaliyyətimizi orda davam etdirəcəyik.

-TV-nin indiki təsisçisi kimdir?

- Mahir Orucov televiziyanı kimə satdığını özü yaxşı bilir. Ondan soruşun, desin. Mən bilmirəm.

- Bəs sizi TV-yə kim rəhbər seçib?

​- Yenə deyirəm ki, Mahir Orucovdan soruşun.

- Ancaq televiziya artıq Mahir Orucovun deyil. İcraçı direktor siz olduğunuza görə, sualı sizə ünvanlamaq məcburiyyətindəyik.

- Bilmirəm. Mən bu işi müvəqqəti icra edirəm.

- Mahir Orucov iddia edir ki, televiziyanın alqı-satqısında Heydər Əliyev Fondunun adından istifadə olunub.

Namizəd Səfərov

Namizəd Səfərov

- Təsisçinin Heydər Əliyev Fondu ilə heç bir əlaqəsi yoxdur.

- Ancaq indicə dediniz ki, təsisçini tanımırsınız. Həmin sahibkarın Fondla əlaqəsinin olub-olmadığını haradan bilirsiniz?

- Bir daha deyirəm ki, Mahir Orucov özü hər şeyi yaxşı bilir, təsisçini də yaxşı tanıyır.

Onu da qeyd edək ki, Rəşad İsayev elə RTV-nin icraçı direktoru Məsim Məsimovun müavini olub.

ƏLAC VAR...

Hüquqşünas Namizəd Səfərov isə Mahir Orucova məsləhət görür ki, bu günədək notariat kontora yazdığı rəsmi məktublara cavab almamış da məhkəməyə müraciət edə bilər. Göndərdiyi məktubların qəbzlərini şikayət ərizəsinə əlavə etməklə. Mahir Orucov bu yolla alqı-satqı müqaviləsini əldə edə və bu sənədin əsasında da adını çəkdiyi şəxslərə qarşı sonrakı məhkəmə iddialarını qaldıra bilər.

Şərhləri göstər

XS
SM
MD
LG