Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 10:25

İctimai Palata tənqidi mediaya yardım istədi


Əli Kərimli
Əli Kərimli
-
Aprelin 17-də İctimai Palata «Azadlıq» və «Yeni Müsavat» qəzetlərinə olan cərimələrlə bağlı müzakirə apardı. Qurum üzvləri çətin duruma düşən qəzetləri xilas etmək üçün ən müxtəlif təkliflər verdilər. Burda kütləvi aksiyaların keçirilməsindən tutmuş, manat aksiyası başlatmağa, beynəlxalq qurumlara üz tutmağa, hətta hakimiyyətin dəyişdirilməsinə qədər çeşidli təkliflər vardı.

«YETKİNLİYİMİZ ÇATMIRMI?»

AXCP sədri Əli Kərimli Azərbaycan ictimaiyyətinə üz tutaraq kömək istədi:

«Azərbaycanda azad mətbuatın mövcudluğu yalnız bu qəzetlərin arzusu və problemi deyil. Hakimiyyət istəyir ki, bu qəzetləri iqtisadi bəhanələrlə susdursun, Azərbaycan ictimaiyyətinin nə müəmmalı əsgər ölümündən, nə sosial səbəblərdən baş verən intiharlardan, nə polisdə, həbsxanada işgəncə nəticəsində ölənlərdən, nə də dövlət başçısına, ailəsinə, məmurlara aid ofşor şirkətlərdən xəbəri olsun. Məqsədyönlü siyasət aparılır. Bu, bir çağırışdır cəmiyyətimizə. Bizim yetkinliyimiz çatmırmı ki, azad mətbuatı qoruyub saxlayaq?».

«62 MİN MANATLIQ CƏRİMƏNİ ÖDƏMƏK ÜÇÜN BİR İL PULSUZ İŞLƏMƏLİYİK»

«Azadlıq» qəzeti baş redaktorunun birinci müavini Rahim Hacılı dedi ki, artıq qəzetin hesabına həbs qoyulub, bununla da qəzetin vəziyyəti bir az da pisləşib. Başqa problem odur ki, «Qasid» firmasının qəzetə borcu 40 min manatı ötsə də, pullarını ala bilmirlər:

«Məndən tez-tez soruşurlar nə edəcəksiniz? Çətindir demək. Bir ildən artıqdır ki, dəhşətli mübarizə gedir. Biz 62 min manat cərimələnmişik. Biz bir il pulsuz işləməliyik ki, bu 62 min manatı ödəyə bilək. Amma onlar buna da imkan vermək istəmirlər. Bu gün - sabah gəlib avadanlığımızı apara bilərlər. Tələsirlər bizi sıradan çıxarmağa».

«YENİ MÜSAVAT»A 2 MİLYON 950 MİN MANATLIQ İDDİA VAR

«Yeni Müsavat» qəzetinin baş redaktoru Rauf Arifoğlu qəzetin ən çətin günlərini yaşadığını söylədi:
İctimai Palatanın sessiyası - 17 aprel 2013
İctimai Palatanın sessiyası - 17 aprel 2013

«Üzərimizdə 12 məhkəmə işi var. Bunların əsasında 2 milyon 950 min manat üzərimizə məhkəmə iddiası qoyulub. Başa çatan 4 məhkəmə qərarına görə, 55 min 500 manat ödənməlidir və qərarlar icraya yönəldilib. Böyük ehtimalla, «Azadlıq» qəzetinə qoyulduğu kimi, «Yeni Müsavat»ın da hesabına həbs qoyulacaq. Cəmiyyətə, beynəlxalq təşkilatlara, müxalifətə, dostlara güvənirik».

İŞADAMLARINA MÜRACİƏT

Daha sonra İctimai Palata üzvləri öz təkliflərini səsləndirdilər. AXCP sədrinin müavini Nurəddin Məmmədli qəzetlərə yardım üçün hesab açılmasını təklif etdi. Amma məlum oldu ki, bu məsələdə ehtiyatlı davranmaq lazımdır, çünki rəsmi qurumlar həmin hesablara da əl qoya bilər.

Xalq Partiyasının sədri Pənah Hüseyn qəzetlərə basqıların dayandırılmasını tələb etmək üçün icazəli mitinq keçirmək təklifini səsləndirdi.

İslam Partiyasının sədr müavini Rövşən Əhmədov kütləvi aksiyalarda cərimələnənlərə yardım üçün keçirilən qəpik aksiyasını manat aksiyasına çevirmək təklifini irəli sürdü.

Müsavat başqanı İsa Qəmbər təklifləri ümumiləşdirməkdən ötrü işçi qrup yaratmağı vacib saydı. Onun fikrincə, həm hakimiyyətə, həm ictimaiyyətə, həm də beynəlxalq qurumlara müraciət edilməlidir:
İsa Qəmbər
İsa Qəmbər

«Bir daha hakimiyyətə xatırlatmaq lazımdır ki, yanlış yoldadır. Media ilə bağlı təşkilatlara, QHT-lərə müraciət edilməlidir. Növbəti müraciət işadamlarına olmalıdır, indiyədək olan müraciətləri nəzərə almasalar da. Milyarderlər öz yerində, 50-60 min manatı orta işadamları da verə bilərlər. Orta və kiçik işadamları bilməlidirlər ki, onların mövcudluğu demokratik düşərgənin, qəzetlərin olmasına bağlıdır».

İSA QƏMBƏR BEYNƏLXALQ QURUMLARI QINADI

Onun dediyinə görə, ölkənin iki aparıcı qəzeti bağlanmaq ərəfəsindədir, amma beynəlxalq qurumlar onlara kömək haqda düşünmürlər:

«Onların bu məsələni həll etmək üçün min bir imkanı var, konkret hərəkətə keçməlidirlər. Əks-halda, demokratik düşərgə beynəlxalq qurumlarla münasibətimə yenidən baxa bilər».

Əli Kərimli bu tədbirin özünün xalqa müraciət olduğunu söylədi və əlavə etdi ki, hər kəs elə bu gündən gücü çatan yardımı göstərə bilər.

BƏS ELEKTRON KİV NİYƏ UNUDULUR?
Qulu Məhərrəmli
Qulu Məhərrəmli

Teletənqidçi Qulu Məhərrəmli deyir ki, söz azadlığının pisləşməsinə reaksiya verilməsi çox yaxşıdır. Onun fikrincə, bu gün gerçəyi nisbətən doğru-dürüst işıqlandıran adıçəkilən qəzetlərdir. Buna görə də onlara basqı var. Teletənqidçiyə görə, İctimai Palata da bu üzdən baş verənlərə reaksiya verir və bu təqdir olunmalıdır:

«Bəs nəyə görə, İctimai Palata elektron KİV-lə bağlı müzakirələr aparmır» sualını Qulu Məhərrəmli belə cavablandırdı:

«Bizim cəmiyyət əlini ümumiyyətlə telekanallardan üzüb. Onlar güman edirlər ki, belə müzakirələrin faydası, effekti yoxdur. Qəzetlərlə bağlı etirazlar nəyəsə təsir edir, ölkə rəhbərliyinə edilən müraciətlər bəzən nəticə verir. Amma televiziyalarla, elektron KİV-lə bağlı bu cür müzakirə aparılmır. Məsələn, nəyə görə İctimai Televiziya cəmiyyəti ifadə etmir və ya dövlət televiziyasına külli miqdarda dövlət büdcəsindən vəsait ayrılır, amma o da cəmiyyəti ifadə etmir?».

Azərbaycan hakimiyyəti dəfələrlə bəyan edib ki, ölkədə söz, mətbuat azadlığı təmin olunub, qəzetlərin müstəqil fəaliyyəti üçün heç bir məhdudiyyət yoxdur.
XS
SM
MD
LG